İtaliyanın L’Aquila şəhərində Tanturri Fondunun təsis etdiyi məşhur 42-ci “Scanno” mükafatının təqdimat mərasimi keçirilib.
Ənənəvi olaraq hər il Tanturri Fondu ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə “Scanno” mükafatını təqdim edir. Tanınmış Azərbaycan yazıçısı, akademik Kamal Abdullayev da italiyalı oxucular tərəfindən böyük maraqla qarşılanan “Yarımçıq əlyazma” romanına görə bu ölkədə ən prestijli mükafatlardan sayılan ədəbiyyat üzrə xüsusi “Scanno” mükafatına layiq görülüb.
1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş “Scanno” mükafatı müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu günədək “Scanno”ya layiq görülmüş şəxslər arasında İtaliyanın sabiq Baş naziri Romano Prodi, Nobel mükafatçısı Mario Vargas Llosa, məşhur aktyor Mikele Plaçido, dünyanın müxtəlif ölkələrinin ali dövlət mükafatları ilə təltif olunmuş görkəmli şəxslər yer alır. Akademik Kamal Abdullayevin da bu cür mükafata layiq görülməsi Azərbaycan ədibinin yaradıcılığına dünya miqyasında verilən qiymətin göstəricisidir.
Mərasimdə vurğulanıb ki, Kamal Abdullayevin “Yarımçıq əlyazma” romanı ədəbi keyfiyyətinə və böyük tirajla satışına görə seçilən nəşrlər arasındadır. Romanda klassik ədəbiyyatla qədim tarixə aid mifologiyanın vəhdətdə təqdim olunması italiyalı ədəbiyyatsevərlərin diqqətini cəlb edib.
Tədbirdə Kamal Abdullayevin adından mükafatı alan Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək ədəbiyyatımıza verilən bu qiymətə görə Fondun rəhbərliyinə minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir