Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2023 17:50
  • A-
  • A
  • A+

“31 Mart - Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

“31 Mart - Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “31 Mart - Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Sonra Quba Soyqırımı Memorial Kompleksi və Quba Şəhidlər xiyabanı ziyarət olunub.

ADPU-nun Quba filialında təşkil olunan konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Filialın direktoru, fizika elmləri doktoru Yusif Alıyev bildirib ki, 1918-ci ilin mart hadisələri Bakı soveti və erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın kimi tarixə düşüb. Soyqırımı hadisələri Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə baş verib.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. Azərbaycanlılara qarşı soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb.

Daha sonra konfransda TAİB-in sədri, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyev “Azərbaycanlıların 31 Mart soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vəhşiliyinin bariz təzahürüdür” mövzusunda məruzə ilə çıxış edib. Natiq Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və 31 Mart soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsindəki rolundan danışıb.

Konfransda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmlər doktoru Xuraman Hümbətova, dosent Sabir Tağıyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Televiziya və Radio Akademiyasının rektoru Telli Pənahqızı, telejurnalist Mübariz Süleymanlı və qazi Qədir Quliyev çıxış ediblər. Bildirilib ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı.

Elmi-praktik konfransın sonunda TAİB-in sədri, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyev ADPU-nun Quba filialının Elmi Şurasının qərarı ilə Türk dünyasında elm, təhsil və mədəniyyət sahəsində xidmətlərinə və Heydər Əliyev irsinin təbliği istiqamətində önəmli fəaliyyətinə görə fəxri diplomla təltif edilib. Həmçinin ADPU-nun Quba filialının direktoru Yusif Alıyev TAİB tərəfindən təhsilin inkişafında xidmətlərinə və “31 Mart - Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfransın yüksək səviyyədə təşkilinə görə təltif edilib. Ona Ramin Əhmədovun müəllifi olduğu “Heydər Əliyev və antiterror siyasəti” adlı kitab hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: