Qubadlı rayonu Zəngəzurun mərkəzində Bərgüşad (Bazarçay) və Həkəri çaylarının hövzəsində şərqdən qərbə, şimaldan cənuba gedən yolların üzərində yerləşir. Qubadlı özünün coğrafi mövqeyinə və ərazisinin relyef xüsusiyyətlərinə görə Zəngəzurun qapısı da adlandırılır. XIX əsrin ikinci rübündə çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra rus hərbi topoqrafları tərəfindən hazırlanan xəritələrdə və hesabatlarda Zəngəzurun digər yerlərində olduğu kimi Qubadlı ərazisində də bütün yaşayış məntəqələri Azərbaycan türkcəsində qeyd edilib. 1835-ci ildə rus hərbi topoqrafları tərəfindən “Qafqaz diyarının xəritəsi” nəşr edilib. Bu xəritədə Zəngəzurun mərkəzində yerləşən Qubadlı və onun ətrafındakı kəndlərin adları Azərbaycan türkcəsində olduğu kimi göstərilib. Bu sıraya Tamir (Teymur Müskanlı), Qundanlı, Gölcük, Şahverdilər, Dovudlu, Eyvazlı, Bəxtiyarlı, Qarakaha (Qayalı), Əcəli (Çərəli), Xələç, Sarıyataq, Xəndək, Dəmirçilər, Dondarlı, Qilican, Korcalanlı, Xanlıq, Tumaslı, Həmzəli, Yusifbəyli, Əfəndilər, Murad (Muradxanlı), Padar, Balasultanlı, Başarat, Mərdanlı, Əlixanlı (Əliyanlı), Bəytərli, Xudaverdilər, Zor, Mizatlı, Günəşli, Qandallı, Zeyvə və Zəngəzurun digər qədim yaşayış məntəqələrinin adları daxildir. “Qafqaz diyarının xəritəsi”ndə bu kəndlərin əksəriyyəti qışlaq kimi göstərilib.
Bu fikirləri AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib. Onun sözlərinə görə, Zəngəzurun yerli əhalisi olan azərbaycanlılar əsasən maldarlıqla məşğul olduğundan onların əsas yaylaqları Qərbi Azərbaycan ərazisində Dərələyəzin, Göyçənin, Vedinin və Alagözün yaylaqları olub. Həmin ərazilərdə isə ermənilərin qədim zamanlardan yaşadığını sübut edən heç bir tutarlı fakt mövcud deyil. Qədim dövrdə və orta əsrlərdə müasir Ermənistan ərazisi Azərbaycan dövlətlərinin tarixi-coğrafiyasının tərkib hissəsi olub. Bu ərazidə Azərbaycan türkləri tərəfindən qurulan sonuncu dövlət İrəvan xanlığı olub ki, onun da müstəqilliyinə çar Rusiyası tərəfindən 1827-ci ilin oktyabrında son qoyulub.
“Qafqaz diyarının xəritəsi” bir daha sübut edir ki, Zəngəzurda ermənilərə məxsus heç bir yaşayış məntəqəsi mövcud olmayıb. XIX əsrdə Gorus və Qarakilsə ərazilərində Azərbaycan türkləri ilə yanaşı albanların varisləri də yaşayırdı. Cənubi Qafqazda 1828-ci ildə “doğulan” və “Türkmənçayın övladları” adlandırılan ermənilər çar Rusiyası tərəfindən bu ərazilərə köçürüləndən sonra Zəngəzurdakı Alban kilsələrini erməni-qriqoryan kilsələrinə çevirib, biçarə Alban xristian icmasını erməni kimi qələmə verib, həmçinin çar məmurlarının keçirdiyi siyahıyaalmalarda onların erməni-qriqoryan dini icmasına mənsub olan əhali kimi qeydə alınmasına nail olublar. Beləliklə, Zəngəzurun Alban xristian kodu və mirası ermənilər və onlara havadarlıq edən çar Rusiyası tərəfindən yox edilmişdi. Hətta 1836-cı ildə rus çarı I Nikolay Alban Apostol kilsəsinin ləğv edilərək bütün əmlakının erməni-qriqoryan kilsəsinə verilməsi haqqında fərman da vermişdi. Hazırda Zəngəzurda yalnız bir neçə Alban kilsəsi qalır. Onların da ilkin memarlıq xüsusiyyətləri təhrif edilib, nəticədə tamamilə erməni kilsələrinə uyğunlaşdırılıb. Gorus yaxınlığında yerləşən Tatev kilsəsinin taleyi daha faciəli olub. X əsrin əvvəlində inşa edilən bu monastır kompleksi Zəngəzur ərazisində yaşayan Alban xristian icmasının əsas dini mərkəzi olub. VIII əsrin əvvəllərində ərəblər tərəfindən Albaniya dövlətinin müstəqilliyinə son qoyulduqdan sonra albanlar XIII əsrdə Alban-Xaçın hökmdarı Həsən Cəlal tərəfindən Gəncəsar monastır kompleksi inşa etdirilənədək Tatev kilsəsini başlıca dini mərkəzə çevirmişdilər. 1918-ci ilin yayında Zəngəzura soxulan Andranik Ozanyan öz quldur dəstəsi ilə Tatevə gəlir və buradakı kilsənin tunc zəngini çıxartdırıb hissələrə bölüb öküz arabalarına yükləyir və fransız hərbçilərinə təhvil verir. Həmin kilsənin tunc zəngindən Fransada top-tüfəng istehsal edilir və Andranikə göndərilir. Bu erməni qulduru isə həmin silah-sursatı əldə etdikdən sonra Zəngəzurun Azərbaycan türkləri yaşayan yüzlərlə kəndini viran edir və dinc əhalisini soyqırımına məruz qoyur.
Beləliklə, iki əsr əvvəl çar Rusiyasında hazırlanmış “Qafqaz diyarının xəritəsi”ndən də məlum olur ki, Qubadlı ərazisində olan yaşayış məntəqələri Azərbaycan türklərinə məxsus olub, Qubadlı adı isə ermənilərin qondarma Sanasar adı ilə deyil, Azərbaycan türklərinin qədim yaşayış məskəni kimi Qubadlı adlanıb.