Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

29.03.2023 09:45
  • A-
  • A
  • A+

Qərbi Azərbaycana Qayıdış tarixi həqiqət prizmasında

Qərbi Azərbaycana Qayıdış tarixi həqiqət prizmasında

Xəbər verdiyimiz kimi, ötən günlərdə “Xalq qəzeti” redaksiyasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun rəhbərliyi və bu elm ocağında yeni yaradılmış Qərbi Azərbaycan tarixi şöbəsinin əməkdaşları ilə Qərbi Azərbaycana Qayıdış ümummilli hərəkatının elmi-tarixi təminatı mövzusunda Dəyirmi masa keçirildi. Qəzetimizin sualları ətrafında aparılan aktual müzakirədə tarixçi alimlər indiki Ermənistan dövlətinin yerləşdiyi coğrafiyanın qədim zamanlardan bir əsr əvvələdək türk torpaqları olduğunu təkzibedilməz fakt və dəlillərlə sübuta yetirdilər. 

“Xalq qəzeti”nin baş redakto­ru Əflatun Amaşov müzakirəni giriş sözü ilə açaraq bildirdi ki, milli tarixi­mizin dərindən və obyektiv öyrənil­məsi sahəsində ölkəmizdə baş elmi mərkəz olan İnstitutun aradığı ardıcıl və sistemli tədqiqatlar müstəqillik il­lərində redaksiyamızın önəm verdiyi mövzulardan olub. Yaranmış səmərəli əməkdaşlıq bu gün Qərbi Azərbaycan tarixinin əhatəli və dərindən araşdırılma­sı istiqamətində də uğurla davam edir. 

Baş redaktor daha sonra qeyd etdi ki, Qərbi Azərbaycan İcmasının doğma yurda qayıdışına media dəstəyi qazan­dırmaqda redaksiya tarixçi alimlərimi­zin vətənpərvərlik mövqeyinə, mötəbər qənaətlərinə ciddi və mötəbər mənbə kimi istinad edir. Bu missiyanın gerçək­ləşməsinə layiqli töhfəni artırmaq üçün qəzet ilə institutun yaradıcılıq imkanla­rını yenidən nəzərdən keçirməyə, əlbir səyləri artırmağa ehtiyac duyulur.

Dəyirmi masanın materiallarını – söylənən elmi açıqlamaları, bildirilən dəyərli mülahizələri, qaldırılan aktual məsələləri qəzetimizin bu nömrəsin­dən başlayaraq, oxucularımıza çatdı­rırırıq.

AMEA Tarix İnstitutunun baş di­rektoru, professor Kərim Şükürov önəmli birgə fəaliyyətin yüksək sə­viyyədə davam etdirilməsi yollarının axtarışı ilə bağlı müzakirənin hər iki kollektiv, bütövlükdə, geniş oxucu kütləsi üçün faydalı olacağını söylə­di: 

– Qərbi Azərbaycandan zorakı üsullarla qovulmuş soydaşlarımızın bir­ləşdiyi Azərbaycan Qaçqınlar Cəmiyyə­tinin 35 ildən bəri doğma yurda qayıt­maq uğunda apardığı ictimai mübarizə Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Qərbi Azərbaycana Qayıdış ümumxalq hərəkatına çevril­məklə tarixçi alimlərin də qarşısında yeni ciddi vəzifələr qoyub. Dövlət baş­çısının Qərbi Azərbaycana dinc və lə­yaqətli şəkildə qayıdışının elmi-taririxi təminatının yaradılması çağırışından sonra AMEA-da yaradılmış 3 xüsusi bölmədən biri də Tarix İnstitutunun Qər­bi Azərbaycan şöbəsidir. Qısa müddət­də yeni strukturun əməkdaşları Qərbi Azərbaycan tarixinin ayrı-ayrı dövrlər, önəmli mövzular üzrə öyrənilməsi ilə bağlı kompleks və mükəmməl araşdır­malara başlayıblar. 

Təəssüf ki, sovet dövründə Qərbi Azərbaycanda mövcud olmuş sonuncu türk feodal dövləti – İrəvan xanlığı ilə bağlı işıq üzü görmüş kitablarda bəzi təhriflərə yol verilmişdir. Bunun səbəbi həmin dövrdə fəaliyyət göstərən alim­lərimizə olan təzyiqlər və mövcud olan sərt senzura idi. Bir faktı da diqqətə çatdırmaq istərdim ki, bu dövrdə tarixçi alimlərimizdən birinə Ermənistan ərazi­sində Azərbaycan mədəniyyəti tarixi ilə bağlı doktorluq dissertasiyası mövzusu təqdim olunsa da, bu istiqamətdə tə­dqiqatların aparılmasına icazə verilmə­mişdir. Bu səbəbdən həmin illərdə bu ərazilərin tarixi ilə bağlı əsaslı tədqiqat­lara rast gəlmək mümkün deyil. Yalnız 1991-ci ildə dövlət müstəqilliyinin bər­pasından sonra bu istiqamətdə tədqiqat işlərinə başlanılmışdır. 

Xatırladım ki, tarixçi alimlərimiz istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycanın milli mənafeyini əsas tu­taraq onun qorunması üçün əllərindən gələni etmişlər. Ümumiyyətlə, Qərbi Azərbaycanla bağlı tarixi məsələlər son 30 il ərzində Tarix İnstitutunun diqqət mərkəzində olmuş, monoqrafiyalar və məqalələr yazılmış, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini almaq üçün dissertasiyalar müdafiə olunmuş­dur. Tarix İnstitutunda Qərbi Azərbay­canla bağlı əsaslı tədqiqatlara Azərbay­can Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra başlanılmışdır. Məsələn, İrəvan xanlığı haqqında ge­niş məlumat ilk dəfə 1993-cü ildə nəşr edilmiş bir cildlik “Azərbaycan tarixi” ki­tabında öz əksini tapmışdır. 

1998–2003-cü illərdə nəşr edilmiş 7 cildlik “Azərbaycan tarixi” kitabının 3, 4 və 5-ci cildlərində də bu barədə geniş məlumat təqdim olunmuşdur. Çoxcildlikdə Çuxur-Səəd bəylərbəyliyi, İrəvan xanlığı, XIX əsrdə bu ərazilərin işğalı, ermənilərin bura köçürülməsi və məskunlaşdırılması tarixi, İrəvan qu­berniyası, Qərbi Azərbaycan ərazilə­rinin – İrəvan şəhəri və Zəngəzurun qərb ərazilərinin ermənilərə güzəştə gedilməsi, erməni-daşnak respublika­sının yaradılması, İrəvan quberniyası və Zəngəzurda azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı cinayətləri öz əksini tapmışdır. 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR əra­zisindən deportasiya olunması, 1988–1991-ci illərdə baş verən hadisələr də ümumiləşmiş şəkildə tədqiqata cəlb edilmişdir. 2007-ci ildən Tarix İnstitutun­da İrəvan xanlığının tarixi ilə bağlı araş­dırmalara başlanmışdır. 

Prezident İlham Əliyevin Qərbi Azər­baycan İcması təmsilçiləri ilə görüşdə­ki çağırışlarını və tövsiyyələrini əsas götürərək, Qərbi Azərbaycan tarixinin mövzu və problemlərinin əhatəli surət­də öyrənilməsi, icmanın fəaliyyətinin elmi baxımdan yönləndirilməsi ilə bağlı qarşımızda duran vəzifənin məsuliyyəti və gərəkliyi kollektivimizi şərəfli bir mü­barizəyə səfərbər edib. 

Qərbi Azərbaycan şöbəsinin mü­diri, professor Cəbi Bəhramov 9 nəfərlik kollektivin qarşısında duran ilkin hədəfin zəngin elmi qaynaq top­lamaqla Qərbi Azərbaycan tarixinin akademik nəşrini və bu ərazinin çox­saylı tarixi-coğrafi xəritələrdən ibarət atlasını yaratmaq olduğunu bildirdi: 

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbay­can İcması ilə görüşdə tarixi yurd yer­lərinə qayıdışa nail olmaq üçün həmin torpaqlarda deportasiyaya, soyqırımına məruz qalmış soydaşlarımızın taleyi ilə bağlı son 2 əsrlik tarix üzrə tədqiqatla­rın aparılması və mükəmməl konsep­siya hazırlanması göstərişini vermişdi. Artıq belə bir konsepsiya hazırlanıb, bu strateji sənəd əsasında genişmiqyaslı tədbirlərə, fundamental tədqiqatların aparılmasına başlanılıb. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış vətən müharibəsindəki şanlı qələbə nə­ticəsində 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa olundu, Azərbay­canın ağrılı problemlərindən olan Qa­rabağ məsələsi tarixin arxivinə atıldı. Hazırda Azərbaycanın növbəti problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycan torpaqlarından zaman-za­man vəhşiliklə çıxarılmış soyrdaşlarımı­zın öz məskənlərinə geri qaytarılması, vaxtilə bu torpaqlarda yaşamış əhalinin hüquqlarının bərpa olunmasıdır. 

Avropada XVI əsrdə qəbul olun­muş və bütün xalqlara tətbiq olunan legitimlik prinsipi mövcuddur. Bu prin­sipin mahiyyəti ondan ibarətdir ki, qə­dim zamanlardan müəyyən torpaqlarda məskunlaşmış yerli əhalinin ərazisini bölmək, işğal etmək, mənimsəmək yolverilməzdir. Azərbaycan xalqının hüquqları pozulub, ərazisi iki hissəyə bölünüb. Bundan əlavə, xalqımızın bir sıra torpaqlarına ona düşmən kəsilən bir xalq köçürülüb və soydaşlarımıza qarşı ən ağır cinayətlərdən olan soyqı­rımı törədilib. Xalqımızın pozulmuş hüquqlarının, tarixi ədalətin bərpası ol­duqca zəruri məsələlərdəndir. 

Bu səbəbdən Prezident İlham Əliyev 2022-ci ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati bi­nasında həmin bölgədən olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyətin bu torpaqla­rın tarixi üzərində qurulmasının gərək­liliyini bildirmişdir. Biz bu istiqamətdə işlərə artıq başlamışıq. Şöbəyə cəlb etdiyimiz mütəxəssislər müxtəlif dövrlər üzrə tədqiqatlar aparmış yüksəkixtisas­lı kadrlardır. Bundan əlavə, digər şö­bələrlə birbaşa əlaqəli şəkildə fəaliyyət göstəririk. Aparılan tədqiqatların əsas istiqamətlərini ən qədim dövrdən bu­günədək Qərbi Azərbaycanın tarixinin araşdırılması, tarixi atlasın tərtib edil­məsi təşkil edir. Bu iki məsələnin həlli üçün dünyanın müxtəlif ölkələrində ay­rı-ayrı dillərdə yazılmış elmi ədəbiyyatın toplanması işləri həyata keçirilir.

Qərbi Azərbaycanın qədim türk tarixi ilə bağlı məlumatlarına Assur və Urartu mixi yazılarında da tez-tez rast gəldiyini söyləyən şöbənin aparıcı elmi işçisi, dosent Ziyad Əm­rahov isə dedi:

– Cənubi Qafqaz ərazilərinin Əhəməni və Sasani imperiyalarının tər­kibinə qatılması ilə bəhs olunan bölgə də çox geniş ərazili imperiyaların bir əyaləti olmuşdur. Sasani imperiyasının indiki İran coğrafiyası da daxil olmaqla Cənubi Qafqazdakı hegemonluğuna son qoyan Ərəb xilafəti 661-ci ildən eti­barən bölgəni öz təsir dairəsinə keçir­mişdir.

IX əsrdə Ərəb xilafətinin Cənubi Qafqazda təsir dairəsinin zəifləmə­sindən sonra Qərbi Azərbaycan əra­ziləri erkən feodal dövlətlərindən olan Şəddadilərin hakimiyyətinə keçmişdir. XI yüzilliyin ilk rübündən isə Cənubi Qafqaza daxil olan oğuz türkləri cə­nub istiqamətindən Arran torpaqlarına daxil olaraq, Naxçıvana, sonra isə Də­bil şəhərinə yetişmişlər. Beləliklə, “Ki­tabi-Dədə Qorqud” dastanında “Oğuz eli” adlandırılan bölgə geniş ərazili Səl­cuq imperiyasının tərkibinə qatılmışdır. 1136-cı ildə isə Azərbaycan Atabəylər dövlətini yaradan Şəmsəddin Eldəniz az sonra Naxçıvanı paytaxt etməklə bölgəni tabeliyinə keçirmişdir.

XIII–XIV əsrlərdə Azərbaycan əra­ziləri Monqol imperiyasının tərkibinə qatılmışdır. Azərbaycan Qaraqoyunlu dövləti (1410–1468) yarandıqdan son­ra, 1411-ci ildə Qərbi Azərbaycanı da öz torpaqları sırasına daxil etmişdir. Qaraqoyunlu dövründə İrəvan şəhəri mühüm inzibati mərkəzə çevrilmişdir. V.Bartold yazır ki, İrəvan bir kənd kimi Əmir Teymur zamanında (XIV əsrin so­nunda) salınmış, Şah İsmayıl zamanın­da isə şəhərə çevrilərək İrəvan (Rəvan) adlandırılmışdır.

Azərbaycan Səfəvilər imperiyası yarandıqdan sonra Qərbi Azərbaycan torpaqları Çuxursəd (İrəvan) bəylər­bəyliyi inzibati-ərazi statusu daşımağa başlamışdır. Çuxursəd bəylərbəyliyinin mərkəzi şəhərindən bəhs edən bir sıra rusdilli qaynaqlar İrəvan şəhərini “Rə­van” deyə yad edir. XVI əsrin sonun­da və XVIII əsrin 20-ci illərində Səfə­vi–Osmanlı müharibələrinin gedişində Osmanlı imperiyası Səfəvi dövlətinin şimal-qərb bölgəsinin böyük bir hissəsi­ni ələ keçirmişdir. Bu bölgələri mərkəz­ləşmiş qaydada idarə etmək məqsədilə osmanlılar ərazinin ölkənin ictimai-siya­si və sosial-iqtisadi sisteminə inteqrasi­yası ilə ciddi məşğul olmağa başlamış­lar. 

Yuxarıdakı məlumatlardan görün­düyü kimi, Qərbi Azərbaycan əraziləri tarixi Azərbaycan torpaqları idi. XIX əsrin əvvəllərində Rusiya – Qacarlar müharibələrinin gedişi və nəticəsində Azərbaycanın şimal xanlıqları, o cüm­lədən İrəvan və Naxçıvan xanlıqlarının əraziləri çar Rusiyası tərəfindən işğal olundu. Azərbaycanın şimal ərazilərin­də xanlıq idarəetmə sistemi ləğv olun­du, əvvəlki inzibati-ərazi bölgüləri ciddi dəyişikliyə məruz qaldı. İnzibati-ərazi bölgüsü baxımından dəyişikliyə uğra­yan bölgələrdən biri də İrəvan və Nax­çıvan xanlıqlarının ərazisi idi.

Əvvəlcə, 1828-ci il martın 21-də İranla müharibənin başa çatması və Rusiya ilə İran arasında sülh bağlanma­sı haqqında manifest verildi. I Pyotrun zamanından Azərbaycan torpaqlarının işğalı üçün onun etnik mənsubiyyətinin ciddi-cəhdlə dəyişdirilməsi burada təs­bit edildi. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “qədim Ermənistanın bir hissəsi” elan edildi. Gö­ründüyü kimi, verilmiş çar fərmanı bölgə­nin başı üzərini almış gələcək təlatüm­lərdən xəbər verirdi. Bu təhlükə təkcə bölgənin əvvəlki coğrafi mənzərəsinin dəyişdirilməsi ilə deyil, həm də etnik mənzərəsinin süni şəkildə dəyişdirilmə­si, bölgəyə qeyri-millətlərin, ermənilərin köçürülməsi ilə yadda qalırdı.

Göyçə mahalının Qərbi Azərbayca­nın ən qədim tarixə malik ərazilərindən biri olmaqla, tarixən, Azərbaycan xalqı­nın təşəkkül tapdığı vahid və nəhəng areala daxil olduğundan söz açan tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Əhmədov aşağıdakı həqiqəti açıqladı:

–Qədim zamanlardan bu ərazilər­də yaşayan avtoxton əhali dil, maddi və mənəvi mədəniyyət, iqtisadi həyat şərtləri, ənənəvi təsərrüfat sahələrinin xüsusiyyətləri baxımından Azərbayca­nın digər ərazilərində yaşayan əhali ilə mənşə birliyinə malik olmuş və xalqımı­zın çoxəsrlik tarixinin formalaşmasında mühüm rol oynamışdır. Həmin ərazidə mövcud olan türk mənşəli toponim, et­nonim, etnotoponim, antroponim və s. onomastik vahidlər, erkən orta əsrlərə aid oğuz qəbiristanlıqlarının qalıqları, IV-XII əsrlərə aid alban kilsələri, qoçba­şı heykəllər, çoxəsrlik tarixə malik qala­lar və s. bunu sübut edən çoxsaylı mad­di mədəniyyət nümunələri misal olaraq göstərilə bilər. 

XVIII əsrin ikinci yarısı – XIX əs­rin əvvəllərində Göyçə mahalı inzibati cəhətdən İrəvan xanlığının tərkibinə daxil idi. Xanlığa daxil olan 15 mahal­dan biri olan Göyçə mahalı bu ərazidə yerləşirdi. Topoqrafik cəhətdən İrəvan xanlığının mahalları dağlıq, orta və düzən olmaqla 3 qrupa ayrılırdı. Göyçə mahalı bütünlüklə dağlıq ərazidə yer­ləşən mahallardan biridir.

Çar Rusiyası imperiya siyasətini davam etdirərək, Cənubi Qafqazı işğal etmək üçün XIX əsrin əvvəllərində təq­ribən 30 illik müharibə apardı. Qacarlar dövləti ilə aparılan müharibələrdə Çar Rusiyasının qələbəsi nəticəsində 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbay­canı, onun tarixi torpaqlarını iki hissəyə böldü. Şimali Azərbaycan xanlıqları, o cümlədən İrəvan və Naxçıvan xanlıqla­rının ərazisi bütünlüklə çar Rusiyasının hakimiyyəti altına keçdi.

Ən dəhşətli və qanlı hərbi-feodal müstəmləkə rejimi olan çar Rusiyası işğal edilmiş ərazilərdə xristian dayağı yaratmaq üçün ermənilərdən bir alət kimi istifadə etdi. 10 fevral 1828-ci il Türkmənçay və 2 sentyabr 1829-cu il Ədirnə sülh müqavilələrinin 15-ci və 13-cü maddələrinə uyğun olaraq İran­da və Türkiyədə yaşayan ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsinə başlanıldı. Çar Rusiyası hakim dairələrinin məqsədi müsəlman Şərqi ilə xristian Rusiyası arasında bu­fer zona yaratmaq, ermənilərin məqsə­di isə Cənubi Qafqazda “Ermənistan” dövlətinin əsası qoymaq idi.

1918-ci ilin may ayının 28-də Azər­baycan xalqı Şimali Azərbaycan tor­paqlarında öz dövlətçiliyini bərpa etdi. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəşt edilməsi haqqında bağışlanılmaz tarixi ədalətsizlik olan bir qərar qəbul edildi. Azərbaycan Cüm­huriyyətinin mübahisəsiz sahələrinin inzibati-ərazi bölgüsü – quberniyalar, qəzalar, dairələr demək olar ki, əvvəlki kimi qalmışdı, yeganə dəyişiklik Göyçə gölünün şərq hissəsində təsis olunmuş “Göyçə dairəsi” idi. Xalq Cümhuriyyəti daxilində “Göyçə dairəsi” yaradılmışdı. 

Sovet Rusiyasının təcavüzü nəti­cəsində Azərbaycan Xalq Cümhuriy­yətinin dövlət müstəqilliyinə son qoyul­duqdan və onun ərazisində Azərbaycan Sovet Sosialist Respublikası yaradıl­dıqdan sonra ölkə ərazilərinin itirilməsi prosesi daha da dərinləşdi. Əvvəlcə Sovet Rusiyasının, 1922-ci ildən sonra isə Sovet İttifaqı rəhbərliyinin havadarlı­ğına arxalanan ermənilər XI Qırmızı Or­dunun köməyindən istifadə edərək hələ Azərbaycan Xalq Cümhuriyyəti vax­tında mübahisəli ərazilər kimi qələmə verilən, əslində isə qədim Azərbaycan torpaqları Zəngəzur, Şərur-Dərələyəz torpaqları ilə yanaşı, Göyçə gölünün şərq ərazilərini ələ keçirmək niyyətlərini həyata keçirdilər.

Beləliklə, 1921–1929-cu illərdə Sovet İttifaqı rəhbərliyinin Azərbaycan SSR-lə bağlı ərazi məsələlərinin Azərbaycan xalqının iradəsinin əleyhinə həlli nəticə­sində tarixi Azərbaycan əraziləri düşmən ixtiyarına keçdi və bundan əlavə, 11 min kvadratkilometr Azərbaycan SSR əra­zisi Ermənistan SSR tərkibinə verildi. Buraya əsasən Zəngəzur qəzası, Şə­rur-Dərələyəz qəzası ilə yanaşı, Göyçə dairəsinin torpaqları da daxil idi. 

(ardı var)

Dəyirmi masanın materiallarını hazırladı:

Tahir AYDINOĞLU,

Vaqif BAYRAMOV,

Elşən AĞALAR (foto),

“Xalq qəzeti”

  • Paylaş: