Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.03.2023 11:32
  • A-
  • A
  • A+

“Gülsüm xanım Nərimanova: həyatının naməlum səhifələri arxiv sənədlərində” kitabının təqdimat mərasimi keçirilib

“Gülsüm xanım Nərimanova: həyatının naməlum səhifələri arxiv sənədlərində” kitabının təqdimat mərasimi keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Aytən İmanovanın “Gülsüm xanım Nərimanova: həyatının naməlum səhifələri arxiv sənədlərində” adlı kitabının təqdimat mərasimi keçirilib.

Nəriman Nərimanovun xatirə muzeyində baş tutmuş tədbirdə Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov, institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədova, tədqiqatçı alim Arif Ramazanov, Səbail MKS-nın direktoru Nərmin Xəlilova və əməkdaşları, Azərbaycan Dövlət Akademik Filarmoniyasının aparıcısı, qiraətçi Səmray Əliyeva və digər mötəbər qonaqlar iştirak ediblər.

Əsərin müəllifi Aytən İmanova apardığı tədqiqat işlərindən, Əlyazmalar İnstitutunun şəxsi arxiv fondunda N.Nərimanova məxsus sənədlərinin 150-dən çoxunun Gülsüm xanıma aid olmasından, onun ictimai fəaliyyətindən, oğlu Nəcəf haqqında xatirələrindən söhbət açıb.

Əzizağa Nəcəfov kitabın müəllifi Aytən İmanovanın fəaliyyətini, elmi araşdırmalarını yüksək qiymətləndirərək maarifçi Azərbaycan qadınlarının fəaliyyətinin Gülsüm xanım Nərimanovanın simasında təbliğinə görə təşəkkürünü bildirib. Alim Əlyazmalar İnstitutu ilə muzeyin əlaqələrinin tarixindən, birgə əməkdaşlığın səmərəsindən, gələcək perspektivlərindən söz açıb.

Əlyazmalar İnstitutunda hazırda elmi araşdırma aparan Ankara Universitetinin Türk Tarix Qurumu tədqiqatçısı Elanur Kösə Kızır “XX əsrin əvvəllərində Azərbaycan qadınlarının sosial fəaliyyəti” mövzusunda tədqiqatlarından danışaraq Aytən xanımın tədqiqatının türk dünyası üçün qiymətli mənbə olduğunu bildirib.

Sonda söz Nərimanovlar nəslinin layiqli nümayəndəsi, ömrünün çox hissəsini N.Nərimanovun xatirə muzeyinin qorunub saxlanılması, təbliği işinə həsr etmiş Kamilə Hüseynovaya verilib. O, öz çıxışında Gülsüm xanım haqqında nənəsi İltifat xanımdan eşitdiyi xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, Aytən xanıma kitabın ərsəyə gəlməsində çəkdiyi əziyyətə görə minnətdarlığını bildirib.

Tədbir zamanı muzeyin kiçik elmi işçisi Firuzə Ağayevanın hazırladığı, Gülsüm xanım Nərimanovanın və onun ailəsinin keşməkeşli həyat yoluna həsr edilmiş videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: