Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “Kimya” ixtisası üzrə təhsil alan IV kurs 24 tələbəsi Geologiya və Geofizika İnstitutunun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”ndə istehsalat təcrübəsinə başlayıb.
12 nəfərlik iki yarımqrupa bölünmüş tələbələr analizlərin aparılmasının ilk mərhələsindən son mərhələyə (nəticənin alınmasına) qədər BDU-nun “Analitik kimya” kafedrasının müəllimləri Minayə Məmmədovanın və Rizvan Abdullayevin iştirakı ilə təcrübə keçəcəklər.
May ayının 25-nə kimi davam edəcək istehsalat təcrübəsi prosesinə kafedranın rəhbəri Famil Çıraqov nəzarət edəcək.
İstehsalat təcrübəsi müddətində təcrübəçi tələbələrə aparılan analizlər haqqında şöbənin rəhbəri Nazim Sadıqov və elmi əməkdaşlar ətraflı məlumat verəcəklər, həmçinin analitik cihaz və avadanlıqlardan istifadə vərdişləri aşılanacaq.
Hazırda tələbələr şöbənin iş prinsipləri, həyata keçirilən analiz-tədqiqatlarla yaxından tanış olur, onları maraqlandıran suallar cavablandırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.