AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar.
Həmin günün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunduğunu deyən akademik Gövhər Baxşəliyeva bu hadisələrdə xalqımızın istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa biləcəyini, Azərbaycan övladlarının öz həyatlarını müstəqillik uğrunda qurban verə biləcəklərini sübut etdiyini vurğulayıb.
Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən akademik G.Baxşəliyeva, qeyd edib ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərdi.
Daha sonra institutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov, Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Din və ictimai fikir şöbəsinin müdiri vəzifəsini icra edən, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov və başqaları çıxış edərək qanlı 20 Yanvar hadisələrindən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər. Çıxış edənlər Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidləri də xatırlayaraq, xalqımızın onları heç vaxt unutmayacağını vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.