Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.02.2023 09:35
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda ümumrespublika seminarı keçirilib

Geologiya və Geofizika İnstitutunda ümumrespublika seminarı keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş ümumrespublika elmi seminarı keçirilib.

Əvvəlcə Türkiyədə baş vermiş zəlzələ  nəticəsində  həyatını  itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarda Geologiya və Geofizika İnstitutunun,  Neft və Qaz İnstitutunun, Fövqəladə Hallar Nazirliyinin Xəbərdar Edilməsi İşinin Təşkili İdarəsi, S.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Kəşfiyyat Agentliyinin və Dövlət Ekoloji Ekspertiza Agentliyinin mütəxəssisləri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə Türkiyədə baş vermiş təbii fəlakətdən və onun acı nəticələrindən danışaraq insan itkisindən və dağıntılardan təəssüfləndiyini bildirib. Qardaş ölkədə həyatını itirmiş insanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmaqlarını arzulayıb.

Neft və Qaz institutunun baş direktoru, akademik Fəxrəddin Qədirov “2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr”  mövzusunda təqdimatı reallaşdırıb.

F.Qədirov İran, Ərəbistan, Qafqaz plitəsinin seysmoloji aktivliyini əks etdirən vizual görüntülər əsasında yeraltı təkanların xarakterini izah edib. Bildirib ki, ölçüsündən asılı olmayaraq bir plitənin hərəkəti digər plitələrin oyanmağına səbəb ola bilir və nəticədə acı zəlzələ hadisəsi baş verir. Sözügedən regionda da təbii fəlakət bu prinsipə uyğun idi. Yeraltı təkanların hərəkəti həm irəli, həm də geri dönməyə meyilli olur. Eləcə  də bu proses bir neçə gün davam edə bilir.

Akademik kosmik geodeziya tədqiqatları (GPS) və Azərbaycanda aktiv tektonik zonaların proqnozlaşdırılması mövzusuna da toxunaraq diqqətə çatdırıb ki, zəlzələnin öyrənilməsilə bağlı ölkəmizdə 2000-ci ildən başlayaraq böyük şəbəkə yaradılıb. Bu təbii fəlakətin dəqiq proqnozlaşdırılması hələlik mümkün olmasa da, fəlakətin nəticələrinin minimuma endirilməsi tamamilə realdır. Tikinti-inşaat işlərində dəqiq mühəndisi hesablamalar və insanların maarifləndirilməsi sayəsində faciəvi sonluqları xeyli azaltmaq olar.

Təqdimat ətrafında çıxışlar zamanı Geologiya və Geofizika İnstitutu Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri y.e.d., dosent Qulam Babayev fevral ayının 6-da Türkiyədə baş vermiş zəlzələ haqqında maraqlı elmi mülahizələrini bölüşüb. Alim bildirib ki, dünyaya səs salan son zəlzələ hadisəsi bir daha göstərdi ki, insanlar həyatını zəlzələnin özünə görə yox, onun törətdiyi dağıntıya görə itirirlər. Yəni zəlzələ faktorunu nəzərə alıb dəqiq hesablamalar aparılmadan inşa edilən tikintilərin dağılmasına görə faciə baş verir. Nə qədər ki zaman, yer və güc  baxımından zəlzələni proqnozlaşdırmaq mümkün deyil, yaşayış zonalarının seysmik risklər xəritəsini yaratmaq zəruridir. Bu işdə hətta sutkanın gecə və gündüz zamanı da nəzərə alınmalıdır. Çünki sutkanın gündüz vaxtından fərqli olaraq gecə saatlarında insan sıxlığı daha çoxdur.

Təqdimat ətrafında çıxışlardan sonra çoxsaylı suallar cavablandırılıb.

Sonda akademik Akif Əlizadə bildirib ki, Azərbaycanda çoxşaxəli seysmoloji tədqiqatların kompleks şəkildə (digər təşkilatları cəlb etməklə) aparılması üçün Dövlət proqramı hazırlamaq istiqamətində çalışmaq və bu vahid normativ sənəd əsasında hərəkət etmək zəlzələ risklərinə qarşı bu gün ən real tədbir ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: