AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın prezidenti, institutun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi haqqında, filologiya elmləri doktoru Vaqif Yusiflinin 75, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin isə 60 illik yubileyinin keçirilməsinə dair və digər məsələlər haqqında fikirlərini bölüşüb.
Sonra filologiya elmləri doktoru, professor Asif Rüstəmli 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycan ədəbiyyatında soyqırımı mövzusu” adlı məruzə ilə çıxış edib. Məruzədə vurğulayıb ki, Daşnak-bolşevik muzdlu qatillərinin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada Azərbaycan türklərinə qarşı törətdikləri və misli görünməmiş qəddarlıqla həyata keçirdikləri kütləvi qırğınlardan və bu faciəli hadisələrə həsr edilmiş ilk bədii nümunələrin qələmə alınmasından 105 il keçsə də, o əsərlərdə bu gün də sözün haqqa güvənci, emosionallığı, təravəti, kəsəri güclü, magik enerjisi tükənməzdir. İstinad olunan əsərləri vizual nəzərdən keçirdikdə müşahidə olunur ki, “Mart hadiseyi-ələmiyyəsi”ndən sonra isti-isti yazılmış şeir, hekayə, esse, dram əsərləri və s. bədii nümunələrin müəllifləri qətliam, soyqırımı aksiyasının şahidləri və ya zərərdidələri olmuşdur”.
Elmi şurada filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti barədə iştirakçıları məlumatlandırıb. Təhsil şöbəsinin müdiri Samir Səttarov isə “İnstitutun magistrantlarının attestasiyasının təsdiq edilməsi haqqında” və başqa məsələlərlə bağlı məlumat verib. Elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı gündəlikdəki çap və müsabiqə məsələrindən danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.