AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos” ASC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənədi Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə və “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov imzalayıblar.
Sənəddə Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin geologiya və geofizika sahəsində tətbiq imkanlarının genişləndirilməsi məqsədilə reallaşacaq tədbirlər barədə razılığı ehtiva edən maddələr yer alır. Sənəddə razılaşmadan konkret məqsəd, tərəflərin fəaliyyət istiqamətləri, əməkdaşlığın təşkili və birgə tədbirlər, tərəflərin hüquq və vəzifələri, maliyyə mənbələri və digər aspektlər göstərilir.
Belə ki, Coğrafi İnformasiya Sistemləri və peyk məlumatlarından istifadə etməklə ölkə ərazisində seysmik riskin qiymətləndirilməsinin birgə həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılması məqdsədilə məsafədən müşahidə texnologiyaları tətbiq edilməklə birgə tədqiqatın həyata keçirilməsi, peyk təsvirləri və geoloji məlumatlar əsasında sürüşmə areallarının qiymətləndirilməsinin aparılması və risk xəritəsinin hazırlanması, Xəzərin və Xəzəryani ərazilərin geosistem və ekosistemlərinin peyk vasitələri ilə tədqiqi və ölkə üçün zəruri əhəmiyyət daşıyan digər işlərin birgə aparılması nəzərdə tutulur.
Tərəflər öz işlərinə ictimai təşkilatları, universitetləri, qeyri-hökumət təşkilatlarını və memorandumun maddələrində ehtiva edilmiş sahələr üzrə böyük təcrübəyə malik olan beynəlxalq təşkilatları cəlb edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.