Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.03.2023 11:20
  • A-
  • A
  • A+

AMEA-da Avropa İttifaqının Qlobal Yanaşma Xidmətinin ekspertləri ilə görüş keçirilib

AMEA-da Avropa İttifaqının Qlobal Yanaşma Xidmətinin ekspertləri ilə görüş keçirilib

AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov Avropa İttifaqının (Aİ) “Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) tədqiqat və innovasiya əməkdaşlığına dəstək layihəsi” çərçivəsində Azərbaycanda səfərdə olan Qlobal Yanaşma Xidmətinin ekspertləri Martin Feliks Qaydusek və İnna Petrenko ilə görüşüb.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Esmira Alirzayeva iştirak ediblər.

Avropalı ekspertlər Azərbaycana səfərlərinin məqsədinin ŞT üzrə 10 hədəfin həyata keçirilməsi, 2020-ci ildən sonrakı dövrdə ŞT prioritetləri üzrə fəaliyyətlə əlaqəli müzakirələr aparmaq olduğunu diqqətə çatdırıblar.

Akademik Arif Həşimov qonaqlara AMEA-nın fəaliyyəti, elmin inkişaf etdirilməsi və elmlə təhsilin inteqrasiyasının gücləndirilməsi istiqamətində son islahatlar haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda innovativ tədqiqatların inkişafı və innovativ layihələrin dəstəklənməsi üzrə son 10 ildə dövlət tərəfindən əhəmiyyətli addımlar atılıb. O, avropalı ekspertlərin marağına səbəb olan bir neçə sərəncam, qərar və yol xəritəsi haqqında ətraflı məlumat verib. Akademik Arif Həşimov Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2019-cu il tarixli  “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında Sərəncamı”nın müddəalarının icrası üzrə əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb. O, beynəlxalq standartlara uyğun tədqiqat işlərində tələb edilən müasir avadanlıqlarından istifadə imkanlarının yaxşılaşdırılması üçün vahid avadanlıq bazasının yaradıldığını bildirib. Tədqiqatçıların innovativ ideyaları və yeni texnologiyalar üzrə nailiyyətlərinin patentləşdirilməsinə dövlət dəstəyinin göstərilməsi üzrə Nazirlər Kabinetinin qərarı haqqında məlumat verib.

Akademik Arif Həşimov ekspertlərin rəqəmsal və yaşıl enerji ilə əlaqəli suallarını cavablandırıb və ölkədə bu istiqamətdə aparılan işlərin tarixi və hazırkı vəziyyəti, həyata keçirillən və planlaşdırılan böyük layihələr, azad edilmiş ərazilərdə yaşıl enerjidən istifadə üzrə ətraflı məlumat verib.

Azərbaycan alimlərinin ikitərəfli və çoxtərəfli layihələrdə iştirakı, beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyət də qonaqların diqqətinə çatdırılıb.

Görüş zamanı elmlə istehsal sahələri, özəl sektor arasında əlaqələrin genişləndirilməsi, açıq elm istiqamətində geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: