Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları
11.01.2023 12:05
  • A-
  • A
  • A+

Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları

Birinci məqalə

Rəhim Ələsgərzadə ilə bağlı “yanlışlar” düzəldilməlidir...

Hər bir alimin, hansı sahədə çalışmasından asılı olmayaraq hər bir yaradıcı şəxsin yaşadığı dövr onun yaradıcılığına öz təsirini göstərir. Alimin, sənətkarın yaratdığı əsərdə onun təmsil etdiyi epoxanın böyük rolu danılmazdır. Bu baxımdan dövr, epoxa yaradıcı şüurun hərəkətverici qüvvəsi, başqa cür ifadə etsək nüvəsidir. Fransız maarifçisi İppolit Ten demişdir: “Əsl sənətkar odur ki, əsərinin üzərində adı yazılmadan onun dövrü, milliyyəti, ideyaları bəlli olsun” (Тен Ипполить Происхожденiе современной Францiи).

Buna çox saysız-hesabsız misallar gətirmək olar. İlk yadıma düşən, məsələn, rus in­qi­lab­çı demok­rat­larının görkəm­li nü­ma­yən­də­si F.En­gelsin “so­sia­list Les­sinq” adlan­dır­dığı, ye­ri gəl­mişkən qeyd edək ki, Les­sin­qi dün­ya­da ən çox se­vən və də­rin­dən ba­şa dü­şüb qiymətləndi­rən, onun yaradıcılığı haqqında ay­rı­ca təd­qi­qat işi yazan tən­qid­çi N.Q.Çer­nı­şe­vs­ki­nin “Nə et­mə­li?” əsər­lə­ri­ni nəzərdən keçirək. N.Q.Çernı­şevs­kinin ye­ni ruh­lu qəh­rə­man­la­rı, in­qi­la­bi-də­yiş­di­ri­ci xa­rak­ter­li ide­ya­la­rı onun dövrünə münasibəti ifadə edirdi. Böyük rus modernisti “Nə etməli” ro­ma­nının ilk sə­hi­fə­lə­ri­nin bi­rin­də ya­zır­dı: (Mah­nı­da de­yi­lir­di:) “Biz yox­sul in­san­la­rıq, la­kin zəh­mət­keş adam­la­rıq və qüv­vət­li qol­ları­mız var. Biz cə­halət için­dəyik, la­kin biz ax­maq de­yi­lik və işıq is­tə­yi­rik. Biz oxu­ya­ca­ğıq - bi­lik bi­zi azad edər, biz iş­lə­yə­cə­yik - əmək bi­zi yox­sul­luqd­an qur­ta­rar, - bu iş dü­zə­lə­cək­dir, ya­şa­ya­rıq, gö­rə­rik... Elm­siz əmə­lin sə­mə­rə­si yox­dur, baş­qa­la­rı xoş­bəxt ol­ma­dan bi­zim xoş­bəxt­li­yi­miz müm­kün de­yil. Biz maa­rif­lə­nə­cək, var­la­na­ca­ğıq, - bu iş dü­zə­lə­cək­dir ...” (Çernışevski N.Q. Nə etməli? Yeni adamlar haqqında söhbətlər. Bakı, Gənclik, 1974, səh. 89. 536 s.).

Digər bir misal, hə­min dövr­də “rus so­sia­liz­mi” prob­le­mi ilə meydanda olmuş, həyatını rus fəl­sə­fi fik­ri­ni in­ki­şa­fı işi­nə həsr et­miş A.Gert­se­nin 1848-ci il­dən öm­rü­nün so­nu­na ki­mi müha­cirət­də ya­şa­ma­sı, XIX əsr fran­sız maarifçi-ma­te­ria­list­lə­ri­nin dövrün insanın hüquq və azadlıqları, xeyir-şər, vicdan, ədalət və s. kimi əxlaq prinsiplərindən çıxış edərək XIX əsrin 60-cı il­lərində Ru­si­ya­da təhkimçilik qay­da­sı­nın ləğ­vi­nə, bur­jua is­la­ha­tı­nın müdafiəçi­si olan ideo­loq­la­ra qar­şı mü­ba­ri­zə­yə qalx­ması xarakterikdir (Quliyeva Xatirə. Azərbaycan maarifçiliyində fəlsəfi-etik məsələlər. Bakı, Elm və Təhsil-2014. səh. 58. 288 s.).

Süni intellekt sisteminin yaradıcısı, nəhəng kriptoanalitik Alan Mathison Turingin həyatına da baxsaq, bu qısa tarixcə böyük bir dövrünün xalis timsalıdır. Eləcə də dahi Turingin elmi fəaliyyəti onun dövrünün ən dolğun salnaməsidir.

Alim aid olduğu elm sahəsi üzrə tədqiq etdiyi mövzunu, yazıçı romanını və ya hər hansı janrda əsərinin ideyasını, bütövlükdə idealını dövrün ən ümdə məsələlərinə görə düşünür və elmi, eləcə də bədii yaradıcılıq üçün tələb olunan yeniliyi, novatorluğı, aktuallığı məhz dövrün xarakteri, xüsusiyyətləri təşkil edir.

Bu baxmdan Azərbaycan əsilli, dünyaşöhrətli alim Lütfi Zadənin zəngin elmi fəaliyyətini onu yetişdirən dövrü öyrənməklə qiymətləndirmək mümkündür və ya labüddür.

Əvvəlcə bu məsələyə diqqət yönəldək. Lütfi Zadənin həyatının başlanğıcı ilə sonu arasında məsafə xeyli uzundur. Yəni onun dövrü çox genişdir. Dahi alim XX əsrin 20-ci illərində, konkret olaraq 1921-ci ildə taleyin yazısı, ya dövrünün hökmü ilə valideynlərinin vətəndaşı olduğu o yandankı - Cənubi Azərbaycanda deyil, bu yandakı – Şimali Azərbaycanın paytaxtı Bakı şəhərinin Novxanı kəndində dünyaya gəlmişdir...

Hələ alimin dünyaya gəldiyi ailənin üzvlərinin də dövrü onun yetişməsində, dünyagörüşünün formalaşmasında istisna təşkil etmir. İnsan dil açana kimi, hətta ana bətnində cərəyan edən hadisələri hiss edir. Dil açarkən, yeriməyə başlayarkən əhatəsində olduğu insanların söhbətlərindən tutmuş, yaşantılarını ifadə etdikləri cümlələri belə qavrayır. Bir ağaca bənzəyən ailənin budağı mahiyyətdə olan körpənin ən yaxın insanlarının keçmişi ilə bağlı olan (tez-tez təkrarlanan) hadisələri öz təxəyyülündə cızıb, çözməsi psixoloji olaraq da təbiidir.

Belə də Lütfi Zadənin dövrü daha uzaqlardan başlayır, azı XX əsrin lap əvvəllərindən. Deməli, biz Lütfi Zadəni dərk etmək üçün onun dövrünü XX əsrin lap əvvəllərindən 2017-ci ilə kimi tədqiqata cəlb etməliyik. 1 əsr, üstəgəl 17 il.

Dövrü nələr xarakterizə edir? Əlbəttə ki, inqilablar, müharibələr, siyasi çevrilişlər, sosial-iqtisadi islahatlar hər bir dövrün, hər bir sivilizasiyanın dəyişdirici xüsusiyyətlərə malik və ən əsas məsələ, insanın dünyagörüşünü formalaşdıran hadisələrdir.

Dahi alim Lütfi Zadənin 1 əsr, üstəgəl 17 il miqyasında olan “dövründə” bu məfhumlara aid hadisələrin hər biri baş verib və hətta bir neçə dəfə baş verib. Bu baş verənlərin alimin dünyagörüşündə oynadığı rolun dərindən öyrənilib qiymətləndirilməsi bu monoqrafiyanın əsas məqsədlərindən biridir. Əgər bu məqsəd istiqamətində tədqiqatlar aparılmazsa, yeni-yeni elmi-məntiqi nəticələr alınmazsa, vikipediya “hekayələrindən” fərqli bir iş meydana çıxarıla bilməz.

Bundan başqa Lütfi Zadənin təhsil dövrü, elmi fəaliyyət dövrü, nəhəng uğurlarının dövrü və əlbəttə ki, həyat və elmi yaradıcılığının son dövrü diqqətlə tədqiq-təhlil edilərək Lütfi Zadənin fenomen xüsusiyyətləri, onu alim həmkarları və ümumiyyətlə, bütün əsrlərə aid alimlərdən fərqləndirən əsaslar, o cümlədən dahi kimi dərki, ixtiralarının dünya elmi fikri üçün əhəmiyyəti müəyyən edilib qiymətləndirilməlidir.

Buna görə də biz öncə diqqəti dünyaşöhrətli alim, dahi Lütfi Zadənin “dövrünün” ilk mərhələsinə yönəldirik.

1921-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin Novxanı kəndində doğulmuş Lütfi Zadənin atası Rəhim Ələsgərzadə Ərdəbil şəhərindən idi.

Müasir və xüsusilə Avropa (əsər ingiltərədə çap olunacaq) oxucusu üçün məlumat olaraq bildirək ki, Ərdəbil Azərbaycanın qədim şəhərlərindən biridir. Müsəlman xəlifələri - Əməvilərin hakimiyyəti dövründə Azərbaycanın paytaxtı olmuş Ərdəbil şəhəri XIX əsrin sonları, XX əsrin əvvəllərində də tarixə iz salmışdır.

Əsasən, Ərdəbilin ticarət yolu üstündə yerləşməsi və həmçinin ən yaxın yüzilliyi götürsək, istər Qacarlar, istərsə də Pəhləvilər dövründə bu şəhərin dünyaya çıxışını hər dövrdə gerçəkləşdirdiyi kimi yerli əhalinin yaxın-uzaq məsafədə yerləşməsindən asılı olmayaraq Azərbaycan şəhərlərinə inteqrasiyasında da əsas rol oynamışdır.

İkincisi, İran dövlətinin Cənubi (Güney və ya İran) Azərbaycanı 6 (ostana) inzibati ərazi vahidinə, o cümlədən Qərbi və Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədana böldüyündə Ərdəbil şəhəri Şimali Azərbayana daha yaxın olduğu üçün əhalinin gediş-gəlişi, başqa cür desək, problemlər yaşandıqda ərdəbillilərin qan qardaşlarına sığınması, hələ qohumluq əlaqələri danılmaz olmuşdur.

Bu baxımdan Lütfi Zadənin atası Rəhim Ələsgərzadənin Ərdəbil şəhərindən Azərbaycana, Bakıya gəlməsi təbii bir hadisə idi. Rəhim Ələsgərzadənin bugünün özündə də ticarət mərkəzi olan Ərdəbildən Azərbaycana tələbat malları, əsasən də kibrit qədər mühüm əşyanı gətirib satması, bununla maddi cəhətdən xeyli zənginləşməsi də reallığı əks etdirir. Lakin vikipediyalarda yazıldığı kimi, onun Birinci Dünya Müharibəsi illərində Bakıya köçməsi heç də ticarət maraqlarını ifadə etməyib, İranda baş verən siyasi-inqilabi hadisələrlə bağlı olmuşdur. Təəssüf ki, 100 il qədər böyük tarixdə dahi alimin valideynlərinin, xüsusən də atası Rəhim Ələsgərzadənin əslində “kimliyinə” diqqət ayrılmamış, onun ziyalı ailəsində doğulması, sonra Bakıda İran qəzetlərinin müxbiri statusunda jurnalist fəaliyyəti, hətta Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alması kimi dəlillər - kibrit satmaqdan, deməli ticarətdən daha əhəmiyyətli ictimai fəaliyyəti kölgədə qalmışdır.

Beləliklə, Lütfi Zadənin dövrünü öyənərkən onun valideyninin həyatının əsas tərəflərini üzə çıxarrmaq ən ümdə məsələlərdəndir ki, biz bu vəzifəni mümkün qədər yerinə yetirməklə dövrünün seçilən ziyalısı olmuş Rəhim Ələsgərzadənin düzgün tanınmasındakı boşluğu da doldurmağa çalışacağıq.

Ona görə ilk əvvəl Rəhim Ələsgərzadənin Ərdəbilin ziyalı ailəsində doğulması, Bakıya gəldikdən sonra İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışması məsələsini məntiqi obyektivliklə qiymətləndirək. Bu dəlil bir möhkəm ip ucu olaraq Rəhim Ələsgərzadənin həmin dövrdə hələ bütöv Azərbaycanda ictimai-siyasi hadisələrə, o cümlədən İranda cərəyan etmiş inqilabların mərkəzində dayanan Səttarxan hərəkatına bağlılığını üzə çıxaracaqdır...

Vikipediya məlumatlarında göstərilir ki, Rəhim Ələsgərzadə Birinci Dünya Müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. Əvvəla göründüyü kimi, heç bir konkretlik yoxdur. Bundan başqa, Birinci Dünya Müharibəsi 1914-cü ilin 28 iyul1918–ci ilin 11 noyabr tarixləri arasında baş verib. İranda Birinci Dünya Müharibəsinə kimi baş verən hadisələri və Birinci Dünya Müharibəsində bu ölkənin bitərəfliyi haqqında biliyimizdən çıxış edib deyə bilərik ki, Ələsgərzadə və çox sayda insan elə həmin illərdə Şimali Azərbaycan şəhərlərinə, o cümlədən Bakıya Birinci Dünya Müharibəsinə görə deyil, İran inqilabının sübutu, Səttarxan hərəkatının yatırılması ilə əlaqədar olaraq qaçıb sığınmışdı.

Tarixə diqqət yetirsək, görərik ki, hələ Birinci Dünya Müharibəsinə bir neçə il qalmış, konkret olaraq 1905–1911-ci illərdə İranda XIX əsrin sonlarından start götürən bu ölkənin sənaye ölkəsinə çevrilməsi məqsədini daşıyan Sənayeləşdirmə və Məşrutə hərəkatı - Məşrutə inqilabı və ya başqa cür desək, İran Konstitusiya İnqilabı baş vermişdi. Bu inqilab heç də təsadüfən meydana çıxmamış, Nəsrəddin şah Qacar (ümumiyyətlə Qacarlar) hakimiyyətində parlamentin əsasının qoyulmasını, dünya modernizm ideyalarından qaynaqlanan güclü islahatlarla köhnə üsul-idarənin yeni siyasi, həmçinin də iqtisadi, sosial-mədəni cəmiyyət qaydaları ilə idarə olunmasını şərtləndirən İran Burjua İnqilabı adlanan ciddi siyasi hadisələrdən start götürmüşdü. Burda XVIII əsr Fransız maarifçilərinin yolunu davam etdirərək XX əsrin əvvəllərində öz ölkələrində parlamentin yaranmasına, İran konstitusiyasının qəbul edilməsinə böyük cəhdlər göstərmiş İran maarifçilərinin təsiri istisna təşkil etmir. Belə ki, Müzəfərəddin şah Qacar 1906-cı ildə konstitusiyanı imzalamış, lakin az sonra vəfat etdiyi üçün Qacarlar sülaləsinin növbəti şahı, onun oğlu Məhəmmədəli şah konstitusiyanı ləğv etmiş, bununla da İranda yeni konstitusiya hərəkatının yaranması, inqilabın baş verməsi, Məhəmmədəli şahın taxtdan endirilməsi, nəticədə oğlu, ən azyaşlı Qacar - Əhməd şah Qacarın 3 illik gərgin mübarizədən sonra 1909-cu ildə konstitusiyanı yenidən bərpa etməsi hadisələri mübarizə meydanını yaratmışdır.

Bu siyasi hadisədən sonra 19 mart 1910-cu ildə İran Məşrutə inqilabının böyük lideri Sərdar-e Milli”nin, Səttarxanın rəhbərliyi ilə məqsədi milli azadlıq və demokratiya olan xalq kütlələri Təbrizdən Tehrana yürüş başlatmış, lakin 1911-ci ildə Səttarxan hərəkatı Sərdar-e Milli”nin onun üçün qurulmuş tora düşməsi ilə Yaxın və Orta Şərqdə ən güclü inqilab 1911-ci ildə süqut etmiş, inqilab iştirakçılarına İran hakimiyyətinin istəyi ilə köməyə gəlmiş, əslində monarxiyaçıların əli ilə böyük siyasi maraqlarını həyata keçirməyi planlaşdıran Rusiyanın hərbi güc qüvvələri tərəfindən divan tutulmuşdu. Səttarxanın həbs olunduğu, qardaşının edam olunduğu İran Məşrutə inqilabında saysız-hesabsız və çox müxtəlif millətlərin nümayəndələri qəhrəmancasına döyüşmüş və inqilab yatırıldıqdan sonra bu qəhrəmanların özlərinin və ailələrinin həyatı təhlükə altına düşmüşdür. Həmçinin inqilabda israrlı olan Gilan vilayətində 1914-cü ildə Cəngəlilər hərəkatı başlamış və 1921-ci ilə kimi davam etmişdir. İqtibasdakı şərh deyilənləri bir daha təsdiq edir: “Fədailəri tərk-silah etmək məqsədilə Tehranın rəsmi dairələri tərəfindən Səttarxan və Bağır xan 1910-cu il martın 11-də paytaxta dəvət olundular. Tərk-silah haqqında əldə edilmiş razılığa baxmayaraq, Səttarxan və onun ətrafındakılara Tehranda xaincəsinə basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40 nəfər, o cümlədən, Səttarxan yaralandı. Bununla da inqilabın son səngəri dağıdıldı. Səttarxan və Bağır xana Təbrizə qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqının dərin hiddətinə səbəb oldu, lakin Cənubi Azərbaycanda yerləşən çar Rusiyasının qoşunları əhalinin fəal çıxışına imkan vermədilər. Çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndərməklə, dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırdılar. Ələ keçən fədailər və Təbriz əncüməni rəhbərlərinə divan tutuldu. İrticaçılar Təbrizə qayıtdılar. Bütün Azərbaycanda terror və irtica hökm sürməyə başladı. 1905-1911-ci illər inqilabının yatırılması nəticəsində çar Rusiyası və İngiltərə tərəfindən İranın, o cümlədən inqilabda mühüm rol oynamış Cənubi Azərbaycanın əsarət altına alınması və istismarı qüvvətləndi” (XIX əsrin sonu XX əsrin əvvəllərində Cənubi Azərbaycanda siyasi vəziyyət).

Beləliklə, 1905-1911-ci illərdə cərəyan etmiş bu proseslər 1921-ci il çevrilişinə kimi və hətta Qacarlar sülaləsini (1797–1925-ci illər) 1925-ci ildə Pəhləvi sülaləsinin əvəz etəsinə qədər davam etmiş, İranda təkcə siyasi gərginliklər deyil, hətta güclü iqtisadi böhranlara, qıtlığa, aclığa, səfalətə, xalq kütlələrinin öz həyatlarını xilas etmək üçün qaçqın, köçkün olmasına gətirib çıxarmışdı.

Deməli, Lütfi Zadənin atası Rəhim Ələsgərzadə və ailəsi də heç də Birinci Dünya Müharibəsi ilə əlaqədar olaraq yox, məhz bu çevrilişlərin təsiri ilə, təqiblərə, məhrumiyyətlərə görə Ərdəbildən Bakıya sığınıblar. Yəni onların Bakıya gəlişinin məqsədi heç də ticarətlə məşğul olmaq deyil, həyatlarını xilas etmək olub. Geniş tədqiqatımızda rastlaşdığımız bir məqalə bizim qənaətimizi təsdiqləyir. Jurnalist Həmid Herisçi yazır: “Lütfi Zadənin atası Rəhim Ələskərzadə Ərdəbildə, ziyalı ailəsində dünyaya göz açsa da, bu şəhərdə çox da qərar tuta bilmir. Səttarxan hərəkatı zamanı İranda yaranmış hərc-mərclik yazığı məcbur edir, hələ lap gənclik vaxtlarında Bakıya köç etsin. Rəhim Ələskərzadə, bir çox ərdəbillilər kimi, öz bəxtini neft mədənlərində sınamır o vaxt. İynəsini yaxasına sancmış dərzi kimi hərəkət edir Bakıda. Bircə fərqlə, yaxasına iynə deyil, öz iti qələmini sancır. “İran” həftəlik qəzetinin Bakı müxbiri kimi fəaliyyətə başlayaraq, öz sahəsində tezliklə yaxşı nəticələr əldə edir. Sözü burda verək Lütfi Zadənin özünə: “Dəli tale, atamı əvvəlcə Bakıya atdı, sonra Tehrana qaytardı” (Həmid HERİSÇİ. Lütfi Zadə dünyaya nələr bəxş etdi...).

Belə tarixi gerçəkləri - Səttarxan hərəkatını, Gilan vilayətində 1914-cü ildə başlamış Cəngəlilər hərəkatını nəzərə almadan Rəhim Ələsgərzadə Birinci Dünya Müharibəsi illərində Ərdəbildən Azərbaycana köç etdiyini yazmaq həqiqətdən uzaqdır. XXI əsrin 3-cü onilliyinin bu illərində yanlışların düzəldilməsi tarixə ən layiqli hədiyyə ola bilər.

Rəhim Ələsgərzadənin Bakıda yaşadığı müddətdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alması da heç də təsadüfi hesab oluna bilməz.

Çünki Azərbaycan Dövlət Universiteti 1919-cu ildə təsis edildikdən sonra Tarix-filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Şərq şöbəsinə olan maraq və təlabat nəzərə alınaraq, 1922-ci ildə türk və fars şöbələrinin daxil olduğu Şərqşünaslıq fakültəsi təşkil edilmişdi ki, Ərdəbildən, ziyalı ailəsindən çıxmış, Bakıda İran qəzetlərinin müxbiri kimi tanınan Rəhim Ələsgərzadənin fars şöbəsinə daxil olması reallığı əks etdirir.

Həmid Herisçinin “Lütfi Zadə dünyaya nələr bəxş etdi...” adlı məqaləsində əslində yanlış, lakin “gərəkli” bir məlumat vardır. Həmid Herisçi Lütfi Zadənin həyat yoldaşının xatirəsini təqdim edir: “Kitabxanasında 2000-dək kitab vardı. Hamısı da rus dilində”. Lütfi, sözsüz bu kitabxanasını Bakıda yığıb əvvəlcə. Hələ uşaq ikən Bakı bukinistlərinə öz sifarişlərini göndərib daim. 1931-ci ildə ailə İrana sürgün edildiyi zaman Lütfi öz kitablarını unutmur əsla. İki min nüsxəlik bu nəhəng kitabxanasını Tehrana dartıb aparır özü ilə” (Həmid HERİSÇİ. Lütfi Zadə dünyaya nələr bəxş etdi...).

Lütfi Zadənin ailəsi ilə 1931-ci ildə (bəzi mənbələrdə 1933-cü il qeyd olunur) Bakıdan Tehrana döndüyündə 10-12 yaşı vardı. Birinci sinifə o vaxtlar 8 yaşında başlanıldığını nəzərə aldıqda 2 il müddətinə balaca bir uşağın 2000 kitab toplaması da, (10 yaşlı uşaq təkidinə kim baxar?..) İrana qayıdarkən aparması da inandırıcı görünmür. Deməli, bu zəngin kitablar Rəhim Ələsgərzadəyə aid olub və o, öz dəyərli kitabxanasını qoyub gedə bilməyib.

Bu iqtibasda Lütfi Zadənin həyat yoldaşı Ələsgərzadə ailəsinin 1931-ci ildə İrana sürgün edildiyini vurğulayır. Nə bu məqalədə, nə də hər hansı bir mənbədə Ələsgərzadənin İrana sürgün edildiyi barədə işarə belə yoxdur. Bəs, bu fikir haradan qaynaqlana bilər? Axı, alimin özü və müxtəlif dillərdə olan vikipediyalarda, o cümlədən məqalələrdə ailənin gedişinin səbəbini “Sovet İttifaqında ağır iqtisadi vəziyyətlə” izah edir. Məsələn, Lütfi Zadə özü “1news.az” saytına verdiyi “Lütfi Zadə: “Mən Bakılıyam və Azərbaycana çox isti münasibət bəsləyirəm” müsahibədə bildirmişdir ki, “Mənim valideynlərim İran vətəndaşları olublar. Atam Ərdəbildə doğulub, amma ana dili türk dili idi. 1931-ci ildə valideynlərim Sovet İttifaqında ağır iqtisadi vəziyyətə görə İrana qayıtdılar” (Lütfi Zadə: “Mən Bakılıyam və Azərbaycana çox isti münasibət bəsləyirəm”).

Həmin illərdə Sovet İttifaqında iqtisadi vəziyyət doğrudan da ağır olmuşdur. Məsələn, 1930-cu illərdə “Sovet İttifaqında ağır iqtisadi vəziyyətlə” bağlı Trend.az saytının “Azərbaycanda 1930-cu illərin aclığından çox insanlar həyatını itirib - Azərbaycanlı deputat” məlumatında millət vəkili Rəfael Hüseynov həmin illərin əsl gerçək mənzərəsini təsvir etmişdir: “Mən həmin dövrdən çox sonra dünyaya gəlmişəm. Bir tədqiqatçı olaraq sovet zamanlarının ən müxtəlif arxiv sənədlərindən o dövrü mükəmməl öyrənmişəm. Lakin mənim və mənim kimi minlərlə insanın bu dəhşətlər barədə təsəvvürlərini yalnız mənbələrdən, kitablardan öyrəndikləri yaratmır.  Mənim valideynlərimin uşaqlığı həmin illərə təsadüf edib və onlar bizə həmin hadisələr haqqında qorxulu nağıllar kimi danışıblar. O nəsil insanlarda çörəyə xüsusi məhəbbət, ehtiram hissi olub. Onlardan aylarla yaxşı halda heyvanlar üçün nəzərdə tutulmuş jmıx yemələri, bunu da tapmayanda günlərlə, həftələrlə tərkibcə çörəyə bənzər tərkibi olan otlar, bitkilərlə qidalandıqları haqqında çox eşitmişəm” (“Azərbaycanda 1930-cu illərin aclığından çox insanlar həyatını itirib - Azərbaycanlı deputat”).

Deputat Rəfael Hüseynovun 2010-cu il 10 aprel tarixində Strasburqda AŞPA-nın yaz sessiyasının üçüncü iş günü çıxışında SSRİ-də 1930-cu illərin məhz “sürgün” mahiyyətində məsələlərinə də toxunmuşdur: “Keçmiş Sovet İttifaqında 1930-cu illərdə baş vermiş aclıq və siyasi repressiyalar sovet məkanından qurtularaq müstəqillik əldə etmiş bir çox xalqların həyatının kədərli və unudulmayan parçasıdır. Həm də bu yalnız bilavasitə həmin faciəni yaşamış insanların yox, bu hadisələrdən çox sonra dünyaya gəlmiş nəsillərin də bioqrafiyasının bir hissəsidir” (“Azərbaycanda 1930-cu illərin aclığından çox insanlar həyatını itirib - Azərbaycanlı deputat”).

Ancaq Lütfi Zadənin həyat yoldaşının “xatirələri” tamam əsassız da ola bilməzdi. Bu məqamda 1930-cu illərdə İranda ictimai-siyasi və həmçinin, hətta əsas da iqtisadi vəziyyətlə tanış olmaq yerinə düşər. Tarixi reallıqlardan çıxış etdikdə Rəhim Ələsgərzadənin 1931-ci ildə Azərbaycandan İrana köç etməsi məntiqi görünür. Çünki bu illərdə İranda Qacarlar sülaləsi xarici qüvvələrin təsiri ilə devrilmiş, Rza şahın rəhbərliyi ilə Pəhləvilər hakimiyyəti ələ almışdılar.

Rəhim Ələsgərzadənin İrana qayıtdığı il məhz o vaxtlar idi ki, İranın Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya o cümlədən Sovetlər Birliyi ilə yeni iqtisadi əlaqələri yaranırdı. Hətta İran bu illərdə Almaniya əlaqələrinə daha çox üstünlük verdiyi üçün Sovet İttifaqı ilə münasibətlərdə soyuqluq, hətta sərt soyuqluq yaranmışdı. Belə bir vəziyyətdə Sovet İttifaqının İran vətəndaşlarını ölkədən çıxarmaq qərarı istisna deyildi. Harun Yılmazın “Sovet İttifaqı və 1930-cu illərdə Azərbaycanda milli kimliyin qurulması” əsərində bu məsələni bilavasitə önə çəkmişdir: “İran və Sovetlər Birliyi arasında artan bu hərarət səbəbindən Sovet tərəfi öz ölkələrindən bütün İran subyektlərini çıxartdı. Sovetlərin cənub qonşuları ilə aralarında olan bu uçurum böyüdüyü dönəmdə İran ilə Türkiyə yaxınlaşmağa başlamışdı” (Yılmaz Harun “Sovet İttifaqı və 1930-cu illərdə Azərbaycanda milli kimliyin qurulması”).

Fikrimizcə, tədqiqatçı “İran subyektləri” dedikdə, İran inqilabı vaxtı şəxsiyyəti təsdiq edən sənədlərsiz, səfil vəziyyətdə Azərbaycana gəlmiş, hətta bolşeviklərə Azərbaycandakı üsyanlarda, o cümlədən erməni-müsəlman davasında kömək olmuş çoxsaylı İran vətəndaşları nəzərdə tutulursa, Rəhim Ələsgərzadə və onun kimi ziyalı şəxslərin də ümumi axınla bu “sürgün”ə çox uyğun gələn “çıxarılma” məsələsinə tuş gəlməsi ağlabatandı. Həmin illərdə sovet siyasi hakimiyyətinin qəbul etdiyi yeni qanuna əsasən bu kütlədən Azərbaycan sovet vətəndaşlığını qəbul etmələrinin tələb olunmasının da öz “sürgün” mənası olmuşdur.

Yaxın illərin Azərbaycan mətbuat səhifələrində Lütfi Zadə ailəsinin İrana qayıtmasının səbəbi haqqında gözə dəyən mənbəyi göstərilməyən (az sayda) məlumatlar da “İran subyektləri”nə Sovet hakimiyyətinin münasibətini və Rusiya – İran münasibətlərinin böhran vəzyyəti ilə bağlı bizim qənaətimizi təsdiqləyir. Məsələn, “Lütfi Zadə haqqında maraqlı faktlar” adlı məqalədə Ələsgərzadə ailəsinin İrana qayıdışı haqqında belə bir məlumat verilir: “1933-cü ildə sovet vətəndaşlığını qəbul etməyən ailə Bağırovun göstərişinə əsasən 24 saat ərzində ölkəni tərk etməli olurlar” (Lütfi Zadə haqqında maraqlı faktlar).

Digər bir misal, “Lütfi Zadə kim idi? - Dahi alimin tərcümeyi-halı” yazısında da biz Rəhim Ələsgərzadə ailəsinin İrana qayıdışı səbəbinin oxşar olsa da, əsasən və həm də tarixin fərqli təqdim olunduğunu görürük. “Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər” (Lütfi Zadə kim idi? - Dahi alimin tərcümeyi-halı (FOTOLAR)).

Elmi-məntiqi nəticələr deməyə əsas verir ki, dahi alimin ailəsinin, bilavasitə özünün dövrü, həyatı, dünyagörüşünə aid ciddi dəlillər qatma-qarışıq vəziyyətdədir və hər iki məqalədəki məlumatlar Lütfi Zadənin özünün bu haqda qeydləri və hazırda müxtəlif dillərdə mövcud olan rəsmi vikipediya məlumatları ilə müqayisə edilməli (“1932, 1933”; “Sovet İttifaqının qərarı, Bağırov göstərişi; “şərt, 24 saat”) dəqiqləşdirilməli, əsaslandırılmalı, nəhayət, yanlışlar birdəfəlik aradan qaldırılmalıdır.

Digər tərəfdən Rəhim Ələsgərzadənin İrana qayıtdığı illərdə Azərbaycançılıq, Türkçülük ideologiyası leqallaşmağa, güclənməyə, genişlənməyə başlamışdı. Məsələn, Rza şah 1934-cü ildə öz hakimiyyəti dönəmində ilk və tək dövlət səfərini Türkiyəyə etmişdir. Sonunda 1937-ci ildə Türkiyə, İran, İraq və Əfqanıstan arasında Sədabad sülh müqaviləsi imzalandı. Sovetlər Birliyinin Türkiyə və İranla əlaqələri pisləşdiyi müddətdə Azərbaycan yenidən Orta Şərqin “istehkam”ı rolunu oynamağa başladı. Aydındır ki, Azərbaycanın xarici siyasəti məsələsində sovetlərin fərqli mövqe tutması türklükdən azərbaycanlı kimliyinə dramatik keçidin yeganə səbəbi sayıla bilməz. Əlavə olaraq, Türkiyə və İranda olan millət yaratma siyasətinin Azərbaycanla olan etno-linqvistik, dini və kültürəl yaxınlığı da vacib fakt kimi nəzərə alınmalıdır. Sovetlər Birliyi və onun Yaxın Şərqdəki qonşuları arasındaki ixtilafların böyüdüyü bir zamanda Türkiyə və İranda millətçilik rəsmi ideologiya halına gəlmişdi və Sovet Azərbaycanında milli kimliyin yenidən qurulmasına yön verirdi” (Lütfi Zadə kim idi? - Dahi alimin tərcümeyi-halı (FOTOLAR)).

Beləcə, şərqşünas, habelə qələm adamı Rəhim Ələsgərzadə belə bir dövrdə Azərbaycanda – Bakıda qala bilməzdi. Onu zaman öz sürət qatarı ilə milli hərəkat meydanına aparmalı idi.

Ancaq Rəhim Ələsgərzadənin həmin mürəkkəb və maraqlı hadisələrdə iştirakına, eləcə də haqqında təəssüf ki, internet üzərindən başqa məlumatlar əldə etmək mümkün deyildir. Lakin əlbəttə ki, dərin arxiv materialları içərisində ADU-nun Şərqşünaslıq fakültəsinin, xüsusilə fars şöbəsinin məzunları, habelə onların iş təyinatları haqqında məlumatlar olmaya bilməz.

Rəhim Ələsgərzadənin 1931-ci ildə ailəsini, “kitablarını” götürüb İrana qayıtması bu baxımdan heç də “iqtisadi vəziyyət, qıtlıq, “aclıq”la bağlı olmayıb, məhz siyasi məzmun daşıyır.

Davamı olacaq

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: