Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.02.2023 15:39
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Gürcüstanda keçirilən beynəlxalq simpoziumda iştirak edib

Azərbaycanlı alim Gürcüstanda keçirilən beynəlxalq simpoziumda iştirak edib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) dəvəti üzrə beynəlxalq simpoziumda iştirak etmək üçün Tbilisidə ezamiyyətdə olub.

Bütün Gürcüstanın Katalikos-Patriarxı Zati-Müqəddəsləri II İliyanın anadan olmasının 90 illiyinə və onun kilsə hakimiyyətinə gəlməsinin 45 illiyinə həsr edilmiş “Əbədi dəyərlər və daim dəyişən dünya” mövzusundakı tədbiri giriş sözü ilə GMEA-nın prezidenti, akademik Georgi Kvestitadze açıb. O, Azərbaycan, ABŞ, Lixtenşteyn, Belarus, Litva, Almaniya, Yunanıstan, Livan, Rumıniya, İsrail və Polşadan dəvət edilən qonaqları, həmçinin  gürcü elm və din xadimlərini salamlayıb.

GMEA-nın vitse-prezidenti, akademik Roin Metreveli II İliyanın həyatı və dini rəhbərlik yolu barədə məruzə edib, Gürcüstanın elm və din xadimlərinin azərbaycanlı həmkarları ilə sıx əlaqələrindən danışaraq bunu yüksək qiymətləndirdiklərini bildirib.

Simpoziumda çıxış edən Eynulla Mədətli Zati-Müqəddəsləri II İliyanın sağlığı, qardaş gürcü xalqının rifahı və inkişafı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin adından təbriklərini və xoş arzularını səsləndirib.

“Əbədi dəyərlərin milli-mənəvi dəyərlərlə əlaqələndirilməsinin Azərbaycan təcrübəsi” mövzusunda məruzə edən və sessiya iclaslarından birinə moderatorluq edən E.Mədətli ölkəmizdə ahəngdar şəkildə formalaşan dövlət-din  münasibətlərindən, əbədi dəyərlərin, xüsusən də dini dəyərlərin hansı dinə aid olmasından asılı olmayaraq, yaşatdırıldığını, qorunduğunu  və daim diqqət mərkəzində saxlandığını, onların xalqımızın qədim, zəngin milli-mənəvi dəyərləri ilə ahəngdar əlaqələndirildiyini və məqsədyönlü şəkildə aparılan bu siyasətin dinlərarası və mədəniyyətlərarası dialoqa, bütövlükdə xalqımızın mənəvi birliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyini vuğulayıb.

Simpoziumun ilk günü iştirakçılar Tbilisidəki David Baazov adına Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyində olub, Babilistanın işğalı nəticəsində Yerusəlimdən Qafqaza, xüsusən də Gürcüstana mühacirət edən yəhudilərin təqribən 2500 illik tarixinə nəzər yetiriblər. Simpoziumun sonuncu günü iştirakçılar Kaxetiyada məşhur Bodbe məntəqəsində yerləşən Müqəddəs Nino monastrında olublar.

E.Mədətli, həmçinin simpoziumda iştirak edən Gürcüstanın və digər ölkələrin filosofları, tarixçiləri, ilahiyyatçıları ilə AMEA-nın Fəlsəfə və sosiologiya İnstitutunun elmi əməkdaşlığı barədə fikir mübadiləsi aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: