Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Milli dövlətçilik ənənəsinin bərpasında Heydər Əliyevin tarixi rolu
13.06.2025 11:16
  • A-
  • A
  • A+

Milli dövlətçilik ənənəsinin bərpasında Heydər Əliyevin tarixi rolu

1990-cı illərin əvvəlləri Azərbaycanın müstəqillik tarixində ən gərgin və ziddiyyətli dövrlərdən biri idi. Sovet İttifaqının dağılması ilə əldə olunan müstəqillik, təəssüf ki, qeyri-peşəkar və təcrübəsiz siyasi qüvvələrin idarəçiliyi nəticəsində ciddi təlatümlərlə üzləşdi. Vətəndaş müharibəsi, ordu daxilində parçalanma, siyasi çevrilişlər, iqtisadi tənəzzül və Qarabağ münaqişəsinin dərinləşməsi ölkəni uçuruma aparırdı.

Belə bir dövrdə Azərbaycan xalqı öz xilaskarını axtarırdı və bu xilaskar xalqın böyük əksəriyyətinin inandığı şəxs - Heydər Əliyev idi. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışı xalqın ümidlərinin gerçəyə çevrilməsi idi. Heydər Əliyev, dövlətçilik ənənələrinin qorunması və bərpası üçün ciddi siyasi iradə nümayiş etdirdi. Onun hakimiyyətə gəlişi ilə Azərbaycanın parçalanmaq təhlükəsi aradan qaldırıldı, ordu quruculuğunda mühüm addımlar atıldı, hüquqi və institusional islahatlar başlandı.

Xüsusilə, ölkədə qanunçuluğun bərqərar olunması və hüquqi dövlət quruculuğu prosesinə start verilməsi Heydər Əliyevin əsas prioritetlərindən biri oldu. Bu, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, ədalətli cəmiyyətin qurulmasına zəmin yaratdı. Eyni zamanda, Heydər Əliyev Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu artırmaq üçün ardıcıl və uğurlu xarici siyasət yürütməyə başladı. Onun səyləri nəticəsində Azərbaycan regionda söz sahibi olan, beynəlxalq təşkilatlarda təmsil olunan və geosiyasi baxımdan strateji önəm daşıyan bir ölkəyə çevrildi. “Əsrin müqaviləsi” kimi mühüm enerji layihələrinin reallaşması ölkəyə iqtisadi sabitlik və davamlı inkişaf gətirdi. Bu layihələr təkcə iqtisadi sferada deyil, həm də siyasi müstəvidə Azərbaycanın müstəqil mövqeyinin möhkəmlənməsinə xidmət etdi.

Milli ideologiyanın və vətənpərvərlik ruhunun formalaşmasında da Heydər Əliyevin rolu əvəzsiz oldu. O, xalqın tarixini, mədəniyyətini və mənəvi dəyərlərini milli inkişaf strategiyasının ayrılmaz hissəsi kimi təqdim etdi. Gənc nəslin milli ruhda tərbiyə olunması, dilin, mədəniyyətin və milli kimliyin qorunması siyasəti məhz onun iradəsi ilə həyata keçirildi. Təhsil islahatları, beynəlxalq təhsil proqramları və gənclərin inkişafı üçün yaradılan imkanlar bu siyasətin təzahürü idi.

Heydər Əliyevin bu fəaliyyəti nəticəsində Azərbaycan yalnız müstəqilliyini qoruyub saxlaya bilmədi, eyni zamanda güclü və dayanıqlı dövlətin əsaslarını da formalaşdırdı. Milli Qurtuluş Günü – 15 İyun, məhz bu proseslərin başlanğıcı olaraq tarixə düşdü. Bu gün, sadəcə bir liderin qayıdışı deyil, həm də milli özünüdərkin və dövlətçilik şüurunun yüksəlişi kimi yadda qalır. Heydər Əliyev Azərbaycanın müstəqil dövlət olaraq varlığının zəmanəti, xalqın birliyinin və milli iradəsinin simvolu oldu. Demokratik cəmiyyətin qurulmasına yalnız sözlə yox, əməli fəaliyyəti ilə də zəmin yaratdı.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: