Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.09.2015 08:21
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərə Təbrizdə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni” təqdim edilib

Azərbaycanlı alimlərə Təbrizdə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni” təqdim edilib

Sentyabrın 15-də İran İslam Respublikasının Təbriz şəhərində ustad şair “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni”nin təqdimat mərasimi keçirilib.

Beynəlxalq tədbirdə İran, Türkiyə və Azərbaycandan olan Şəhriyarsevərlər, ədəbiyyatçılar, ustad şairin irsini tədqiq edən alimlər iştirak ediblər.

Açılış mərasimində Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi, Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Fərşbafiyan və başqaları çıxış edərək ustad Şəhriyarın həyat və yaradıcılığından danışıblar. Qeyd olunub ki, Şəhriyarın yaradıcılığı nəinki İranda, onun hüdudlarından kənarda da dərin izlər buraxıb. Xalqın milli özünəməxsusluğunu poetik dildə geniş kütlələrə çatdıran şairin xatirəsi daim xatırlanacaq və hörmətlə anılacaq.

Çıxışlardan sonra şairin yaradıcılığını araşdıran görkəmli alimlərə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni” təqdim edilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru,  akademik İsa Həbibbəyliyə və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevə öz elmi tədqiqatlarında ustad şair Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına geniş yer verdiklərinə görə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni” təqdim edilib.

Bu yüksək mükafata görə təşəkkürünü bildirən İsa Həbibbəyli qeyd edib ki, M. Şəhriyar öz yaradıcılığı ilə ayrı-ayrı fərdlərin deyil, bütün xalqların qəlbində yer tapıb. Onun poetik dilini təkrar edə biləcək şair yoxdur.

Təqdimat mərasimindən sonra tədbir mədəni proqramla davam edib.

Tədbirdə Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əli Əlizadə və İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: