Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

06.03.2023 10:17
  • A-
  • A
  • A+

Heydər Əliyev və Azərbaycan Respublikası - Səudiyyə Ərəbistanı Krallığı qarşılıqlı münasibətləri

Heydər Əliyev və Azərbaycan Respublikası - Səudiyyə Ərəbistanı Krallığı qarşılıqlı münasibətləri

Birinci məqalə

Bu il Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin 100-cü ildönümüdür. Eyni zamanda bu il Azərbaycan Respublikasında ənənəyə çevrilmiş növbəti il – “Heydər Əliyev İli”dir.

Bu baxımdan ölkənin bir qrup qələm adamı və jurnalistinin 18-25 fevral tarixlərində Səudiyyə Ərəbistanına səfərilə bağlı araşdırma məqaləmizi 30 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığı ilə sistemli hala gətirdiyi və yüksək inkişafına nail olduğu əlaqələr haqqında tarixi faktlarla başlamaq istəyirik.  

Maraqlıdır ki, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı arasında diplomatik, iqtisadi, sosial-mədəni və s. sahələrdə münasibətlərin tarixinə nəzər saldıqda ölkəmizin  müstəqilliyinin bərpasının nəinki ilk illəri, ilk ayları, hətta ilk günləri yada düşür.

... 1991-ci il dekabrın 29-da Azərbaycanın müstəqilliyinin bərpası məsələsi referendum vasitəsilə ümumxalq müzakirəsinə çıxarılmış və xalqımız səsvermədə 95% səslə əsası Azərbaycan Xalq Cümhuriyyəti kimi 1918-ci ildə qurulmuş və 1920-ci ildə RSFSR-in hərbi-siyasi müdaxiləsi ilə ləğv olunmuş ölkə müstəqilliyini, milli suverenliyini bərpa etdikdən düz bir gün sonra - 1991-ci il dekabrın 30-da  dünyanın 12-ci zəngin dövləti olan Səudiyyə Ərəbistanı Krallığı - Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah Azərbaycan Respublikasının Milli Dövlət Müstəqilliyini tanımışdır. Sözsüzdür ki, ərazisinə, demoqrafik üstünlüklərinə və eləcə də iqtisadiyyatına görə bütün dünyada zəngin, məşhur və nüfuzlu Səudiyyə Ərəbistanı Krallığının bu addımı sadə məsələ deyildi. Səudiyyə Ərəbistanı Krallığının bu qərarı yeni qurulan, həm də müsəlman ölkəsinə hərtərəfli maddi dəstəyi şərtləndirirdi. Əlbəttə, bu məqsədlər üçün ilk növbədə diplomatik əlaqələrin yaranması vacib idi və “söz vaxtına çəkər”,  bu əsas məsələ - Azərbaycan Respublikası  ilə Səudiyyə Ərəbistanı Krallığı  arasında diplomatik əlaqələr 30 il bundan əvvəl, konkret  olaraq 24 fevral 1992-ci ildə yarandı.

Lakin ölkələrimiz və xalqlarımızın Müqəddəs İslam dini və qədim ədəbi-mədəni – mənəvi əlaqələrindən güc alan, dinamik inkişaf mahiyyətində qarşılıqlı münasibətlər tarixi Azərbaycan dövlət quruculuğunun mühüm mərhələsindən – Heydər Əliyevin hakimiyyətə gəlişinin ikinci dövründən başlayır. Belə ki, Heydər Əliyevin rasional lider qərarı ilə 1994-cü ilin aprel ayında Azərbaycan və Səudiyyə  Ərəbistanı Krallığı arasında müxtəlif sahələr üzrə Baş Saziş imzalanmışdır. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Səudiyyə Krallığının Azərbaycana inamının ifadəsi olan ölkəmizin müstəqilliyini ilk dövlətlər sırasında tanımasına və habelə Səudiyyə məliki Fəhd ibn Əbdül Əziz-əl Saudun dəvətinə müsbət cavab olaraq ilk  səfərini məhz Səudiyyə  Ərəbistanı Krallığına etmişdir. 

Haşiyə çıxaraq göstərməliyik ki, 1921 və ya 1923-cü ildə dünyaya gəlmiş فهد lf الويز ول ول و - Fəhd ibn Əbdül Əziz-əl Saud dövrünün dini mədrəsə təhsilindən başqa, dünyəvi təhsil sistemində də yetişmiş, dolğun biliklərə sahib olmuşdur. Kral Fahd kral Əbdül Əziz-əl Saud nəslinin nümayəndəsi idi və 1982-ci ildə Səudiyyə kral taxtına çıxana kimi 30 illik idarəçilik təcrübəsinə sahiblənmişdi. Məsələn o, - Kral Fahd 30 yaşında ikən (1953-cü ildə) ögey qardaşı tərəfindən Səudiyyə krallığında ilk dəfə olaraq təsis edilən təhsil naziri vəzifəsinə təyin edilmiş, bu sahədə 10 il çalışdıqdan sonra (1962-ci ildə) Daxili İşlər Naziri, bundan 5 il sonra baş nazirin ikinci müavini, 8 il sonra isə vəliəhd şahzadə və baş nazirin birinci müavini vəzifələrinə irəli çəkilmişdir. Kral Fahd 1975-ci il aprelin 3-də isə ögey qardaşı kral Xalidin ağır xəstəliyi ilə əlaqədar ölkənin daxili və xarici siyasət sahəsində hakim mövqeyə sahiblənmişdir. Kral Fahd Səudiyyə kralı kimi fəaliyyətə başlarkən ölkəsinin iqtisadiyyatını gücləndirməyi qarşısına məqsəd qoymuş, eyni zamanda Konstitusiya sistemini yaradıb formalaşdırmışdır. Mənbələrdə kral Fahd ibn Əbdül Əziz-əl Saudun Səudiyyə Konstitusiyasını yaratması mühüm tarixi hadisə kimi qiymətləndirilir və göstərilir ki, o, bununla tarixdə öz yerini əbədiləşdirmişdir.   

Kral Fahd ibn Əbdül Əziz-əl Saud 1992-ci ildə ölkənin qabaqcıl alimlərinin iştirakını nəzərdə tutan qanunlar qəbul etməklə siyasi idarəetmə strategiasında “elm və ya xüsusi bilik tələb edən digər peşə sahibləri”nə, o cümlədən  “Əyalət İdarəsi haqqında Qanunda” cəmi on üzvdən birinin alim olması şərtinə üstünlük vermişdir. 

Fəhd ibn Əbdül Əziz-əl Saud xarakterizə edən əsas fenomen cəhətlərdən biri onun ənənəvi kral titulu olan “Əlahəzrət” müraciətindən imtina edərək Ərəb xilafətinin, Misir Məmlüklər dövlətinin və Osmanlı İmperatorluğunun hökmdarları kimi “İki Müqəddəs Məscidin Şərifi” titulunu qəbul etməsidir. “İki Müqəddəs Məscidin Şərifi” ifadəsi Məkkədə əl-Həramın və Mədinədə Peyğəmbər məscidinin müqəddəs məscidlərini əks etdirir və o, bu titulu 1995-ci il noyabrın 29-da geniş insult keçirdikdən sonra kral səlahiyyətlərini ögey qardaşı Şahzadə Abdullaha təhvil verənə qədər, həmçinin 2005-ci il avqustun 1-də vəfat edənə kimi şərəflə daşımışdır. 

Bu haşiyədən sonra qeyd etmək yerinə düşər ki, Ərəb dünyasında intellektual hakimiyyətin parlaq ulduzu kimi seçilən kral Fəhdlə dünyaşöhrətli Heydər Əliyevi birləşdirən önəmli əsaslar vardır. Bunlar hər iki güclü liderin dövlət quruculuğu,   idarəetmə siyasətində Qanunların gücünə arxalanmaları və Milli Dövlət Konstitusiyalarını yaratmaları, ölkə iqtisadiyyatını gücləndirmək məqsədləri, dinə ehtiramlı münasibətləri, azadlığa, müstəqilliyə gedən yolda bütün maneələri keçməyə qadir iradəyə, cəsarətə malik siyasi xarakter oxşarlıqları, habelə eyni yaşda olmaları (kralın da doğum tarixində 1921-ci il və 1923-cü il qərarlaşır) kimi siyasi bioqrafik mənəvi göstəriciləri ilə təsdiqlənir.

Burada məqamı olduğu üçün bir fikir ştrixini diqqətə çatdırmaq istərdik. Bu, kral Fəhdin 13 iyun 1982-ci ildən (qardaşının vəfatı ilə əlaqədar onu taxtda əvəzlədikdən) sonra  ölkəsinin SSRİ ilə əlaqələri bərpa etməsi ilə bağlıdır ki, ehtimal ki, elə o vaxtlar Heydər Əliyevlə onun tanışlığı, dostluğu başlamışdır. Ona da aydınlıq gətirmək yerinə düşər ki, SSRİ və Səudiyyə Krallığının qarşılıqlı münasibətləri 1926-cı ildən 1938-ci ilə qədər davam etmiş və bir də 1991-ci ildə böhran vəziyyəti aradan qaldırılmışdır. Bu da əsasən SSRİ siyasi sisteminin dağıdılmasından sonra baş tutmuşdur. Ancaq kral Fəhdin hakimiyyətə gəldiyi 1982-ci ildə Səudiyyə Krallığı SSRİ ilə Böyük Britaniya hökumətinin vasitəçiliyi ilə aktual beynəlxalq və regional problemlər,  o cümlədən ərəb-İsrail münasibətlərinin nizamlanması üzrə əlaqələr yaratmışdır. Bu vaxtlar isə Heydər Əliyev Sov. İKP MK-nin Siyasi Büronun üzvü idi və 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Fikrimizcə,  Heydər Əliyevin bu yüksək vəzifədə SSRİ-nin iqtisadi, sosial və mədəni və s. mühüm sahələrinin idarəetməsinə rəhbərlik edərkən Səudiyyə Krallığının maraqlarının cəmləndiyi məsələlərə də öz diqqətli münasibətini əsirgəməmişdir. Düşünmək olar ki, 1994-cü ildə kral vəzifəsində olan Fəhd ibn Əbdül Əziz -əl Saud Heydər Əlievi çoxdan tanıdığı, lider səriştəsinə bələd olduğu üçün öz ölkəsinə dəvət etmiş və Azərbaycanın keçid dövründə ona arxa, dayaq olmuşdur.

Digər bir məsələ, Azərbaycan kimi Səudiyyə Ərəbistanı da öz milli dövlət müstəqilliyinin iri miqyaslı dövlət quruculuğu işlərinə 1993-1994-cü illərdən start vermişdir. Konkret olaraq  Səudiyyə Ərəbistanının  yeni mərhələdə Müqəddəs Quran —İslam qanunvericiliyinə (şəriət) əsaslanan dövlət quruculuğu və müasir idarəetmə strategiyasının sistemləşdirilməsi strateji işini 1992-ci ildən həyata keçirmişdir. Qeyd edək ki, Səudiyyə Krallığının Ali qanunvericilik Aktlarına görə Müqəddəs Quran Krallığın əsas Qanun Kodeksidir. 

Beləliklə, 1990-cı illlərin əvvəllərindən müstəqilliyini yeni bərpa etmiş iki dövlət – Azərbaycan Respublikası və Səudiyyə Krallığının iki yüksək siyasi peşəkarlığa malik, həmçinin eyni yaşlı siyasi lideri – Heydər Əliyev ilə kral Fəhd ibn Əbdül Əziz-əl Saudun   ikitərəfli görüşləri ümumi dövlətçilik maraqlarına söykənməklə, gələcək inkişafla bağlı yekdil prinsipləri ehtiva edirdi. 1994-cü ilin 9-13 iyul tarixində baş tutmuş bu mühüm əhəmiyyət kəsb edən tarixi görüşün nəticəsidir ki, Azərbaycan    Səudiyyə Ərəbistanı Krallığı qarşılıqlı münasibətlərini bütün sahələr üzrə intensiv şəkildə davam etdirir, dinamik inkişafa nail olurlar.

Bu dediklərimizi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin hələ 13 iyul 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşməzdən əvvəl  keçmiş Binə Hava Limanında (indiki Heydər Əliyev adına Hava Limanında) jurnalistin sualını cavablandırarkən dediyi fikirlər bir daha təsdiqləyir: “... İndiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında, demək olar, heç bir əlaqə olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə müəyyən cəhdlər olsa da, bunlar bir nəticə verməmişdir. Ancaq bu ölkə dünya birliyində böyük nüfuza malik olduğuna görə, dini birliyimizi, tarixi ənənələrimizin oxşarlığını nəzərə alaraq, mən Səudiyyə Ərəbistanı məlikinin rəsmi dəvətini qəbul etmişəm və indi səfərə gedirəm...”.

Onu da qeyd edək ki, hələ 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfər edərkən “İki Müqəddəs Məscidin Şərifi” titulunun sahibi kral Fəhd və bir çox nüfuzlu rəsmi şəxslərlə görüşmüş, ölkələr arası əlaqələrin güclənməsinə faydalı olan sahələr, məsələn, iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, gənclər və idman üzrə əməkdaşlıq perespektivləri müəyyənləşdirilmişdir.  

Heç də təsadüfi deyil ki, əsası 1932-ci ildə qoyulmuş Səudiyyə Ərəbstanı dövlətinin   hələ çox yaşlı və müəyyən sağlamlıq problemləri olan atası Səudiyyə kralı Salman ibn Əbdul Əziz əl Sauda dəstəy olmuş bugünkü kral vəliəhdi – şahzadə Məhəmməd ibn Salman hakimiyyətdə olduğu illərdə də Azərbaycanla olan bu qədim və müasir tarixi əlaqələr qorunub inkişaf etdirilmişdir.

Bunu Azərbaycan və Səudiyyə Krallığının qarşılıqlı münasibətlərini təsdiq edən parlamentlərarası əlaqələr, müxtəlif sahələr üzrə işçi qruplarının ölkələrə səfərləri,  imzalanan sazişlər, qəbul edilən qərarlar təsdiq edir. Əslində, Azərbaycan Respublikası və Səudiyyə Krallığı dövlətləri və xalqları arasındakı bu dostluq, əməkdaşlıq münasibətləri bir əsaslı bünövrəyə, ideya birliyinə, siyasi həmrəyliyə çevrilmişdir.

Məsələn, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın sərhəd bütövlüyü məsələsini daim diqqətdə saxlamış, Ermənistanı təcavüzkar dövlət kimi rəsmi şəkildə pisləmişdir. Hələ 1994-cü ildə Səudiyyə Ərəbstanında Azərbaycan Prezidenti Heydər Əliyev bəyanatında bildirmişdi ki, “...Səudiyyə Ərəbistanı dövləti və məlik Fəhd ibn Əbdül Əziz əl-Səud Ermənistanın Azərbaycana təcavüzünü qəti pisləyir və hesab edir ki, təcavüzkar məhkum edilməli, işğal olunmuş torpaqlardan çıxmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır...”.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il iyul ayının 11-də  Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində təşkil olunmuş mətbuat konfransında  iki dövlət arasında qarşılıqlı əlaqələri belə xarakterizə etmişdir: “İki müqəddəs şəhərin xadimi (şərifi), məlik Fəhd ibn Əbdul Əziz əl-Səud müstəqil Azərbaycan Respublikasının keçmişinə və bugünkü vəziyyətinə çox böyük maraq göstərdi. Biz keçmiş Sovetlər İttifaqına daxil olmuş indiki müstəqil respublikalardakı vəziyyət barədə də ətraflı söhbət etdik. Xüsusən Qafqaz regionundakı vəziyyət və Azərbaycan ilə Ermənistan arasında gedən müharibə, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında ətraflı məlumat verdim və biz bu barədə geniş müzakirə apardıq. İki müqəddəs şəhərin xadimi və Səudiyyə Ərəbistanının yüksək vəzifəli digər şəxsləri ilə görüşlərim və danışıqlarım Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq, qardaşlıq əlaqələrinin yaranması və inkişafı üçün çox əhəmiyyətli oldu”. Ümumiyyətlə, böyük siyasi lider jurnalistlərlə görüşdə Səudiyyə Ərəbstanı Krallığına 1994-cü ilin 9-13 iyul tarixində baş tutmuş səfərini “ölkəmizin xarici siyasətində böyük nailiyyət kimi qiymətləndirmişdir”.

Məlumdur ki, Ulu Öndər Heydər Əliyev 1994-cü il sentyabrın 20-də yeni qurulan Azərbaycan dövlətini həm iqtisadi cəhətdən gücləndirmək, həm də siyasi arenada tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” tarixi rəsmi sənədini imzalamışdır. Dünyanın 7 dövlətinin 11  neft  şirkəti ilə Azərbaycan arasında imzalanan, dünya neft şirkətlərinin 60 milyard dollarını əhatə edən “Əsrin müqaviləsi”ndə Səudiyyə Ərəbistanı Krallığı da (“Delta-Hess” şirkəti ilə) təmsil olunmuşdur. Bu görüşdən sonra yuxarıda da qeyd etdiyimiz kimi (1994-1999-cu illər ərzində) kral Fəhd ibn Əbdül Əziz Əl Səudin yardım proqramı çərçivəsində azərbaycanlı qaçqın və köçkünlərə dəfələrlə humanitar yardımlar göstərilmişdir.  2002-ci il 28 dekabr tarixində Səudiyyə Krallığı Bakı şəhərində orta məktəb binalarının tikintisi üçün Azərbaycan Respublikasına 35,7 milyon rial həcmində kredit ayrılması haqqında qərar  verib.

Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın iqtisadi cəhətdən böyük problemlərindən biri - erməni təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş qaçqınlara geniş həcmli yardım proqramı həyata keçirmişdir ki, bu böyük yardıma görə Azərbaycanın dövlət başçısı Heydər Əliyev 11 dekabr 1997-ci ildə Tehranda keçirilən İKT Zirvə Görüşündə Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdulla İbn Əbdül Əziz al Səidə və Səudiyyə Ərəbistanının rəhbərliyinə öz minnətdarlığını ifadə edib. Bu görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev məhdud imkanlar daxilində, necə deyərlər, öz istirahəti hesabına  Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdulla İbn Əbdül Əziz al Səidə onun ölkəsinin Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə tədqiqatında yaxından iştirakının və Azərbaycanın bir sıra sahələrinə sərmayə qoymasının dövlətlərarası münasibətlərdə əsaslı nailiyyətlər olduğunu diqqətə çatdırıb.   

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığının dostluq və əməkdaşlıq münasibətlərinin möhkəm əsaslara bağlı olmasının bir əyani nəticəsi də dost ölkənin  2002-ci ilin avqust ayında növbəti dəfə Azərbaycanın sərhəd toxunulmazlığını, ərazi bütövlüyünu dəstəkləməsi ilə təsdiqlənir. Bu baxımdan Səudiyyə Ərəbistanı  Krallığının 2006-cı il 1 fevral tarixində Azərbaycan Respublikasına Tərtər və Ağstafa rayonlarının ərazisinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi məqsədilə 50 min dollar ayırmışdır.

Heydər Əliyev 2003-cü ildə Səudiyyə Ərəbistanında Ciddə şəhərində yerləşən İslam İnkişaf Bankı arasında da mühüm əhəmiyyət kəsb edən bir akt – zəlzələdən zərər çəkmiş fiziki və sosial infrastruktur obyektlərinin yaxşılaşdırılması üzrə Saziş imzalamışdır.   

Həmçinin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2003-cü il 7 iyun tarixində Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədri Saleh bin Hümeydlə görüşündə yenə Səudiyyə Ərəbistanı Krallığının Qarabağ münaqişəsi ilə bağlı mövqeyini, ölkələrimiz arasında qarşılıqlı münasibətin qaynağı olan İslam-müsəlman mənəvi birliyini xüsusi qeyd etmiş, müsəlman kimi “həmişə Səudiyyə Ərəbistanına hörmət etdiyimizi, əlaqələrimizi daha da genişləndirmək istədiyimizi” xüsusi şəkildə vurğulamışdır.  

Bu da maraqlı bir faktdır ki, həmin çıxışında müsəlman dini birliyimizi önə çəkən, hətta “Biz müsəlmanıq və müsəlmanlığımızı qoruyub saxlamışıq. Baxmayaraq ki, elə şəraitdə yaşamışıq ki, bu, mümkün deyildi”, - fikrini qabardan dahi lider Heydər Əliyev 1994-cü ilin 9-14 iyul tarixlərində Səudiyyə Ərəbstanına səfəri çərçivəsində çox məşğul olmasına baxmayaraq, Müqəddəs Məkkə şəhərinə  getmiş, Ümrə ziyarəti etmişdir.

Şübhəsiz, 1994-cü ildə Məkkəyə səfəri Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə çox təsir etdiyindəndir ki, o, görkəmli bəstəkar Arif Məlikovun bu müqəddəs şəhər, Kəbə-Həcc, Ümrə ziyarətləri, ümumiyyətlə, Məhəmməd peyğəmbərin (s.ə.s.) həyatı mövzusunda musiqi əsəri yazmasını istəmişdir.

Dünya şöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun “Əbədiyyət” simfoniyasının yaranması bu dediklərimizə əyani misaldır. 

Bu hadisə tarixə belə iz salmışdır: “Bir dəfə Prezidentin dəftərxanasından məşhur bəstəkar Arif Məlikova zəng vurub bildirirlər ki, Prezident Səudiyyə Ərəbistanına səfər edəcək. İstəyir ki, onu müşayiət edənlərin arasında siz də olasınız. Əlbəttə ki, sənətkar razı­la­şır. ­Müsəlman dünyasının ən böyük mərkəzlərindən olan Məkkəni və Mədinəni ziyarət etmək bütün müsəlmanların ən böyük arzusudur. Amma SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, məşhur “Məhəbbət əfsanəsi” baletinin müəllifi Arif Məlikov bu dəvətin əsl səbəbini hələ bilmirdi. Yalnız Səudiyyə Ərəbistanında Heydər Əliyev bəstəkara demişdi:

- Mən istəyirdim ki, sən bu müqəddəs yerləri görəsən və yeni böyük simfonik əsərlər yazmağa ruhlanasan.

Arif Məlikov sonralar əbədiyyətlə bağlı iri həcmli simfonik əsər yazmaq fikrinə çoxdan düşdüyünü, amma heç cür başlaya bilmədiyini etiraf edirdi: “Əvvəllər heç ağlıma da gəlmirdi ki, Məkkə və Mədinə mənə belə bir əsər yazmağa ilham verə bilər. Heydər Əliyev isə böyük fəhmlə hiss etmişdi ki, belə bir əsər yazmaq üçün mən mütləq Məkkəni, Mədinəni görməliyəm, onların tükənməz gücündən daxili enerji almalıyam.

Aylar, illər keçdi, amma mən vəd etdiyim simfoniyanı heç cür yaza bilmirdim. Görüşlərin birində Prezident soruşdu ki, mənim simfoniyam necə oldu? Bundan əvvəl o, həmişə “simfoniya” deyirdi, amma bu dəfə “mənim simfoniyam” dedi…

Əlbəttə ki, hansı əsərin nə vaxt yaranmasını zaman özü həll edir. Bu simfoniya da vaxtı çatanda yazıldı. Mən onu Heydər Əliyevin 80 illiyinə həsr etdim. Ümid edirdim ki, Prezident mənim səkkizinci simfoniyama – “Əbədiyyət simfoniyası”na qulaq asacaq. Əfsuslar olsun ki, bu arzum ürəyimdə qaldı.  Amma bu əsər hər dəfə onun ad günündə - mayın 10-da səsləndirilir” .

Fikrimizcə, “Əbədiyyət simfoniyası” və xüsusilə bəstəkarın vurğuladığı “fəhm” hissi Ulu Öndər Heydər Əliyevin Məkkə, Kəbə ilə bağlı ülvi hisslərinin əbədilik qazanmış ən gözəl  tablosudur. 

Xarakterik digər bir tarixi fakt. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müsəlman dini inancına sahib və sadiqliyini 20 mart 1999-cu il tarixində Səudiyyə Ərəbistanın kralı, iki müqəddəs məscidin  şərifi  Fədh ibn Əbdül Əzizin dəvəti ilə Həcc ziyarətinə gedən zəvvarlarla görüşündə söyləmiş olduğu nitqdə öz müdrik düşüncələrini bu cümlələrlə ifadə emişdir: “Mən sizin hamınıza yaxşı yol arzulayıram. Əvvəlcədən arzulayıram ki, Həcc ziyarətinizi Allah qəbul etsin və siz sağ-salamat vətənimizə qayıdasınız. Bir daha, sizinlə bu bayram axşamı, bu əziz, müqəddəs gündə görüşdüyümə görə çox sevinirəm. Çünki belə gündə hər bir görüş insan üçün xüsusi əhəmiyyətlidir. Mən sizinlə görüşürəm, yəni Allah yolunda Həccə gedən adamlarla görüşürəm.

Məndən Məkkəyə, Mədinəyə, Kəbəyə salam çatdırın və Azərbaycan xalqının İslam dininin bütün yüksək mənəvi dəyərlərinə nə qədər sadiq olduğunu öz hissiyyatlarınızla oraya çatdırın. Sizə yaxşı yol! Bir daha bayramınızı təbrik edirəm. Hamınıza cansağlığı, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun” .

Qeyd edək ki, Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Krallığına səfərindən sonra Səudiyyə Ərəbistanı Krallığı, şəxsən kral Fədh ibn Ədül Əziz Əl Səud Azərbaycandan hər il 250 nəfərin Həcc getməsini həyata keçirmişdir. Heydər Əliyevin aşağıdakı iqtibasda yer alan fikirlərində bu gerçəklik öz dolğun əksini tapmışdır: “Hər birinizin Məkkəni, Mədinəni, Kəbəni ziyarət etmək istəyiniz, arzunuz özlüyündə sizin daxili mənəviyyatınızı nümayiş etdirir, o müqəddəs yerləri ziyarət etmək istəyən hər bir şəxs yüksək mənəviyyat yoluna düşməlidir və ümidvaram ki, siz məhz bunu dərk edərək Məkkə, Mədinə, Kəbə ziyarətinə getmək üçün can atmısınız və bu istəyiniz, arzunuz da artıq yerinə yetirilir. Siz yol üstəsiniz, gedirsiniz. Siz də, biz də - hamımız Səudiyyə Ərəbistanının kralı, iki müqəddəs ocağın xadimi, bizim dostumuz və qardaşımıza Azərbaycana göstərdiyi bu qayğıya, diqqətə görə təşəkkür edirik. Bu, artıq ənənəyə çevrilibdir. Hər il Həcc ziyarəti zamanı Azərbaycana belə qayğı göstərilir və Səudiyyə Ərəbistanı kralının qonağı kimi 250 nəfər Həcc ziyarətinə gedir. Həcc ziyarətinin özü insan üçün böyük nemətdir. Ancaq bu ziyarəti iki müqəddəs ocağın xadiminin qayğısı altında, onun himayəsi altında həyata keçirmək buna daha da xüsusi əhəmiyyət verir”.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanla müsəlman dünyasının dayağı Səudiyyə Ərəbistanı Krallığı arasında yaratdığı dostluq, həmrəylik qarşılıqlı münasibətlərini onun siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev artıq 20 ildir ki, uğurla davam etdirir.

Məsələn, cənab İlham Əliyevin  Səudiyyə Ərəbistanı  Krallığına 2005-ci il mart ayının 8-də həyata keçirilmiş səfəri ölkələrimiz arasında əlaqələrin dinamik inkişafında böyük əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu ilə Vəlvələçay-Taxtakörpü kanalının tikinti layihəsinin maliyyələşdirilməsi məqsədilə 18 milyon dollar həcmində kredit, ölkələrimiz arasında İnvestisiyaların təşviqi Sazişi imzalanıb.

Həmin səfərdə Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Abdulla bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət vermişdir. Elə həmin gün “İki Müqəddəs  Məscidin Şərifi” -  Səudiyyə Ərəbistanın Kralı Fəhd bin Əbdüləziz Al Səud cənab İlham Əliyevlə təkbətək görüşmüş, gələcək ikitərəfli münasibətlərin perespektivləri müzakirə edilib, müəyyənləşdirilmişdir. Bu tarixi görüşdə Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının 82 yaşlı qocaman müdrik lideri Kral Fəhd bin Əbdüləziz Al Səuda  Azərbaycanın ali mükafatı – “İstiqlal” ordenini təqdim etmiş, eyni zamanda kral Fəhd bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevi Səudiyyə Ərəbistanı Krallığının ali dövlət mükafatı - dünyanın ən nüfuzlu, ən görkəmli siyasi xadimlərinə təqdim olunan – “Kral Əbdüləziz” ordeni ilə təltif etmişdir. Bu səfər zamanı Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə müqəddəs Məkkəyə Ümrə ziyarətinə getmiş, Əl-Həram məscidinini ziyarət  etmişdir.

Arxada qalan 20 il ərzində bütün dünyada sülh, yüksək multikulturalizm ideyaları tərəfdarı siyasi lider kimi böyük nüfuza malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi, diplomatik, elm və təhsil, idman, mədəniyyət, gənclər siyasəti və s. sahələrdə əməkdaşlıq münasibətlərini inkişaf etdirərək gücləndirmiş, iki ölkə arasında real dostluq, müsəlman birliyi və həmrəyliyinə nail olmuşdur.

Hər il Azərbaycandan minlərlə müsəlmanın Ümrə və Həcc ziyarətlərinə getməsi dini-mənəvi baxımdan olduğu kimi, İslam sivilizasiyasının ən qədim və inkişaf baxımından ən müasir ölkəsi Səudiyyə Ərəbistanını da tanımaq, onun tarixi mədəniyyəti, memarlıq və inşaat nailiyyətlərindən mətbəxi və s. tanışlıq üçün geniş imkanlar yaradır. Eyni zamanda Səudiyyə Ərəbistanında mütəmadi olaraq keçirilən Azərbaycan günləri, qarşılıqlı mədəniyyət tədbirləri ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərini daim canlandırır.

Beləcə, bu il 100-cü ildönümü ümumdünya səviyyəsində qeyd olunan Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin dünyanın İslam məbədi və ən zəngin ölkəsi Səudiyyə Ərəbistanı Krallığı ilə qurub yaratdığı dostluq, həmrəylik, əməkdaşlıq körpüsü ilbəil möhkəmlənir və eyni zamanda iki İslam - müsəlman inanclı xalqın birliyinin dərin ümmanı, əzəmətli qalası kimi tarixin daş kitabəsinə öz izini həkk edir.  

Davamı olacaq

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: