Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

28.03.2023 11:25
  • A-
  • A
  • A+

Heydər Əliyev və Azərbaycan Respublikası - Səudiyyə Ərəbistanı krallığı qarşılıqlı münasibətləri

Heydər Əliyev və Azərbaycan Respublikası - Səudiyyə Ərəbistanı krallığı qarşılıqlı münasibətləri

Dördüncü məqalə

Tarixi ənənə və müasirliyin kəsişən meridianları - Səudiyyə Ərəbistanı Krallığı

Səudiyyə Ərəbstanının Milli Muzeyinin ana məzmununu təşkil edən dövlətin milli quruluş hadisəsi ideyası Krallığın paytaxtı Ər-Riyad şəhərinin mərkəzində yerləşən, Əl-Masmak və ya Əl-Məsmək kimi tərcümə olunan, 1865-ci ildə şahzadə Əbdürrəhman bin Süleyman bin əl-Dəbaan tərəfindən tikilmiş Hərb tarixini anladan muzey - “sarayı” fəaliyyətini davam etdirir.

Muzey-Saray ilk anda daşıdığı məzmundan əvvəl qalın divarlar arasında güclü kondisioner sərinliyinə bərabər havası (yəqinki bu qalanın çiy kərpicdən tikilməsindən irəli gəlir) və dərin səssizliyi ilə diqqətimizi cəlb etdi. Düzü Əl-Məsək Milli muzeyinin qalereyalarındakı eksponatlar haqqında bizə məlumat verən bələdçi yox idi. Amma bütün bina özü bir bələdçi idi. 

Oxucularda Səudiyyə Ərəbistanı Krallığı (SƏK) dövlətinin quruluşu haqqında aydın məlumat yaranması üçün ən qısa şərhimizi təqdim edirik. Beləki, konkret olaraq SƏK-in tarixi eramızın XV əsrinin ortalarından başlayır. 1744-1818-ci illlər arasında İmam Muhəmməd bin Səudun əli ilə Diriyyə Əmirliyi əsasında ilk Səudiyyə Dövləti qurulmuşdur. 1891-ci ildə Şahzadəsi Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səud ulu babası Manea bin Rabia Al-Muraidinin köçüb, məskunlaşdığı Nəcd əmirliyini fəth edərək nəslinin hakimiyyətini bərpa etməklə Səudiyyə Dövlətinin ikinci quruluşununun tarixini “yazmış” və 14 yanvar 1902-ci ildən Səudiyyə Krallığının üçüncü  dövlət quruluşu başlamışdır.

Əl-Məsmək Muzey-Sarayı da Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səudun öz tərəfdarları ilə Əl Rəşid qüvvələrindən Ər-Riyadı xilas etmək üçün döyüşdüyü, onları sona qədər məhv etdiyi, qalanlarını məğlub edərək yerləşdiyi qaladır. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı tarixində Şahzadə Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səudin bu qələbəsi milli qəhrəmanlıq kimi qiymətləndirilir və Səudiyyəlilər “Biz Ər-Riyadlılar “hökm Allaha, sonra Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səuda məxsusdur” – deyirik.

Məhz Əl-Məsmək Muzey-Sarayında Ərəb xalqının Kral Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səudun rəhbərliyi altında qəhrəmancasına döyüşünü, kralın ailə şəcərəsini, Səudiyyə Krallığının quruluşunu, birləşmə tarixini əks etdirən müxtəlif silahlar, divarlardakı rəsm əsərləri, qalanın qapısına vurulmuş nizə, məscid, quyu, qüllələr, bəzi antik əşyalar, qalanın və döyüşlərin sənədli video-lenti və s. tarixi eksponatlar nümayiş etdirilir. Təsadüfi deyil ki, Qala divarlarının qalınlığına və möhkəmliyinə görə Əl-Məsmək adlandırılıb. 

Onu da qeyd edək ki, Ər-Riyad şəhərinin ticarət mərkəzində yerləşən, 1902-1938-ci illərdə Kral Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səudin  iqamətgahı, hökumət və pul (maliyyə xəzinəsi) evi olmuş Əl-Məsmək muzey-sarayından Səudiyyə Krallığı 1902-ci ildən 1995-ci ilə qədər ölkənin silah-sursatını saxlamaq üçün anbar kimi də istifadə edib. 1999-cu ildə Ər-Riyad Bələdiyyəsinin xüsusi bir araşdırma layihəsi əsasında Əl-Məsməkdə əsaslı təmir-bərpa işləri keçirilmişdir. Belə ki, şəhərin İnkişaf üzrə Baş İdarəsi Əl-Məsməkin Səudiyyə Ərəbistanı Krallığının qurulması mərhələlərini əks etdirən muzey-saraya çevirilməsi barədə xüsusi  layihə qəbul etmişdir və ona Ər-Riyad vilayətinin valisi Şahzadə Salman bin Əbdüləziz rəhbərlik etmişdir.

Bizim səfər proqramımıza Səudiyyə Ərəbistanının Əl-Məsmək - bu tarixi hərb qalası muzeyindən sonra SƏK Milli kitabxanasını, ölkənin dünyanı əks etdirən Dənizkənarı bulvarını və əzəmətli göydələnlərinin yerləşdiyi və xüsusi milli bayram münasibəti ilə konsertin keçirildiyi milli parkı səyahət etmək daxil idi.

Əvvəlcə Səudiyyə Ərəbistanı Krallığının Kral Fəhd adına Milli Kitabxanası haqqında oxuyub öyrəndiklərimizə görə bu “məbəd” Səudiyyə Krallığında Memarlıq Sənəti sahəsində şah əsər hesab olunur. Kitabxananın binası kütləvi kitabxana kimi planlaşdırılsa da “sonra İki Müqəddəs Ocağın  Şərifi Kral Salman bin Əbdüləzizin (Allah ona rəhmət eləsin) təklifi əsasında Səudiyyə Ərəbistanı Krallığının Milli Kitabxanasına çevrilmişdir. Kral Salman bin Əbdüləziz Kral Fəhd adına Milli Kitabxananın Milli kitabxananın yaradılmasının ideya rəhbəri olmuş, tikinti mərhələsində məşvərət komitəsinə rəhbərlik etmişdir. Kral Salman bin Əbdüləzizin Kitabxananın avadanlıqla təchizatında da böyük rolu olmuşdur”.

Milli Kitabxananın binası ərəb tarixi sənət motivləri və mərmər kitabələrlə bəzədilmişdir. Bu möhtəşəm mədəniyyət  abidəsinin bəlkə də ən mühüm xüsusiyyətlərindən biri də elə məhz bu üslubudur.  

Layihənin icrasına 1985-ci (hicri 1406) ildə Ər-Riyad Bələdiyyəsinin rəhbərliyi ilə başlanılmış və 1988-ci (hicri 1408) ildə tikinti tamamlanmışdır.

Kral Fəhd Milli Kitabxanası yarandığı gündən sürətlə inkişaf etdirilir və bu günə qədər Kitabxananın Fonduna  Şahzadə Faysal bin Fəhd bin Əbdüləzizə aid əlyazmalar və nadir kitablar kolleksiyası, fotoşəkillər daxil edilməklə yanaşı çox sayda əlavə ədəbiyyat, məxəz və mənbələr, dövri nəşrlər əlavə edilmişdir. 

Səudiyyə Ərəbistanı Krallığının Kral Fəhd Milli Kitabxanası ABŞ, Avropa və ümumiyyətlə, dünyanın ən müasir Kitabxanalarından geri qalmır və ərəb, eləcə də xarici ölkə kitabxanaları ilə sıx əməkdaşlıq Layihələri həyata keçirir, yeni informasiya və dövrü nəşrlərin mübadiləsini uğurla tətbiq edir. 

... Biz səfər proqramı çərçivəsində Səudiyyə Ərəbistanının tarixi ənənə ilə müasirliyinin akkordlarının birləşdiyi Ər-Riyad – paytaxt şəhərindəki bəzən heyranlıq, bəzən təəccüb, bəzən heyrət hissləri yaradan gerçəklikləri seyr etməklə bərabər onun müxtəlif məzmunlu elmi tədqiqatlar üçün əsaslı mənbə-məxəz xarakterini də görür, aktual əhəmiyyətini düşünürdük.

Məsələn, maraqlı saatlar keçirdiyimizi Ərəbstanı Krallığının Kral Fəhd Milli Kitabxanasının parkındakı milli maddi mirasın satış sərgisi bir çox məzmunlarda klassik irsi, folkloru, multikulturalizmi və s. elmi istiqamətləri ehtiva edirdi. Hətta kitabxananın önündə konsert-tamaşa meydanı öz antik üslübu ilə identiklik - ümumilik kontekstində geniş elmi təhlillərə üfüqlər açırdı. Lakin təəssüf ki, biz bu əqli mülkiyyət sisteminə yalnız turist kimi və ən çoxu 1 saatlıq gəllmişdik. Bu “aləmdən” sonra nümayəndə heyətini Səudiyyə Krallığının cazibədar Bulvar dünyası gözləyirdi... 

… Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad Bulvarının ərazisi 900,000 kvadrat metrdir. Cəmi 4 ildir açılıb. Bu çox gözəl əyləncə mərkəzinin yaradıcıları - memarlar Abdul Mohsen Al-Theyab, Nmr Real Estate və Ahmed Zaidır.

Ər-Riyad Bulvarı Amerika Birləşmişmiş Ştatları, Nyu - Yorkun Tayms Meydanının bir oxşarıdır. Həmçinin memarları onu dünya gözəllik incilərindən ruhlanaraq yaratmışlar. Bulvarda Takenda mərkəzi və Londonun Koventri küçəsi, Trocadero məkanı yaradılmışdır. Burada bir çox idman məkanları, o cümlədən açıq hava kinoteatrları, kafelər, restoranlar, musiqi və teatr səhnələri minlərlə tamaşaçını qarşılayıb, xoş əhval-ruhiyyə ilə yola salır. Ər-Riyad Bulvarı İdman Bulvarı da adlanır. Çünki burada şəhər boyu 100 kilometrdən çox velosiped yolları vardır ki, bu həm idmanın inkişafına, həm də nəqliyyat hərəkətinə xidmət edir.

Əlbəttə Ər-Riyad Bulvarını əlahəddə edən və xüsusilə fərqləndirən onun Fransa, Çin, Yaponiya, Amerika Birləşmiş Ştatları, Hindistan, Meksika, Mərakeş, İspaniya, İtaliya, Yunanıstan kimi dünyanın məşhur və gözəl ölkələrinin əks etdirilməsidir. Həm də Bulvarda bu 10 ölkənin təkcə görünüşü deyil, adət-ənənələri canlandırılmış, hətta mətbəxləri təqdim edilmişdir.

Səudiyyə Ərəbistanı Krallığına səfərdən yadda qalan və əslində çox əlamətdar bir hadisə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri cənab Şahin Abdullayevin bizimlə görüşüməsi, hətta bizə 3 dəfə bizə vaxt ayırması oldu. Səfir Şahin Abdullayev haqqında çox qısa məlumat vermək istərdik.

Təbii cənab Şahin Abdullayevin Azərbaycandan gələn media qrupunun görüşünə gəlməsi ilk növbədə onun daxili sadəlik və səmimiyyətindən irəli gəlirdi. Sonra səfir bizdə o təəssüratı yaratdı ki, həqiqətən bizim hər birimiz Azərbaycanın övladlarıyıq (lap olaq vətənin bir ovuc torpağı), deməli, bütövlükdə vətənik. Neçə saatını bizə ayıran səfir hər birimizlə tanış olub, həmsöhbət oldu. Suallarımızı cavablandırdı. Ən əsas da saatlar keçsə də yorulmadığı, bezmədiyi də vətən hissləri ilə bağlı idi. Səfir bizimlə ölkəmizin inkişafı,  dövlətimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında milli ordumuzun əzəli torpaqlarımızı düşmən işğalından zəfərlə azad etməsi, həmçinin Azərbaycan Respublikası - Səudiyyə Ərəbistanı Krallığı qarşılıqlı əlaqələrinin taixi, müasir vəziyyəti ilə bağlı qürur dolu düşüncələrini bölüşdü. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri cənab Şahin Abdullayevin bizimlə 3-cü görüşü səfirlər şəhərciyində oldu.

Dünyanın ən gözəl ölkələrindən biri olan Səudiyyə Ərəbistanı Milli Bayramı münasibəti ilə keçirilən folklor-xalq musiqili meydan tamaşasının lap yaxınlığında baş tutdu. Folklor  nə folklor... Xalq musiqisi, mahnılar nə aləm...   Əvvəl gur səsdən bir-birimizi eşitməsək də “bizdən” region kimi çox uzaqda, təhtəlşüurumuza isə çox yaxın, estetik hisslərimizin eyni məcrasından ucalan musiqi, mahnı, şer sənətinə diqqət kəsildik.  Yaddaşımızdakı ərəb folklor sənəti -  bir dəstə kişi yerdə oturmuş və ya müasir şəraitə uyğun ayaq üstdə dayanmışdır. Digər bir kişi qrupunun əllərində qılınclar var və bir növ rep və ya meyxana üslubunda şerləşərək rəqs etməsi səhnəsi canlanırdı. Ud və ya saza oxşayan bir musiqi alətinin də yeri var bu tamaşada. Hələ iri nağaraları möhkəm çalaraq, qalın boğazlarla oxuyaraq bütün yoldan keçənləri öz dairələrinə cəlb edən ərəb meydan tamaşası iştirakçıları ssenari, süjet olmadan belə bütün millətləri birləşdirən qəhrəmanlıqdan, müdriklikdən dastan söyləyirlər... Dərin millilik müasirliyin mərkəzindən inamlı addımlarla irəliyə doğru gedir... Milli bayramlar əlbəttəki belə olur.

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevlə 3-cü görüşümüzdə onun peşə və ixtisas sahəsindən irəli gələrək elmi düşüncələri ilə tanış olduq. Bizdə uzun illər diplomatik sahədə çalışdığı müxtəlif xarici ölkələrin kitabxanalarında Azərbaycan Şərqşünaslığı və bütövlükdə Azərbaycan ictimai fikri ilə bağlı elmi irsi öyrənməsi, bu istiqamətdə dəyərli mənbələrin üzə çıxarılmasında iştirak etməsi, bununla da öz ölkəsinə xidmət etməsi qürur hissləri oyatdı. Doğrudan da Azərbaycan elminin məbədi Azərbaycan Milli Elmlər Akademiyasının yetirməsi olasan, dünyanın kitabxanalarındn yan keçəsən. Təbii, mümkünsüzdür və bizim ölkəmizin peşəkar diplomatı, nüfuzlu fövqəladə səfir Şahin Abdullayev də beləcə öz üzərinə düşən vəzifə borcu ilə yanaşı, mənəvi öhdəlikləri-elmimizin faydasına maarifçilik işini də unutmamışdır.   

Bu məqamda səfirimiz Şahin Şakir oğlu Abdullayevin ömür-peşə yolu haqqında oxuculara qısa məlumat vermək istərdik. Bu məlumat  həm də bir Azərbaycan diplomatının uzun illər ciddi, məsuliyyətli, ağır  vəzifələrdə peşəkar fəaliyyətini işıqlandırır. Belə ki, 1959-cu ilin 14 noyabr tarixində dünyaya gələn Şahin Abdullayev 1976-1882-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub. O illər (1981-1984) Azərbaycan SSRİ-nin tərkibində idi və universiteti yeni bitirmiş, 22 yaşlı gənc Şahin Abdullayevin SSRİ-nin Yəməndəki Səfirliyində tərcüməçi vəzifəsinə təyin olunması onun dil biliyi, intellektual səviyyəsi ilə bərabər ciddi, məsuliyyətli şəxsiyyət cəhətlərindən xəbər verir.

Şahin Abdullayev1984-1989-cu illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Sonra Şahin Abdullayevin diplomatik fəliyyət dövrü başlayır. Belə ki, gənc dioplomat 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində fəaliyyət göstərib: XİN-in Elmi-mədəni və Humanitar əlaqələr şöbəsində ikinci katib, birinci katib, nazirin köməkçisi və katibliyin müdiri olub. Şahin Abdullayev 1995-ci ildən 1999-cu ilə kimi Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri, 1989- 2001-ci illərdə XİN-in İslam Konfransı İdarəsinin rəisi, 2001-2004-cü illərdə isə İkinci Ərazi İdarəsinin rəisi işləyib. 2004-cü ildə Şahin Abdullayevə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir. Haşiyə çıxaraq qeyd edək ki, 45 yaşlı gənc və artıq peşəkar Azərbaycan diplomatı Şahin Abdullayev 2010-2015-ci illərdə bir neçə yüksək vəzifəni daşımışdır. Məsələn, Şahin Abdullayev 2004-2010-cu illərdə Azərbaycan Respublikasının Küveyt dövlətində, 2010-2016-ci illərdə isə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında, Əlcəzair Xalq Demokratik Respublikasında, Sudan Respublikasında, Efiopiya Federativ Demokratik Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri, eyni zamanda ölkəmizin Afrika İttifaqı yanında Daimi Müşahidəçi və Ərəb Dövlətləri Liqası yanında Daimi Nümayəndəsi olmuşdur.

Fövqəladə və Səlahiyyətli Səfir Şahin Abdullayev 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 6 fevral tarixli Sərəncamı ilə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı Səfiri təyin olunana qədər AR Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsində xidmət etmişdir.  Göründüyü kimi bu faktlar, bu dəlillər bir insan ömrünün etimada ləyaqətlə cavab verən məsuliyyət dolu vətəndaş xarakterini təsdiq etməklə yanaşı, eyni zamanda Azərbaycanın dahi şəxsiyyəti, xalqımızın Ulu Öndəri Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkəmizlə Səudiyyə Ərəbistanı Krallığı qarşılıqlı münasibətlərinin ən əsas sahəsi - Diplomatik Əlaqələrin qorunmasının, inkişaf etdirilməsinin etibarlı əllərdə olmasının gerçək ifadəsidir.

Biz Səudiyyə Ərəbistanı Krallığına səfərə bu ölkənin Milli Bayram tədbirlərində, eləcə də  “Media sənayesi: imkanlar və çağırışıar” mövzusunda keçirilən “Səudi İkinci Media Forum”- unda iştirak etmək üçün SƏK-in Ticarət və Mətbuat Nazirliyinin dəvəti ilə getmişdik. Bu hadisələrlə bağlı həmin ərəfədə Səudiyyə Ərəbstanı Krallığına dünyanın müxtəlif ölkələrindən qonaqlar, o cümlədən elə yalnız “Media Forum”-da iştirak etmək üçün azı 1500 iştirakçı gəlmişdi.

Bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının İnformasiya Nazirliyinin hər bir qonaq qrupla deyə bilmərik, ancaq Azərbaycandan gələn nümayəndə heyəti ilə maraqlanması xüsusilə diqqət çəkən məsələ idi.

Səudiyyə Ərəbstanı Krallığının informasiya nazirinin səlahiyyətlərini icra edən nazir müşaviri Dr. Xalid Əl-Qəmdi (Dr. Khaled Al-Ghamdi وكيل وزارة الإعلام السعودية د.خالد الغامدي في) –nin vaxt ayırıb bizimlə görüşməsi, müasir dünyada, eləcə də Səudiyyə Ərəbistanı Krallığında Mətbuat sahəsindəki uğurlar, həllini gözləyən problemlər barədə bizimlə fikir mübadiləsi etməsi, o cümlədən Azərbaycanla media əlaqələrinin qurulmasına üstünlük verdiklərini önə çəkməsi maqaq doğurdu. Söhbət zamanı Dr. Xalid Əl-Qəmdinin bizim ölkəmizi yaxşı tanıdığı, əlaqələrimiz çərçivəsində məlumatlı olduğu aydın görünürdü. Səudiyyə Ərəbistanı Krallığını  informasiya nazirinin səlahiyyətlərini icra edən nazir müşaviri Dr.Xalid Əl-Qəmdinin şəxsən bizi dinlədikdən sonra rəsmi olaraq qeydiyyatdan keçirdiyimiz və qurmağa çalışdığımız Cahan TV  kanalının qurulmasına dəstək olacaqlarını vəd etməsi SƏK-in müstəqil dövlət kimi ilk günlərindən tanıdığı və müxtəlif sahələr üzrə öz dost yardımını göstərdiyi Azərbaycan Respublikasının media sahəsinin inkişafına da diqqətini nümayiş etdirdi.

Əlbəttə, hər ümumi - “ev sahibinin” qonağın ehtiyacı ilə maraqlanması etik yanaşmasını yada salmaq yerinə düşər. Belə ki, Səudiyyə Ərəbistanı Krallığının İnformasiya nazirinin səlahiyyətlərini icra edən Dr. Xalid Əl-Qəmdi də biz qonaqlarının ehtiyacı ilə maraqlandı. Hamılıqla biznes klas uçuşdan, paytaxtın yüksək səviyyəli və tanınmış interkontinental otelinə yerləşdirilməyimiz, hələ hər gün 3 dəfə bizə xüsusi diqqətlə ölkənin bütün mətbəx mədəniyyətinin təqdim olunmasından, könüllülərin mehriban, qayğılı münasibətindən və s. xoş təəssüratlarımızdan danışdıq. Amma. Bir problemimiz vardı. İlk gündən həlli naməlum olan və vətənimizə dönməyə 2 gün qalmış hələ də dəqiqləşməmiş bir problemimiz. Dövlət rəsmisi problemlərimizlə maraqlandıqda bu yazının müəllifi - mən  dövlət rəsmisinə yüksək səviyyədə qarşılandığımıza görə təşəkkür etməklə bərabər, 50 il bu arzunu daşıdığımız, həsrətində olduğumuz müqəddəs Məkkə əl-Mükərrəməyə getmək - Ümrə Ziyarəti etmək xahişimizi bildirdim. Səudiyyə Ərəbistanı Krallığının İnformasiya nazirinin səlahiyyətlərini icra edən Dr. Xalid Əl-Qəmdi baxmayaraq ki, xahişimizi nəzərə alıb bizi Ümrə ziyarətinə göndərməyə söz verdi və ona  minnətdarlığımızı bildirdik.

Davamı olacaq

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: