AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan institutun baş direktoru t.e.d., professor Abbas Seyidov Şura üzvlərini iclasın gündəliyi ilə tanış edib.
Baş direktor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Bu Sərəncamdan irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda İşçi qrup yaradılır.
Sonra Türkiyə Cümhuriyyətinin Şanlıurfa şəhəri yaxınlığında yerləşən “Göbəklitəpə” abidəsinə və Şimali Kipr Türk Respublikasına institut əməkdaşlarının ezam olunması ilə bağlı hesabatlar dinlənilib.
T.e.d., professor A.Seyidov, t.ü.f.d. G.Buludzadənin birgə hazırladıqları “Tunc dövrü Qədim Naxçıvan tayfalarının qəbir abidələri və dəfn adətləri” və t.e.d., professor H.Cəfərovun “Azərbaycan və Qədim Yaxın Şərq: Son Tunc və Erkən Dəmir dövründə mədəni-iqtisadi əlaqələr” adlı monoqrafiyaları çapa məsləhət bilinib.
T.ü.f.d., dosent A.Quliyev 22-24 may 2023-cü il tarixlərdə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan “Məhkəmə arxeologiyası və antropologiyasi” adlı 1-ci beynəlxalq konfransdan danışıb.
Sonda bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.