Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.01.2023 20:35
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimləri Nizami Gəncəviyə aid nadir əlyazmaların təqdimat mərasimində iştirak ediblər

Əlyazmalar İnstitutunun alimləri Nizami Gəncəviyə aid nadir əlyazmaların təqdimat mərasimində iştirak ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları böyük Azərbaycan şairi Nizami Gəncəvinin qəzəllərinin yer aldığı ən qədim əlyazma nüsxəsi olduğu ehtimal edilən “Şeirlər məcmuəsi”nin (Tehran, 1295-ci il) Milli Kitabxana tərəfindən əldə olunmuş digital variantının və Milli Kitabxananın fondu üçün nəşr olunan nüsxəsinin, habelə tərtibat baxımından unikal hesab olunan Nizaminin “Xosrov və Şirin” poemasının və digər əlyazmalarının (cəmi 156 əlyazma) təqdimat mərasimində iştirak ediblər.

Mərasimdə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edərək Milli Kitabxananın rəhbərlik etdiyi müəssisə ilə birgə müştərək komissiyanın yaradılması layihəsindən, bu layihə əsasında xarici ölkələrin kitabxana, muzey və fərdi kolleksiyalarda qorunan yeni əlyazmaların araşdırılaraq üzə çıxarılması və nəşr olunmasından danışıb. Vurğulayıb ki, son bir il ərzində araşdırma nəticəsində əldə edilən əlyazmalar arasında dahi Nizaminin şeirlərinin yer aldığı 1295-ci ildə köçürülən, şairin ən qədim əlyazması olduğu ehtimal edilən nüsxə ilə yanaşı, 1312-ci ildə köçürülmüş ən qədim “Xəmsə” əlyazması da aşkar olunub və bu qəbildən olan digər qədim əlyazmaların 30 nüsxəsi hər biri 1 ədəd olmaqla çap olunaraq Milli Kitabxananın “Nadir kitablar fondu”na daxil edilib.

İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə və şöbə müdiri, fil.ü.f.d., dosent Əkrəm Bağırov çıxışlarında təqdim olunan əlyazmaların ədəbiyyatşünaslarımız üçün böyük əhəmiyyətindən, üzə çıxarılan əlyazma nüsxələrinin nizamişünaslığa böyük töhfə olduğundan danışıb, Əlyazmalar İnstitutunun da bu istiqamətdə həyata keçirdiyi işlərdən bəhs ediblər.

Təqdimat mərasimində, həmçinin institut əməkdaşlarından - şöbə müdiri, fil.e.d. Aygül Hacıyeva, aparıcı elmi işçi, fil.ü.f.d., dosent Tünzalə Seyfullayeva, aparıcı elmi işçi, fil.ü.f.d. Aytən Quliyeva, böyük elmi işçi Kəlamə Abbasova, elmi işçilər Xatirə Kərimova, Əsmər Hümbətli, baş mütəxəssis Aysel Feyzullayeva və şöbə müdiri Fəridə Həsənova da iştirak ediblər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir zamanı “Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında” adlı Elektron məlumat bazası təqdim olunub, iştirakçılar Milli Kitabxananın fondu üçün nəşr olunan Nizami əlyazmalarının fotofaksimilelərindən ibarət sərgi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: