Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin görkəmli ziyalı Firidun İbrahimiyə həsr olunmuş ikinci buraxılışı yayımlanıb
28.02.2023 12:42
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin görkəmli ziyalı Firidun İbrahimiyə həsr olunmuş ikinci buraxılışı yayımlanıb

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin XX əsr tarixinin görkəmli ziyalısı Firidun İbrahimiyə həsr olunmuş ikinci buraxılışı yayımlanıb.

Veriliş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında nümayiş olunub.

Akademik Rafael Hüseynov bildirib ki, Firidun İbrahimi 1945-ci ildə oktyabrın 1-də Təbrizdə Azərbaycan Demokrat Firqəsinin Birinci Qurultayında seçilmiş 237 nəfərlik nümayəndədən biri idi. Azərbaycan Milli Hökuməti elan edilən gün - 1945-ci il dekabrın 12-də isə o, 27 yaşında Azərbaycan Milli Hökumətinin baş prokuroru təyin olunmuşdu. 

Qeyd edilib ki, F.İbrahimi nəinki təcrübəli bir yazıçı və məşhur hüquqşünas, eyni zamanda da kamil bir diplomat idi. O, fransızcanı ana dili səviyyəsində bilirdi.

Rafael Hüseynov F.İbrahiminin 1946-ci ildə Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi kimi Parisdə Sülh konfransında iştirakından danışıb. Bildirib ki, bu konfransın iclaslarında iştirakın nəticəsi olaraq F.İbrahimi ADF orqanı olan “Azərbaycan” qəzetinin 9 noyabr - 10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında “Sülh uğrunda” başlığı altında Paris Sülh Konfransı barədə geniş hesabat xarakterli silsilə məqalələrini çap etdirmişdi. F.İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, “Azərbaycan” qəzetində bu konfrans barədə “Sülh uğrunda” başlığı altında çap etdirdiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul etmiş və son nəfəsinə kimi də bu prinsiplərə sadiq qalmışdır.

Diqqətə çatdırılıb ki, 12 dekabr 1946-ci il tarixində İran şah ordusu 13 iyun 1946-cı il tarixli Təbriz-Tehran müqaviləsinin şərtlərini pozaraq Azərbaycana hücum etmiş, həmin gün F.İbrahimi öz məsləkdaşları ilə birlikdə ADF MK-nın binasında səngər yaradaraq 34 saatlıq silahlı çatışmadan sonra həbs olunmuşdu. Zindanda qaldığı 6 ay ərzində ağır işgəncələrə məruz qalan F.İbrahimi 1947-ci ilin mayın 23-də Təbriz şəhərinin Gülüstan bağında dar ağacından asılmışdır.

İkinci buraxılışda Firidun İbrahimi nəslindən olan Mənijə İbrahimi-Kazımovskaya, Adilə Çernik-Bülənt, eləcə də güneyşünas alim Səməd Bayramzadə görkəmli ziyalı ilə bağlı eşitdikləri xatirələri bölüşüblər.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: