Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.02.2023 16:17
  • A-
  • A
  • A+

“Horizon Avropa” Proqramı üzrə layihə təkliflərinin yazılmasına dair üçgünlük təlim keçirilib

“Horizon Avropa” Proqramı üzrə layihə təkliflərinin yazılmasına dair üçgünlük təlim keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Avropa Komissiyasının “Horizon Avropa” Proqramı üzrə layihə təkliflərinin yazılmasına dair üçgünlük təlim keçirilib.

Düşərgə Avropa Komissiyası (AK) və AMEA tərəfindən Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi məqsədilə təşkil edilib. Təlimlər Avropa İttifaqı tərəfindən dəstəklənir və Avstriyadan olan ekspert Qorazd Veis (Gorazd Weiss) və italiyalı eksert Bruno Mourenza (Bruno Mourenza) tərəfindən aparılıb. Həmçinin “Zoom” platforması üzərindən AK-dan olan digər mütəxəssislər onlayn formatda qoşularaq fikir mübadiləsində iştirak ediblər.

Təlimdə dövlət və özəl sektorlardan olan 250-dən çox müraciətçi arasından seçilmiş 30 mütəxəssis iştirak edib. İştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Nüvə Təbabət Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi, Ədəbiyyat, Fəlsəfə və Sosiologiya, Tarix institutları, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar, Fizika, İqtisadiyyat, Geologiya və Geofizika, Neft və Qaz, Radiasiya Problemləri institutları, ADA Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Mingəçevir Dövlət Universitetinin əməkdaşlarıdır.

Tədbirdə giriş sözü ilə çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva 6-10 fevral 2023-cü il tarixlərində Azərbaycanda Horizon həftəsinin keçirildiyini və bu müddətdə bir sıra tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. O, bu tədbirlərdən biri olan hazırkı təlimin “Horizon Avropa” Proqramı haqqında daha dolğun məlumat əldə etməyə geniş imkanlar açdığını diqqətə çatdırıb. Şöbə müdiri ölkəmizin elmi potensialının dünyada tanıdılmasına şərait yaradan “Horizon Avropa” Proqramı kimi nüfuzlu layihələrdə alimlərimizi yaxından iştirak etməyə dəvət edib.

E.Əlirzayeva, həmçinin təlim çərçivəsində nəzərdə tutulan fəaliyyətlər, iştirakçılardan gözləntilər, Azərbaycan üçün tədqim olunan imkanlar haqqında ətraflı məlumat verib.

Təlimlərdə “Horizon Avropa” Proqramının 2023-2024-cü illər üçün iş proqramı, çağırışların müəyyənləşdirilməsi, layihə təkliflərinin yazılma qaydası, qiymətləndirmə kriteriyaları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb, nəzəri və praktik dərslər keçirilib, uğurlu təcrübə təqdim edilib.

Daha sonra müəyyən edilmiş mövzular üzrə qrup işləri icra edilib.

Sonda təlimdə iştirak etmiş 30 nəfərə sertifikatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: