Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.02.2023 11:45
  • A-
  • A
  • A+

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri: “Kiş çayında sel hadisəsinin olacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri: “Kiş çayında sel hadisəsinin olacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”

Son günlər bəzi kütləvi informasiya vasitələrində AMEA-nın Şəki Regional Elmi Mərkəzinə istinad edilərək, yaz aylarında Kiş çayında sel təhlükəsinin gözlənilməsi barədə məlumatlar yayımlanır.

Bu barədə açıqlama verən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir. 

Onun sözlərinə görə, Kiş çayı regionun çayları içərisində ən çox öyrənilən çaylar sırasındadır. Şəkidə baş verən sel və daşqınların səbəblərinin öyrənilməsi və araşdırılması məqsədilə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları tərəfindən ərazidən keçən dağ çaylarında ekoloji və geoloji monitorinqlər aparılır, torpaq və bitki örtüyü müayinə olunur.

Şöbə müdiri qeyd edib ki, indiyədək akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Şəki Regional Elmi Mərkəzinin birgə apardıqları tədqiqatlar nəticəsində Kiş çayı hövzəsindəki sel əmələgəlmə şəraitinə hərtərəfli aydınlıq gətirilib.

Y.Rəhimov bildirib ki, ötən ilin payız-qış mövsümlərində və cari ilin əvvəlində qlobal iqlim dəyişkənliyi ilə əlaqədar müşahidə edilən quraqlıq, yağıntıların az olması, yüksək dağlıq ərazilərdə qar örtüyünün normadan aşağı səviyyədə formalaşması ilə bağlı müşahidələr, güclü leysan yağışlarının yağması ehtimalı istisna olunmaqla, hər hansı sel hadisəsinin olacağı ilə bağlı söylənilən fikirlərə, ümumiyyətlə əsas vermir.

Mərkəz əməkdaşı Şəki şəhərinin müxtəlif illərdə Kiş çayının sol sahili boyu inşa edilmiş istinad divarları vasitəsilə sel hadisələrindən kifayət qədər mühafizə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, aidiyyəti təşkilatlar tərəfindən çayın gətirmə konusunda ilin bütün fəsillərində, o cümlədən qış aylarında da zəruri və qabaqlayıcı tədbirlər görülür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: