Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.03.2023 11:43
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunun 20 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Genetik Ehtiyatlar İnstitutunun 20 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) yaradılmasının 20 illik yubileyi ilə bağlı Elmi şuranın genişləndirilmiş iclası keçirilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov GEİ-nin yaranma tarixi, elmi istiqamətləri və əldə etdiyi nailiyyətləri haqda geniş məruzə ilə çıxış edib. O bildirib ki, GEİ ölkədə milli genofondun etibarlı mühafizəsini təşkil etmək və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə 1958-ci ildən fəaliyyət göstərən AMEA-nın Genetika və Seleksiya İnstitutunun bazasında Nazirlər Kabinetinin qərarı ilə 2003-cü ildə yaradılıb. Keçən dövr ərzində milli bitki genetik ehtiyatlarının toplanması, mühafizəsi və səmərəli istifadəsi sahəsində olduqca ciddi addımlar atılıb, GEİ-nin tərkibində Milli Genbank və əlaqədar struktur bölmələr yaradılıb. İnstitut əməkdaşlarının məhsuldar fəaliyyətinin nəticəsi olaraq mühüm kənd təsərrüfatı bitkilərini əhatə edən 10 mindən çox bitki nümunəsi toplanıb, Milli Genbankda beynəlxalq standartlara uyğun olaraq mühafizəsi təşkil edilib, eləcə də onlardan istifadə edilməklə çoxlu sayda bitki sortu yaradılaraq rayonlaşdırılıb. Son 20 ildə sort və cinslərin yaradılmasına görə GEİ ümumilikdə 40 patent alıb, beynəlxalq 50 konfransda və 60 seminarda iştirak edib. İndiyədək institut əməkdaşlarının 3 minədək elmi əsəri dərc olunub, onların əsərlərinə xarici alimlər tərəfindən minlərlə istinad olunub, 30 kitab və 22 monoqrafiya dərc edilib.

GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov “Genetik Ehtiyatlar İnstitutunun elmi kadr potensialı, maddi-texniki imkanları və gələcək strateji hədəfləri ” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, son 20 il ərzində GEİ-də 7 nəfər elmlər doktoru, 35 nəfər fəlsəfə doktoru, 25 nəfər magistrant hazırlanıb, hazırda institutda 149 elmi işçi, o cümlədən 2 nəfər AMEA-nın müxbir üzvü, 8 elmlər doktoru, 64 fəlsəfə doktoru fəaliyyət göstərir. Ötən 20 ildə 100-dən artıq gənc mütəxəssis işə götürülüb və onlardan da 30 nəfəri dünyanın tanınmış proqramları çərçivəsində xaricdə doktorantura və postdoktorantura səviyyəsində tədqiqat işi aparıb və ən müasir metodları mənimsəyərək ölkəyə gətirib.

Daha sonra müvafiq struktur bölmələrin rəhbərləri fəaliyyət sahələrinə uyğun olaraq təqdimatlarla çıxış edərək mühüm nəticələr, perspektiv planlar haqqında məlumat verib və tədqiqatların daha səmərəli, operativ həyata keçirilməsi üçün problemlərin aradan qaldırılması ilə bağlı təkliflərini bildiriblər.

Tədbirin sonunda institutun 4 əməkdaşı yubileyləri münasibətilə GEİ-nin fəxri fərmanları ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: