AMEA-nın Şəki Regional Elmi Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü çıxışında 20 Yanvar hadisələrinin Azərbaycan tarixində müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli-azadlıq hərəkatının zirvəsi kimi həkk olunduğunu qeyd edib. O, Qanlı Yanvar faciəsinə aparan yola diqqət çəkib, xalqımızın azadlıq yolunda böyük əzmkarlıq, mərdlik göstərdiyini vurğulayıb.
Sonra Folklorşünaslıq və el sənətləri şöbəsinin rəhbəri İ.Yusifova çıxış edərək 20 Yanvar hadisələri zamanı hərbi təcavüz nəticəsində insan itkisinin, törədilən cinayətlərin və dağıntıların miqyasına nəzər salıb.
İ.Yusifova ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələrinə verilən obyektiv hüquqi və siyasi qiymətin mahiyyətini şərh edib. O, Azərbaycan dövləti tərəfindən daim şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.
Tədbirdə Landşaftşünaslıq şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru H.Mustafabəyli Yanvar hadisələri zamanı Azərbaycanın şimal-qərb bölgəsində cərəyan edən ictimai-siyasi vəziyyət haqda danışıb. Məruzəçi, həmçinin hadisələrin həmin dövrdə sovet mətbuatında əks olunması məsələlərini şərh edib.
Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov isə çıxışında XX əsrin sonlarında Qafqazda cərəyan edən geosiyasi proseslərə, baş verən hadisələrdə Sovet rəhbərliyinin dəstəyi ilə Azərbaycanda həyata keçirilən erməni təxribatlarına nəzər salıb.
Daha sonra 20 Yanvar hadisələrini əks etdirən foto-sərgiyə və videoçarxa baxış keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.