Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2023 17:03
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi sessiya keçirilib

Əlyazmalar İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi sessiya keçirilib

Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “1918-ci ilin Mart soyqırımı arxiv materiallarında” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açaraq Azərbaycan xalqının son iki əsrdə erməni terrorizminə, abidələrimizin, kitabxanalarımızın erməni vandalizminə məruz qaldığını, erməni millətçilərinin azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdiklərini və bu cinayət hadisəsinin bəşəriyyətdə hər zaman lənətlənəcəyini bildirib. Alim faktlar göstərərək “erməni xəstəliyi” və erməni ziyalılarının riyakarlığından bəhs edib. O, 31 Mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymətin xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqrımı haqqında” müvafiq Fərman imzalaması ilə verildiyini vurğulayıb.

Daha sonra çıxış üçün söz məruzəçilərə verilib.

Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, fil.e.d., dosent Nailə Səmədova “Erməni vəhşiliyi faciə şahidlərinin xatirələrində”, institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə “Əski mətbuat nümunələrində 1918-ci ildə ermənilərin Azərbaycanın müsəlman əhalisinə qarşı törətdiyi soyqırım aktı”, institutun doktorantı Vüqar Hacıyev “Qarabağ və Zəngəzurda törədilən soyqırım ermənilərin uydurma “Böyük Ermənistan” ideyasının nəticəsidir” mövzusunda məruzələrlə çıxış edərək erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən bəhs edib, onların bu siyasətinin azərbaycanlıları öz tarixi torpaqlarından qovaraq, eyni zamanda bir etnos kimi regionda tamamilə məhv edib bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq məqsədi güddüyünü vurğulayıblar. Bildiriblər ki, 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini sübut edən faktlar, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni terrorizmini təsdiqləyən əyani dəlillərdir.

Elmi sessiya məruzə ətrafında çıxışlarla davam edib.

Əlyazmalar İnstitutunun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, fil.e.d., professor Raqub Kərimov çıxışında erməni bolşeviklərinin millətimizə qarşı həyata keçirdiyi soyqırımın aparıcı qüvvəsinin erməni daşnakları olduğunu və ermənilərin xarici havadarlarının köməkliyi ilə yiyələndiyi torpaqlarımızda törətdiyi insanlığa sığmayan əməllərinin sonralar sovet hökuməti tərəfindən məqsədli şəkildə ört-basdır edildiyini vurğulayıb.

Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, t.e.d., professor Tahirə Həsənzadə çıxışında qeyd edib ki, hər il dərin hüznlə qeyd etdiyimiz qətliam hadisəsi, ümumiyyətlə erməni faşizminin xisləti ilə bağlı faktlar təkcə Azərbaycanlı alimlərin deyil, dünya alimlərinin də tədqiqatlarında öz əksini tapıb. Müxtəlif tarixi monoqrafiyalardan, xarici ölkələrin arxiv sənədlərindən nümunə gətirən alim ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin boşa çıxdığını vurğulayıb.

Tədbirin sonunda Əlyazmalar İnstitutunun Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin “Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlar mənbələrdə” mövzusunda hazırladığı kitab sərgisinə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: