Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.01.2023 16:06
  • A-
  • A
  • A+

Akademik İbrahim Quliyev “Horizon Avropa” Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvləri ilə görüşüb

Akademik İbrahim Quliyev “Horizon Avropa” Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvləri ilə görüşüb

AMEA-nın vitse-prezidenti, Avropa Komissiyasının (AK) “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) koordinatoru akademik İbrahim Quliyev MƏŞŞ üzvləri ilə görüş keçirib.

Akademik İ.Quliyev MƏŞŞ üzvlərinin fəaliyyəti nəticəsində Azərbaycanın elm, təhsil və səhiyyə müəssisələrinin, həmçinin dövlət təşkilatlarının alim və mütəxəssislərinin “Horizon Avropa” Proqramının istiqamətləri və açıq çağırışlar üzrə məlumatlandırılmasını yüksək qiymətləndirib. O, bu fəaliyyətin daha sistemli formada həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu istiqamətdə beynəlxalq təcrübəyə malik alimlərlə xüsusi görüşlərin keçirilməsi, yerli alimlərdən ibarət konsorsiumların təşkilinin əhəmiyyətini vurğulayıb və təklifləri müzakirəyə çıxarıb.

Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva 2021-2022-ci illər üzrə azərbaycanlı tədqiqatçıların “Horizon Avropa” Proqramında iştirak vəziyyəti və mövcud problemlər haqqında məlumat verib. Mariya Sklodovska-Küri (MSKF) və COST fəaliyyətləri üzrə müəyyən irəliləyişlər əldə edildiyi qeyd edilib. Bildirilib ki, 6-10 fevral 2023-cü il tarixlərində Bakıda AK-nın ekspertlərinin iştirakı ilə Azərbaycan tədqiqatçıları, dövlət və özəl sektorlardan olan mütəxəssislər üçün layihələrin hazırlanması üzrə təlimlər, həmçinin fərdi məsləhətlər təşkil ediləcək. Eyni zamanda gənc tədqiqatçılar üçün MSKF çərçivəsində fərdi qrantlara müraciət üzrə layihələrin hazırlanması təlimlərinin keçirilməsi üzrə də razılıq əldə edilib. Hazırda təlimlərdə iştirak üçün müsabiqə açıq elan edilib. AK-nın ekspertləri tərəfindən seçilən uğurlu namizədlər təlimlərdə layihələrin hazırlanması üçün elmi yenilik, metod və yanaşmalar, iş bölgüsü, gözlənilən nəticələr və s. üzrə ətraflı məlumatlandırılacaqlar.

Bununla yanaşı, 6 fevral 2023-cü il tarixində AK-nın ekspertlərinin iştirakı ilə Azərbaycan mütəxəssisləri üçün onlayn formatda geniş Məlumat Gününün, 9 fevral 2023-cü il tarixində isə MƏŞŞ üzvləri üçün təlimin keçirilməsi nəzərdə tutulub.

Rəqəmsal, sənaye və kosmos istiqaməti üzrə Milli Əlaqələndirici Şəxs (MƏŞ), Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev Şərq Tərəfdaşlığı ölkələri üçün xüsusi koordinasiya və dəstək proqramlarının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə həmin ölkələrin nümayəndələri ilə müzakirələrə başlanıldığını bildirib. O, qabaqcıl ölkələrin MƏŞŞ təcrübəsinin öyrənilməsi və klasterlər üzrə şəbəkələrlə əlaqələrin yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Tibb üzrə MƏŞ, Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti və Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunun direktor müavini, tibb üzrə fəlsəfə doktoru Rəhimə Qabulova və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nabil Seyidov səhiyyə müəssisələrinin mütəxəsissləri üçün mütəmadi məlumat günlərinin təşkil edildiyi haqqında məlumat veriblər. Uğurlu layihələrin hazırlanması üçün xüsusi təlimlərə və ingilis dilində akademik yazı biliklərinin yüksəldilməsinə ehtiyac olduğu qeyd edilib.

Birləşmiş Tədqiqat Mərkəzi üzrə MƏŞ, Antidopinq Agentliyinin Elm Departamentinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Rüfət Efendiyev, Rəqəmsal, sənaye və kosmos istiqaməti üzrə MƏŞ, İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov, MSKF üzrə MƏŞ, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov və Avroatom üzrə MƏŞ, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov məsul olduqları istiqamətlər üzrə həyata keçirilmiş tədbirlərə dair məlumat veriblər və qarşılaşdıqları problemləri diqqətə çatdırıblar. Azərbaycanlı tədqiqatçıların “Horizon Avropa” Proqramında növbəti mərhələlərdə iştirak fəallığını artırmaq üçün təkliflər səsləndirilib. Qeyd edilib ki, bütün təşkilatlarda “Horizon Avropa” Proqramına cavabdeh mütəxəssislərin müəyyən edilməsi, təşkilatlarda layihələrin hazırlanmasına diqqətin artırılması əhəmiyyətli nəticələr verə bilər. Bu istiqamətdə AK-nın ekspertlərinin iştirakı ilə təşkil ediləcək layihələrin hazırlanması üzrə təlimlər əhəmiyyətli addım kimi qiymətləndirilib və MƏŞŞ üzvlərinin təşkilati işləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: