1828-ci il Türkmənçay müqaviləsindən sonra əzəli və tarixi torpaqlarımıza sahiblənən İran onun iki yerə bölünməsinin əsas baiskarına çevrildi. Hətta bununla kifayətlənməyərək zaman-zaman Azərbaycan tarixini saxtalaşdırmağa və qədim maddi irsimizi İran mədəniyyəti və incəsənəti adı altında təqdim etməyə cəhdlər etdi. Fars şovinizminin əsirinə çevrilən İran tarixşünaslığı və elminin İranşünaslıq adı altında dünyaya sırımaq istədikləri isə peşəkar elmdən uzaq, boş bir cəfəngiyyat olmuşdur. Artıq 100 ildən çoxdur ki, İran tarixşünaslığı və arxeologiyası əcnəbi tədqiqatçılardan asılı bir vəziyyətə düşmüş, özünün milli kadrlarını yetişdirməmiş və tarix məktəbi yarada bilməmişlər. Bu müddət ərzində onların iran arxeologiyası adı altında dünyaya təqdim etməyə çalışdıqları isə qədim Azərbaycan abidələri və xalqımızın min illərə söykənən zəngin maddi mədəni irsidir. Bu gün dünyanın ən məhşur muzeylərində Cənubi Azərbaycanın Həsənli, Ziviyə, Marlik, Kalaruz, Əmlaş, Qalaiçi (Bukan), Deyləman, Gilan, Təxti-Süleyman, Germi və s. yerlərdən aşkarlanan unikal arxeoloji nümunələr saxlanılmaqdadır. Bu abidələrin bir çoxunun İranla demək olar ki, heç bir mədəni bağlığı olmayıb. Həmin abidələri əksər tədqiq edənlər içərisində iranlılar yox, daha çox fransız, alman, ingilis, belçikalı, amerikan, yapon və s. arxeoloqlar olmuşdur. Onların bəzilərini haqqında qısa məlumatı təqdim etməyi məqsədəuyğun hesab edirik.
A.Qodard, E.Herzfeld, Y.V.Klays, R.Dayson, L.Vanden Berge, S.Fukayma, R.Qrişman, R.Şmit, R.Fray, M.Boys, R.Naumann R, D.Huff, R.Şnayder, C.Simson və s. arxeoloqlar bu qəbildən olmuş və bu siyahını kifayət qədər artırmaq olar. Təbii ki, bu abidələrdə xaricilər tərəfindən aparılan tədqiqatları da bir mənalı qəbul etmək olmaz. Həmin tədqiqatların da bir çox qüsurlu cəhətləri vardır. Deməli buradan belə nəticəyə gəlmək olur ki, İranda normal tarix elmi olmamış və onun əksər abidələrini xarici mütəxəssislər araşdırmışdır.
İran adlanan coğrafi məkanda ilk dövlət qurumlarını yaradan Azərbaycan xalqının qədim əcdadları olmuş və onların Yaxın Şərqin qədim sivilizasiyaları ilə geniş siyasi, iqtisadi və mədəni əlaqələri olmuşdur. İranlılar bu ərazilərə çox sonralar miqrasiya etmişlər. Məhz bu ilkin dövlət qurumlarının mədəni nailiyyətlərinin bir çoxunu onlar əraziyə miqrasiya edəndən sonra mənimsəmişlər. Qədim Azərbaycan dövləti olan Mannanın İran mədəniyyətinə və incəsənətinə böyük təsir etməsi də göz qabağındadır. Böyük imperiyalar yaratmış xalqın ambisiyalarından çıxış edən İran tarixçilərinə də cavab olaraq onu da bildirik ki, onların acı sonluğu da bütün dünyaya məlumdur.
İran tarixşünaslığının növbəti saxtakarlığı həm də özündə Azərbaycan dövlətçiliyini ehtiva edən Atropatena dövləti ilə bağlıdır. Belə ki, Atropatenanın maddi mədəniyyətinə və onun arxeoloji abidələrinə böyük qısqanclıqla yanaşılmışdır. Atropatena abidələrini müxtəlif manipulyasiyalarla Parfiya abidələri kimi təqdim etmək də məhz bunun bariz nümunəsidir.
İslam həmrəyliyindən uzaq olan İranın bu gün də apardığı iki başlı siyasət, din qardaşlığı və dinc qonşuluq münasibətlərindən tamam kənardır. Amma, Azərbaycan xalqı tarix boyu İranın ən çətin günlərində onun yanında olmuş və öz köməyini əsirgəməmişdir. Bir neçə tarixi hadisəni xatırlatmaq yerinə düşərdi. İranın ən çətin günlərindən biri olan e.ə. 331-ci il məhşur “Qavqamel döyüşü”ndə Əhmənilərə Atropatın başçılığı ilə Azərbaycan tayfalarının kömək etməsi və onların döyüşkənliyi antik dövrün tarixçilərinin əsərlərindən kifayət qədər məlumdur. Sasanilər imperiyasının ən çətin günlərində də yenə də azərbaycanlılar onların köməyinə yetmişlər. 636-cı ildə “Kadisiyyə döyüşü”ndə Alban hökmdarının oğlu Cavanşirin qəhrəmanlığı Sasani hökmdarını heyrətləndirmiş və onu şəxsən mükafatlandırmışdır. Həm Atropat, həm də Cavanşir ağıllı, müdrik dövlət xadimi olmuş və onlar sonda İranın bu mənasız mübarizələrini başa düşmüşlər. Hər iki dövlət xadimi öz xalqlarının taleyini düşünərək düzgün mövqe seçmişlər.
Şübhəsiz ki, tarix heç vaxt unudulmur. Tarixi yaradan şəxsiyyətlər onu gələcək zamanın öhdəsinə buraxırlar. Bu gün Azərbaycan xalqı öz tarixi və əzəli torpaqları olan Cənubi Azərbaycanının mədəni varisləridir və heç şübhəsiz ki, xalq öz bütövlüyünə bu varislik prinsipləri əsasında qovuşacaqdır.
Samir KƏRİMOV, Tarix üzrə fəlsəfə doktoru
Anar AĞALARZADƏ, Tarix üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.