Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.01.2023 12:28
  • A-
  • A
  • A+

Nizami Muzeyində “Gülləbatmaz köynək” haqqında elmi seminar məşğələsi keçirilib

Nizami Muzeyində “Gülləbatmaz köynək” haqqında elmi seminar məşğələsi keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Gənc Alim və Mütəxəssislər Şurasının növbəti elmi seminar məşğələsi keçirilib.

Muzeyin Ədəbi mərasimlər və nəşrlər şöbəsinin əməkdaşı Zarema İbrahimova Qarabağ xanlığı və Şuşa qalasının əsasını qoymuş Pənahəli xan Cavanşirin həyat və mübarizə yolu haqqında ətraflı izahat aparıb.

Nizami muzeyinin XVIII əsr Azərbaycan ədəbiyyatı və tarixi mərhələsini təqdim edən ekspozisiya zalında baş tutmuş seminar məşğələsi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Tədbirdə dövrün ədəbi, siyasi mühitini, tarixi şəxsiyyətlərini yaşadan zalın nadir eksponatlarından sayılan “Gülləbatmaz köynək” haqqında ətraflı məlumat verilib. İzahatçı Pənahəli xana məxsus olmuş bu köynəyin spesifik xüsusiyyətlərindən, üzərində nəfis formada yazılmış duaların əhəmiyyətindən bəhs edib.

Zarema İbrahimova çıxışında Qarabağın xanlıq inzibati idarəçiliyini siyasi-hərbi hadisələr kontekstində təqdim edərkən dövrün Əfşar nəslinə mənsub xan sülaləsi, Şəki xanı Hacı Çələbi xan, Kərim xan Zənd və digər tarixi şəxsiyyətlərin  fəaliyyəti, siyasi görüşləri haqqında maraqlı faktları diqqətə çatdırıb.

Seminar məşğələsi Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini şöbəsinin müdiri Tomiris Babanlı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Hüseynova, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva, Natəvan Bağırova və digərlərinin sual və çıxışları ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: