Azərbaycanın Moldovadakı səfirliyinə Moldova Elmlər Akademiyasının (EA) prezidentindən ilk dəfə olaraq Bakıda keçirilən 47-ci Beynəlxalq kimya olimpiadasının iştirakçılarına təbrik məktubu daxil olub.
Moldova EA-nın prezidenti, akademik George Duka məktubda məmnunluqla bildirib ki, 47-ci Beynəlxalq kimya olimpiadasının Azərbaycanda, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında keçirilməsi haqqında qərar 2012-ci ildə Vaşinqtonda təşkil olunan 44-cü Beynəlxalq kimya olimpiadasının münsiflər heyəti tərəfindən qəbul edilib. O, həmçinin qeyd edib ki, 2014-cü ildə Vyetnamın paytaxtı Hanoy şəhərində 46-cı Beynəlxalq kimya olimpiadasının bağlanışı mərasimində müsabiqənin bayrağı 47-ci olimpiadanın təşkilatçısına – MDU-nun Bakı filialına verilib və Rusiyadan sonra Azərbaycan MDB məkanında Beynəlxalq kimya olimpiadası keçirən ikinci ölkədir.
Məktubda MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın xidmətləri də xüsusi vurğulanıb.
Akademik G.Duka belə genişmiqyaslı tədbirin hazırlanması və keçirilməsi sahəsində böyük təşkilatçılıq fəaliyyətinə görə AMEA-nın müxbir üzvü Nərgiz Paşayevaya Moldova EA adından səmimi minnətdarlığını bildirib və onun Moldova EA-nın diplomu ilə təltif olunduğunu qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir