Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.01.2023 09:08
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin fevralı

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin fevralı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

2 fevral - Prezident Heydər Əliyev Azərbaycan Gənclərinin I Forumunda nitq söylədi.

5 fevral - İran İslam İnqilabının 17-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış etdi.

6 fevral - Avropa Birliyi Komissiyası Baş Direktorluğunun Zaqafqaziya və Orta Asiya respublikaları üzrə departamentinin rəhbəri Fokian Fotiadisi qəbul etdi.

7 fevral - İngiltərənin MTV teleşirkətinin vitse-prezidenti və meneceri ilə görüşdü.

9 fevral - Sərhəd qoşunlarının fəaliyyəti ilə bağlı müşavirə keçirdi.

10 fevral -Rusiyanın “Tam məxfi” televiziya proqramına müsahibə verdi.

12 fevral - ABŞ Dövlət Departamentinin nümayəndə heyətini qəbul etdi.

13 fevral - ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçlə görüşdü.

14 fevral - Rusiya Federal Sərhəd Xidmətinin direktoru Andrey Nikolayevlə görüşdü.

15 fevral - Həştərxan televiziyası müxbirinin suallarını cavablandırdı.

Azərbaycanla Estoniya arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində iştirak etdi.

16 fevral - Azərbaycanda çıxarılacaq ilkin neftin nəqlinə dair sənədlərin imzalanması mərasimində çıxış etdi.

17 fevral - Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.

Azərbaycan Televiziyasının 40 illiyi münasibətilə televiziyanın bir qrup əməkdaşı ilə görüşdü, yubiley tədbirində nitq söylədi.

20 fevral - Kalmıkiya Respublikasının Prezidenti Kirsan İlyumjinovla görüşdü.

22 fevral - “Mir” televiziya proqramına müsahibə verdi.

24 fevral - Xocalı soyqırımının 4-cü ildönümü ilə əlaqədar xalqa müraciət etdi, Xocalı sakinlərinin bir qrupu ilə görüşdü.

26 fevral - ATƏT-in Minsk qrupunda ABŞ-ın səlahiyyətli nümayəndəsi Cozef Presseli qəbul etdi.

27 fevral - “Xalq sənəti və özünəməşğulluq” I Respublika sərgi-yarmarkasının açılışında çıxış etdi.

Bakıda Rusiya Federasiyası səfirliyi kompleksinin təməlqoyma mərasimində çıxış etdi.

29 fevral - ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Flavio Kotti ilə görüşdü.

Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman önəmli yer tuturdu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasına böyük diqqət yetirirdi.

1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Forumda çıxış edən Heydər Əliyev ölkə gənclərinin qarşısında duran vəzifələri müəyyənləşdirdi, gələcəyimiz olan gənclərlə bağlı fikirlərini, onlardan gözləntilərini dilə gətirdi, tövsiyələrini verdi. Forumda səslənən təkliflərə münasibət bildirən Ümummilli Lider gənclərə diqqətin artırılması və onların probleminin həll olunması üçün dövlət və hakimiyyət orqanlarına müvafiq tapşırıqlar verdi. Qeyd etdi ki, gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına, yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.

Sitat: “Konstitusiyanın maddələrini, xüsusən vətəndaşların vəzifələrinə aid olan, vətəndaşların hüquqlarına aid olan maddələrini vətəndaş bilməlidir, bizim gənc vətəndaş bilməlidir və ona riayət etməlidir. Güman edirəm ki, bu vəzifələri siz özünüzün ümdə vəzifələriniz kimi qəbul etməlisiniz. Bir sözlə, əsas vəzifəmiz Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır”.

Azərbaycanın öz qonşuları, o cümlədən İranla münasibətlərinin inkişafı Heydər Əliyevin xarici siyasətində mühüm yer tuturdu. 1996-cı il fevralın 3-də İran İslam inqilabının 17-ci ildönümü münasibətilə “Gülüstan” sarayında təşkil olunan tədbirdə çıxış edən Ulu Öndər bununla bağlı fikirlərini açıqladı. Vurğuladı ki, İranda çoxsaylı soydaşlarımızın yaşaması nəzərə alınaraq, münasibətlər inkişaf etdirilməlidir.

Sitat: “Bizi İranla bağlı hər şey maraqlandırır – onun həm qədim mədəniyyəti, tarixi abidələri, böyük ədəbi, mədəni irsi və bizim bir-birinə bənzəyən, yaxud eyni olan adət və ənənələrimiz maraqlandırır. Bundan əlavə, İranda azərbaycanlılar da yaşayır. Onlar İranın vətəndaşlarıdır, onun xalqının bir hissəsidir, eyni zamanda azərbaycanlı kimi bizim soydaşlarımızdır, biz də onların soydaşlarıyıq. Bunlar hamısı ölkələrimizin bir-birinə daim dost, qardaş olmasının əsasını yaradıbdır və bizim də borcumuz bunları inkişaf etdirməkdən ibarətdir”.

Digər qonşumuz olan Rusiya ilə münasibətlərə gəlincə, Ulu Öndər hesab edirdi ki, Azərbaycanın siyasəti bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr qurmağa yönəlib. İlk növbədə isə yaxın qonşu dövlətlərlə münasibətləri, əlaqələri nizama salmaq lazım idi. Fevralın 14-də Rusiya Federal Sərhəd Xidmətinin direktoru Andrey Nikolayevlə görüşdən sonra mətbuata bəyanatında Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında dostluq və sıx əməkdaşlıq münasibətlərinin mövcudluğunu diqqətə çatdıraraq, son illərdə bu sahədə vəziyyətin istənilən səviyyədə olmadığını da vurğuladı: “Şübhəsiz, müəyyən obyektiv səbəblər olub və bunları aradan qaldırmalı idik və qaldırırıq. Başlıcası isə budur ki, ölkələrimiz arasında səmimi dostluq münasibətləri, qarşılıqlı anlaşma və bütün istiqamətlərdə, o cümlədən sərhəd xidməti sahəsində fəal əməkdaşlıq etmək istəyi var”.

Ümummilli Lider 1996-cı il fevralın 15-də Həştərxan televiziyasına müsahibəsində Azərbaycanın bütün qonşu dövlətlərlə mehriban münasibətlər qurmaq istədiyini vurğulayaraq, bu baxımdan multikulturalizmin önəminə diqqət çəkdi: “Azərbaycanın zəngin beynəlmiləlçilik ənənələri var. Burada həmişə bir çox millətlərin nümayəndələri yaşamışdır və bu gün də yaşayırlar. Biz bunu Azərbaycanın sərvəti sayırıq, bunu qiymətləndiririk və qoruyub saxlamaq istəyirik. İndi, yeni şəraitdə, Azərbaycanın müstəqil dövlət olduğu bir vaxtda biz buna böyük əhəmiyyət veririk”.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!”, -deyən Ümummilli Lider Heydər Əliyev daim vətəninin, xalqının xoş gələcəyi üçün çalışırdı. Ulu Öndərin müəyyənləşdirdiyi yeni neft strategiyası iqtisadiyyatın möhkəmlənməsi ilə yanaşı, sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmişdi. Doğrudan da, “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi artıq regional deyil, qlobal bir məsələyə çevrildi. Fevralın 16-da Azərbaycanda çıxarılacaq ilkin neftin Rusiya Federasiyasının ərazisi vasitəsilə nəqlinə dair sənədlərin imzalanması bu istiqamətdə həyata keçirilən növbəti addımlardan biri oldu.

Azərbaycan mətbuatının inkişafında və bugünkü səviyyəyə çatmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. O hesab edirdi ki, kütləvi informasiya vasitələri demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcılarıdır. Fevralın 17-də Azərbaycan Milli Televiziyasının 40 illik yubileyi münasibətilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin və rabitə işçilərinin bir qrup nümayəndəsi ilə görüşündə, eləcə də yubiley tədbirindəki çıxışında bir daha mətbuatla bağlı fikirlərini paylaşan Ulu Öndər xalqın milli oyanış, milli dirçəliş ruhunun inkişaf etdirilməsində, milli həmrəylik əhval-ruhiyyəsi formalaşmasında televiziyanın böyük rolundan danışdı.

Sitat: “Güman edirəm, müstəqil dövlətimiz nə qədər çox inkişaf edəcəksə, televiziyamız, bütün informasiya orqanlarımız da daha yüksək səviyyələrə qalxacaq və siz öz sənətinizdən, əldə etdiyiniz nailiyyətlərinizdən, zəngin təcrübənizdən daha geniş istifadə etmək üçün imkanlar tapacaqsınız”.

Azərbaycanın müasir tarixinə ən qanlı faciələrdən biri kimi yazılan Xocalı faciəsinə hüquqi-siyasi qiymət ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdi.

Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar xalqa müraciət edən Heydər Əliyev dərin kədər hissi ilə deyirdi: “Xalqımıza qarşı yeridilmiş bu məqsədyönlü soyqırımı siyasəti insanlıq və bəşəriyyət tarixində ağır bir cinayət kimi qalacaqdır. Əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı erməni qəsbkarlarının vəhşiliklərini bütün dünyaya bir daha nümayiş etdirdi. Xocalı faciəsi xalqımızı sarsıtsa da, onun dözümünü, iradəsini qıra bilmədi. Bu müsibət müqəddəs Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü, sərhədlərimizin toxunulmazlığı uğrunda mübarizədə bizi daha da mətinləşdirdi və birləşdirdi”.

Heydər Əliyev fevralın 24-də bir qrup Xocalı sakini ilə görüşdü. Xalqımızın çoxəsrlik tarixində bir çox qəhrəmanlıq nümunələri göstərdiyini, öz azadlığı uğrunda mübarizə apardığını diqqətə çatdıran Ulu Öndər zaman-zaman ermənilər tərəfindən başımıza gətirilən oyunlardan, fəlakətlərdən danışdı, xocalılara bundan sonra daha çox qayğı göstərilməli olduğunu vurğulayaraq dedi: “Şübhəsiz ki, bütün qaçqınlara, bütün şəhid ailələrinə, müharibədə şikəst olmuş bütün adamlara, müharibə əlillərinə, hamıya qayğı göstərilməlidir. Ancaq xocalıların başına gələn bəla heç kəsin başına gəlməyib və bu da nəzərə alınmalıdır”.

Heydər Əliyevin müstəqil Azərbaycan Gənclərinin Birinci Forumunda çıxışından

Heç bir qüvvə bizi bu müstəqillik yolundan çəkindirə bilməz, heç bir qüvvə Azərbaycanın dövlət müstəqilliyini əlindən ala bilməz. Biz bundan sonra daim azad, müstəqil Azərbaycanda yaşayacağıq. Buna əmin ola bilərsiniz.

Biz sülhsevər xalqıq, problemləri sülh yolu ilə həll etmək istəyirik. Ancaq, eyni zamanda, əgər bu yollar bizim respublikamızın ərazi bütövlüyünü təmin etməsə, işğal olunmuş torpaqlarımız azad olunmasa, respublikamızın dövlət sərhədləri bərpa olunmasa, biz sərəncamımızda olan bütün imkanlardan istifadə edəcəyik və etməyə qadirik ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü tamamilə təmin olunsun. Buna arxayın ola bilərsiniz.

Məlumdur ki, ordu gənclərdən ibarətdir. İndi bizim ordunun 90 faizini gənclər təşkil edir. Gənclər təşkilatının, gənclərin ən əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya xidmətə hazırlamaqdan ibarət olmalıdır. Hər bir vətəndaş çalışmalıdır ki, bizim gənc nəslimiz yaxşı tərbiyə alsın, yaxşı təhsil alsın, müasir tələblərə uyğun səviyyəyə çatsın.

Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun.

Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir.

  • Paylaş: