Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.02.2023 12:00
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Gənclər Günü qeyd edilib

Ədəbiyyat İnstitutunda Gənclər Günü qeyd edilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

AMEA-nın prezidenti, institutun baş direktoru, akademik İsa Həbibbəyli əlamətdar günün əhəmiyyətindən danışaraq müasir gəncliyin Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rola toxunub. Akademik qeyd edib ki, gənclərə diqqət və qayğı daim Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ölkə başçısı respublikanın ictimai-siyasi, elmi-mədəni həyatında fərqlənən gənclərə xüsusi münasibətilə fərqlənib.

Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında da gənclərə geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. O qeyd edib ki, gənclərin elmi fəaliyyətində səmərəliliyin artırılması üçün bir sıra tədbirlər həyata keçirilir. Artıq bu ildən “Gənc tədqiqatçı” jurnalının 1-i xarici dildə olmaqla 4 nömrəsi işıq üzü görəcək. Gələn ildən Akademiyada “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafat veriləcək.

AMEA rəhbəri Ədəbiyyat İnstitutunda gənc elm adamlarına yaradılan şəraitə də toxunub. Bildirib ki, artıq neçə ildir institutda il ərzində xüsusi fəallığı ilə fərqlənən gənclərə “İlin gənc alimi” diplomu təqdim edilir. Bundan əlavə, gənclərin həm beynəlxalq, həm də respublika əhəmiyyətli konfranslarda, elmi ezamiyyətlərdə iştirakı təmin edilir, institutun elmi jurnallarında gənclərin elmi məqalələrinin çap olunmasına xüsusi önəm verilir.

Sonda akademik İsa Həbibbəyli tərəfindən son illərdə Ədəbiyyat İnstitutunun və respublikanın ictimai-mədəni həyatında fərqlənən gənclərə mükafatlar təqdim edilib. Ədəbiyyat İnstitutunun gənc əməkdaşlarından Şəfa Əliyeva, Aysel Qurbanova, Nurlanə Məmmədova, Şəhanə Əliyeva və Gülnar Yunusova “İlin gənc alimi” seçilərək xüsusi diplomlarla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: