AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “TÜRKSOY” kafedrasının fəaliyyətə başlamasının 5 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
Dəyirmi masa ətrafında keçirilmiş görüşdə alim məhz onun elmi redaktəsi ilə nəşr olunan “Nizami və müasirləri” monoqrafiyasının tərcüməsi haqqında məlumat verib. Qeyd edib ki, əsər 1941-ci ildə yazılsa da, İkinci Dünya müharibəsinə görə onun nəşri yarımçıq qalıb, yalnız 1981-ci ildə görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nizaminin 840 illiyinin ittifaq miqyasında keçirilməsi ilə əlaqədar olaraq professor Qəzənfər Əliyev və akademik Ziya Bünyadovun redaktəsi ilə rus dilində nəşr olunub: “İndi isə ilk dəfə Azərbaycan dilində Türk dünyasına təqdim olunur. Bu əsərin tərcüməsinin yeni redaktəsində ötən müddət ərzində aparılan ədəbi tədqiqatlar da nəzərə alınıb”.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Sultan Raev, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və digər qonaqların da iştirak etdiyi beynəlxalq tədbirdə “TÜRKSOY” kafedrasının ADPU-dan sonra Qırğızıstan, Türkiyə, Qazaxıstan və Rusiya Federasiyasının Başqırdıstan Respublikası kimi ölkələrin daha iki universitetində də fəaliyyətə başladığı diqqətə çatdırılıb, türkologiyanın bir sıra mühüm məsələləri müzakirə olunub.
Tədbirin sonunda Türk dünyası qarşısında xüsusi xidmətlərinə görə akademik Teymur Kərimli TÜRKSOY-un sertifikatı ilə təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.