Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.01.2023 09:10
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Ömər Faiq Nemanzadə” adlı fotoalbomun təqdimatı olub

Tarix Muzeyində “Ömər Faiq Nemanzadə” adlı fotoalbomun təqdimatı olub

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında hazırlanmış “Ömər Faiq Nemanzadə” fotoalbomunun təqdimat mərasimi keçirilib.

Tədbirdə tədqiqatçı-alimlər, muzey əməkdaşları, KİV və müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı qonaqlara tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib. Akademik qeyd edib ki, “Milli Azərbaycan Tarixi Muzeyinin fondları hər il xalqımızın tarixinin və mədəniyyətinin müxtəlif səhifələrini əks etdirən yeni materiallarla zənginləşir. Muzeyin yeni nəşrinə daxil olan Ömər Faiq Nemanzadəyə aid fotoşəkillər dövrün tarixinin öyrənilməsi baxımından maraq kəsb edir. Bəzi şəkillərdə əhəmiyyətli tarixi hadisələr əks olunub”.

Muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov çıxışında bildirib ki, “oxucuların diqqətinə təqdim olunan nəşrdə, təkcə Ö.F.Nemanzadənin və onun ailə üzvlərinin deyil,  həmçinin Azərbaycanın ictimai həyatında, təhsil və maarifində xidmətləri olmuş bir çox insanların fotoşəkillərinə də rast gəlinir. Ömər Faiq əfəndinin ana tərəfdən qohumları olan məşhur Pepinovlar nəslinin nümayəndələrinin, eləcə də Şəfiqə xanım Əfəndizadənin, Məmmədzəki və Münirə xanım Dursunzadələrin bəzi fotoları da ilk dəfə məhz bu albomda nəşr olunub. Fotoalbomun ərsəyə gəlməsi Ömər Faiq Nemanzadənin öyrənilməsi, dövrünün tədqiqatı baxımından bir təkan oldu”.

Sonra tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov, nəticəsi Ülviyyə Pepinova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm şöbəsinin müdiri İradə Musayeva, t.ü.f.d. Kamran İsmayılov Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığı barədə ətraflı çıxış ediblər.  

Sonda qonaqlar muzeyin yeni nəşri olan “Ömər Faiq Nemanzadə” adlı fotoalbomla tanış olublar.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarovun və Ö.F.Nemanzadənin nəticəsi Ülviyyə Pepinovanın tərtibçiləri olduğu fotoalboma böyük maarifçinin varisləri tərəfindən muzeyə hədiyyə olunmuş materiallar daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: