Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.03.2023 10:17
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda neft-qaz geoloji rayonlaşdırma xəritəsinin yenidən tərtibi məsələsi müzakirə edilib

Geologiya və Geofizika İnstitutunda neft-qaz geoloji rayonlaşdırma xəritəsinin yenidən tərtibi məsələsi müzakirə edilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində növbəti elmi seminar keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Ekologiya və Təbii Sərvərlər Nazirliyinin, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun və RSXM-in əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə müzakirə olunacaq məsələnin aktuallığını nəzərə çatdırıb və təqdimat üçün sözü Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun şöbə müdiri, g.-m.e.d. Namaz Yusubova verib.

N.Yusubov “Azərbaycanın depressiya zonalarının tektonik və neft-qaz geoloji rayonlaşdırma xəritələrinə yenidən baxılmasının zəruriliyi” mövzusunda təqdimat reallaşdırıb. Məruzəçi Azərbaycanın neft-qaz-geoloji rayonlaşdırılması və neft-qaz potensialı xəritəsinin yenilənməsinin vacibliyini vurğulayıb. Müasir geoloji-geofiziki informasiyanın şərhini verərək diqqətə çatdırıb ki, “Azərbaycan SSR-nin neft-qaz yataqları və perspektiv strukturları” (1985), “Azərbaycan SSR-nin neft-qazlılıq potensialı” (1987) adlı xəritələrdən və onlara aid izahat kitabçalarından istifadə edilməklə tərtib edilmiş “Azərbaycanın neftli-qazlı ərazilərinin tektonik rayonlaşdırma xəritəsi” və “Azərbaycan ərazisinin neft-qaz-geoloji rayonlaşdırma və neftqazlılıq perspektivləri xəritəsi” məlumatlılıq və zəruriyyət baxımından vaxtında faydalı olsalar da, hazırki texnika və qabaqcıl texnologiya şəraitində mütəxəssislərin tələblərinə tam cavab vermir. Bu xəritələrin tərtib edilməsindən ötən 20 il ərzində Xəzər dənizinin Azərbaycan sektoru yenidən, regional miqyasda, 2D seysmik profillər şəbəkəsi ilə (2,5 x 2,5 km) örtülüb. Azərbaycanın quru ərazisində innovativ texnologiyalardan istifadə olunmaqla xeyli sayda regional miqyaslı 2D seysmik profillər işlənib və s. Bütün bu faktlar və digər elmi-təcrübi tədqiqatların nəticələri müasir geoloji-geofiziki məlumatların ümumiləşdirilmiş nəticələri əsasında neft-qaz geoloji rayonlaşdırma xəritəsinin yenidən tərtib edilməsinin zəruriliyini göstərir.

Təqdimatla bağlı çoxsaylı suallar cavablandırılıb və mövzu ətrafında alimlərin çıxışları dinlənilib.

Elmi seminarı yekunlaşdıran akademik Akif Əlizadə g.-m.e.d. Namaz Yusubovun təqdimatını müsbət qiymətləndirməklə yanaşı, tövsiyələrini də açıqlayıb. Bildirib ki, elmi seminarda müzakirə edilmiş mövzu diqqətə layiqdir, lakin bu məsələnin reallaşdırılması üçün aidiyyəti olan mütəxəssislərlə birgə araşdırmalar aparıb konkret, dəqiqləşdirilmiş nəticələrə nail olmaq zəruridir. Ümumiyyətlə isə N.Yusubovun müzakirəyə çıxartdığı problem məsələnin multidissiplinar yanaşmada kompleks həlli Azərbaycanın neft-qaz sektorunun yüksək inkişafına yeni töhfələr vəd edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: