Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Riyaziyyat və Mexanika İnstitutunda “Pi” gününə həsr olunmuş elmi seminar keçirilib
15.03.2023 17:06
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda “Pi” gününə həsr olunmuş elmi seminar keçirilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Riyaziyyat və Mexanika İnstitutunda “Pi” gününə həsr olunmuş elmi seminar keçirilib.

Öncə institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov dünya riyaziyyatçılarını bu bayram münasibətilə ürəkdən təbrik edir və onlara ümumbəşəri elmi fəaliyyətlərində daha böyük uğurlar arzu edib. Bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə qurumu olan UNESCO 2019-cu ildə Paris şəhərində, hər il 14 mart tarixinin Beynəlxalq Riyaziyyat Günü kimi qeyd edilməsi haqqında qərar qəbul edib. Hər il 14 mart  beynəlxalq “Pi” günü kimi riyaziyyatçılar tərəfindən qeyd olunur. Alim cəmiyyətdə riyaziyyatın əhəmiyyətinin qiymətləndirilməsinə, onun digər elm sahələrinin inkişafında rolunun artırılmasına, dünyada həyat səviyyəsinin yüksəlməsi və davamlı inkişafına imkan verəcək, müasir riyaziyyatın sürətli inkişafına müsbət təsir göstərəcək, onun bəşəriyyətin tərəqqisində rolunu daha da artıracaqdır.

Misir Mərdanov gənc alimlərə elmi tədqiqat işlərinin aparmaları və nüfuzlu jurnallarda məqalələrin çap etdirmələri ilə əlaqədar istiqamətli təklif, tövsiyələr verib. Qeyd edib ki, hər bir gənc alim işin istiqamətindən və fəaliyyət növündən asılı olmayaraq, öz ixtisası üzrə yeni problemlərin həlli sahəsində fundamental biliklərə, peşə vərdişlərinə və bacarıqlarına sahib olmalıdırlar.

Elmi seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, Pi sayının simvolu “π”, Yunan əlifbasının 16-cı hərfidir. Bu hərf, eyni zamanda, yunanca çevrə mənasını verən “perimetier” sözünün də ilk hərfidir. İsveçrəli riyaziyyatçı Leonard Euler 1737-ci ildə nəşr etdiyi əsərində, çevrə uzunluğunun diametrinə nisbəti söz mövzusu olduğunda, bu simvolu istifadə etdi. Leonard Eulerdən əvvəl gələn bəzi riyaziyyatçılar tərəfindən də bu simvol istifadə edilmişdir. Ancaq Leonard Eulerdən sonra gələn bütün riyaziyyatçılar bu simvolu mənimsəyib istifadə etdilər. İlk dəfə 1988-ci ildə qeyd olunmağa başlayan “Dünya Pi Günü” Amerika və Avropada müxtəlif fəaliyyətlərlə qeyd olunur. “Dünya Pi Günü” 14 mart tarixində riyaziyyat sevənlər tərəfindən qeyd olunan gündür, çünki Pi ədədi riyaziyyatçılar arasında 3.14 -dür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: