Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu “Heydər Əliyev İli” çərçivəsində orta məktəblərin şagirdləri üçün “Açıq qapı” elan edib.
Bu məqsədlə qəbul edilən Tədbirlər planına uyğun olaraq 1 mart 2023-cü il tarixində Bakı şəhəri M.Rahim adına 7 nömrəli orta məktəbin 7 və 8-ci sinif şagirdləri Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.
İlk öncə institut rəhbərliyi və qonaqlar “Heydər Əliyev Guşəsi” qarşısında Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və önünə tər çiçəklər qoyublar.
Sonra qonaqları salamlayan institutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib: “Bu ölməz liderimiz, tarixi şəxsiyyət Heydər Əliyevin xatirəsinə olan sonsuz hörmətin bariz nümunəsidir. Biz də institutda bu illə əlaqədar Tədbirlər planı hazırlamışıq. Həmin planda nəzərdə tutulan tədbirlərdən biri də kimya elminə maraq oyatmaq üçün paytaxtda və ya regionlarda yerləşən orta məktəb şagirdlərin instituta ekskursiyaların təşkilidir”, - deyə Vaqif Fərzəliyev vurğulayıb. O, qeyd edib ki, elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil, orta məktəblərlə də olmalıdır. V.Fərzəliyev Azərbaycanın neft ölkəsi olduğunu nəzərə çatdıraraq qeyd edib ki, keçmiş ittifaqda aşqarların (neft məhsullarına əlavələr) işlənib hazırlanması və istehsalı da ilk dəfə olaraq respublikamızda həyata keçirilib.
Akademik Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətləri, institutda aparılan fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən danışıb, uşaqlara öz məsləhətlərini verib və qeyd edib ki, belə görüşlərin məktəblilərin elmə həvəsləndirilməsində rolu böyükdür.
Sonra şagirdlərin sualları cavablandırılıb.
Şagirdlər institutun gənc alimlərindən kimya üzrə fəlsəfə doktoru Səbiyə Osmanova, Günay İsmayılova, Mənsurə Hüseynova, Lalə Əliyeva və Sevinc Talıblının təqdimatlarında laboratoriyalarda müasir fiziki-kimyəvi cihaz və avadanlıqlarla tanış olublar, bəzi əyləncəli-öyrədici təcrübələri izləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.