AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Macar ədəbiyyatı həftəsi”nin açılışı olub.
Həftənin açılışında Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma, səfirin birinci katibi, Mədəniyyət və təhsil məsələləri üzrə diplomat Monika Felföldi iştirak ediblər.
Qonaqlar sərgi salonunda “Macar ədəbiyyatı həftəsi” çərçivəsində sərgilənən MEK-in fondlarındakı kitablarla tanış olublar.
MEK-in baş direktoru professor Məmməd Əliyev qonaqları burada macar şairlərin, yazıçı və alimlərinin nəşrləri, həmçinin Azərbaycan yazarlarının macar dilində olan kitabları ilə tanış edib. Qeyd edib ki, sərgidə dünya miqyasında tanınmış türkoloq-alim, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Hazainin MEK-də saxlanılan şəxsi kolleksiyasına daxil olan - tarix, arxeologiya, ədəbiyyat, mədəniyyət, incəsənət, siyasət, din, lüğət və ensiklopediyalar, müxtəlif mövzularda türkologiyaya aid biblioqrafik göstəricilər, o cümlədən biologiya, səhiyyə və başqa sahələrə aid ədəbiyyat, həmçinin Ulu Öndərin ömür yolundan bəhs edən “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin macar dilində nəşri, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Seçilmiş əsərləri”, “Венгерская пресса об Азербайджане” (Macarıstan mətbuatı Azərbaycan haqqında) təqdim olunur. Bundan əlavə, vurğulanıb ki, MEK-ə səfəri zamanı görkəmli alimin qızı Sesiliya Hazai tərəfindən hədiyyə olunan və G.Hazainin həyatına, yaradıcılığına həsr olunan yeni nəşrləri də burada öz əksini tapıb.
Daha sonra qonaqlar MEK-lə yaxından tanış olublar. MEK-in Qarabağ müharibəsi qəhrəmanları fonduna, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereyaya, Diplomatik fonda xarici ölkə nümayəndələri, eləcə də macar nümayəndələri tərəfindən hədiyyə edilən kitablardan ibarət stendlərə baxıb, kitabxana haqqında ətraflı məlumat alıblar.
Dəyirmi masa ətrafında davam edən görüşdə baş direktor Məmməd Əliyev 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dost ölkələrdən birinin də Macarıstan olduğunu qeyd edib. Professor bildirib ki, iki ölkə arasında nəinki uğurlu siyasi, eləcə də elmi, mədəni əlaqələr inkişaf edir. “Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına əsasən müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyi keçirilir. MEK tərəfindən Ulu Öndərin irsinin təbliği məqsədilə Macarıstanda kitab sərgisinin təşkili də planlaşdırılır. Həmçinin akademik Zərifə Əliyevanın 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə türkoloji araşdırmaların, nəşrlərin artacağına ümid edirik. Artıq MEK ilə Macarıstanın kitabxanaları, ölkənin ən böyük rəqəmsal platforması olan “Arcanum” ilə məhsuldar əməkdaşlıq aparılır. Kitab mübadiləsi həyata keçirilir, MEK-in fondlarındakı dəyərli alimlərimizin nəşrləri həmin platformada mütəmadi olaraq yerləşdirilir”, - deyə baş direktor diqqətə çatdırıb.
Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma öz növbəsində mədəniyyətlər arasında bağ quraraq “Macar ədəbiyyatı həftəsi”nin təşkilinə görə MEK rəhbərliyinə dərin təşəkkürünü bildirib. Səfir bildirib ki, ötən il Azərbaycan - Macarıstan diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub. Bu 30 illik dövrdə iki ölkənin əlaqələri daha da inkişaf edərək müxtəlif sahələrdə də öz uğurlu nəticələrini verib. Onlardan biri də mədəniyyət, təhsil, elm sahələridir. Kitabxanada macar dilində olan ədəbiyyatlardan danışan səfir onu da vurğulayıb ki, belə nəşrlərin sayının artması üçün müvafiq addımlar atılacaq. Səfir T.Torma, eyni zamanda tanınmış macar yazıçı və şairlərin əsərlərinin də Azərbaycan dilinə tərcüməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Sonda qonaqlara MEK adından Azərbaycanın tarixi memarlıq abidələrindən bəhs edən dəyərli nəşrlər, o cümlədən “Heydər Əliyev – 100” adlı təqvim təqdim edilib, xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.