Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) Bakı şəhəri M.Rahim adına 7 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya”ya elmi dəstək verəcək.
Bu barədə razılıq institutda məktəb rəhbərliyi ilə keçirilən görüşdə əldə olunub.
Elmi müəssisənin baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, fitri istedadı olan şagirdlərdə aşağı yaş qruplarından başlayaraq elmə marağın yaradılması üçün məktəblərlə birgə iş aparmaq lazımdır: “Fizika, kimya, biologiya kimi qavranılması bir qədər çətin olan təbiət fənnlərinin maraqlı tərəfi laboratoriya təcrübələrinin aparılmasıdır. Şagirdlərə dərsləri təcrübə əsasında tədris edəndə həmin fənnlərə maraq oyanır və sevməyə başlayırlar. Eyni zamanda hər hansı bir elmi ideyalar da xüsusi maraqdan yaranır”.
V.Fərzəliyev məktəblilərin elmə həvəsləndirilməsi üçün Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Sabahın alimləri” respublika elmi müsabiqəsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib: “Bu layihə çərçivəsində indiyə qədər həm paytaxt, həm də regionlarda yerləşən bir çox məktəblərlə əməkdaşlıq edilmiş, nəticə etibarilə şagirdlərin institut laboratoriyalarında yerinə yetridikləri layihələr həmin müsabiqə və beynəlxalq bilik yarışlarında qalib olublar”.
V.Fərzəliyev institut tərəfindən yerinə yetirilən “Bu günün şagirdi, sabahın alimi” layihəsi çərçivəsində 7 saylı məktəblə də elmi əməkdaşlığın mümkün olduğunu, buna uyğun olaraq məktəbdə şagirdlər üçün AKİ-nin aparıcı alimlərinin təqdimatında ustad dərslərinin təşkili, məktəblilərin institut laboratoriyalarına ekskursiyası, birgə startap layihələrinin yerinə yetirilməsi və sair işlərin həyata keçiriləcəyini vurğulayıb.
Məktəbin direktoru Könül Təhməzova rəhbərlik etdiyi tədris müəssisəsində “Kiçik Akademiya”nın fəaliyyət göstərdiyini, orada istedadlı şagirdlərin müxtəlif elmi layihələr həyata keçirdiklərini söyləyib. O, həmin Akademiya rəhbərliyi və istedadlı şagirdlərin bir qurupunun bir müddət öncə Aşqarlar Kimyası İnstitutuna etdikləri ekskursiyanın şagirdlərdə böyük təəssürat yaratdığını və bu imkanlara görə İnstitut rəhbərliyinə təşəkkürünü bildirib.
K.Təhməzova institutla əməkdaşlığın böyük maraq doğurduğunu və bu fəaliyyətdən gələcəkdə istedadlı şagirdlərinin elm yoluna istiqamətlənməsinə böyük təkan verəcəyini qeyd edib.
Görüşdə institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev, elmi katibi k.ü.f.d. Mehparə Səfərova, İnstitut Həmkarlar Təşkilatının sədri k.ü.f.d. Elxan İsakov və 7 saylı məktəbin kimya müəllimi Səadət Nəcəfova iştirak edərək, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.