Tək o vaxt yox ki, elə sonra da ömrü boyu və əslində elə o vaxtdan çox əvvəl də -lap ilk gəncliyindən o, həmişə gələn kimi görünənlərdən oldu. Fitrətdən parlaq olduğundan bu işıq görünməyə də bilməzdi. Amma budəfəki görünmək bir başqa görünmək idi. O, artıq vəzifəcə Azərbaycanın Birinci adamı idi. Ancaq ona qədər də az Birincilər olmamışdı. Həmin gün böyük ölçüdə ilk "üzəçıxdı"sında onun etdiyini, güman etmirəm ki, daha əvvəlki Birincilərin hansısa etməyə təşəbbüs göstərəydi. Onun qəliblərə sığmazlığı elə ilk böyük addımlarından hər kəsə aşkar göründü.
...Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsindən vur-tut üçcə həftə sonra - 1969-cu il avqustun 5-də onun hansı miqyasın, hansı gücün sahibi olduğunun ilk açıq nümayişi idi.
Həmin gün Mərkəzi Komitənin növbəti plenumu keçirilirdi və məhz o gün dünənəcən çox mənada qapalı olan, məhdud dairədə az adamın tanıyıb-eşitdiyi yeni lider Heydər Əliyevi bütün Azərbaycan və əslində elə dünya da yaxın məsafədən görüb tanıyacaq. Respublika rəhbəri kimi 1969-cu ilin 5 avqustunda etdiyi ilk geniş məruzəsinin mətni avqustun 7-də Bakı qəzetlərində dərc olununca əks-səda isti-isti ABŞ-dan, Böyük Britaniyadan gəldisə, "Nyu-York Tayms", "Morninq star" kimi məşhur dünya qəzetləri həmin çıxışdan iqtibaslar gətirməklə məqalələr dərc etdisə, necə deməyəsən ki, bu, qeyri-adi hadisə idi. O vaxtacan Sovet İttifaqında yüksək vəzifəyə yeni təyin olunmuş heç kəs haqqında bircə çıxışından sonra Qərb mətbuatı bu cür kütləvi şəkildə və belə aniliklə, bunca heyrət və eyni zamanda heyranlıqla reaksiya verməmişdi. İş o yerə gəlib çatmışdı ki, artıq ömrün ixtiyar çağlarında Heydər Əliyevin özünün etiraf etdiyi kimi, Baş katib Leonid Brejnev özü ona zəng vurmuşdu ki, sən neyləmisən, nə demisən ki, xarici səslər belə danışır?
Nə demişdi, nə etmişdi ki, bunların sovet cəmiyyəti üçün gözlənilməzliyi öz yerində, hətta Qərbi də o deyişlərin qəfilliyi səksəndirmişdi?
Azərbaycan KP MK-nın Heydər Əliyevin Birinci katib olaraq apardığı ilk plenumu Mərkəzi Komitənin yerləşdiyi binada deyil, Siyasi Maarif Evində keçirilirdi. Yayın qızmar vaxtıydı, hər yerdə tətil mövsümü idi, elə rəhbər partiya və dövlət işçilərinin də əksəriyyəti məzuniyyətdəydi. Bəlkə də bu plenumu avqustda deyil, bir qədər gözləyərək sentyabrın ortalarına doğru keçirmək toplantıda iştirak etməli olanların hamısının qatıla bilməsi üçün daha məqsədəuyğun olardı. Lakin qaynar fəaliyyətə adətkərdə olan Heydər Əliyevin yeni və son dərəcə məsul vəzifədə təxirə salmadan deyəcəyi sözləri vardı, müəyyən mənada fəaliyyət proqramını, xəttini elan etməyə tələsirdi və bir ay-ay yarım vaxtı bihudə yerə itirmək istəmirdi. Hətta bir qismi məzuniyyətdən geri çağırılsa da, Mərkəzi Komitə üzvlərinin 126-sından 85-ini, üzvlüyə namizədlərin 74-ündən 48-ini, Təftiş Komissiyası üzvlərinin 53-ündən 47-sini yığmaq mümkün olmuşdu.
Plenumun həsr edildiyi mövzu elə idi ki, mətləbdən çox aralanmağa, digər vacib məsələlərə toxunmağa və cavan liderin gəlişinin mahiyyətini, öz xətti və məqsədlərini ürəyi istəyən kimi ifadə etməyə sanki elə bir meydan açmırdı: "Vladimir İliç Leninin anadan olmasının 100 illiyinə hazırlıq haqqında".
Bu mövzuda plenumlar, büro iclasları və müvafiq məsul yığıncaqlar, yəqin ki, o vaxt Moskvada da, digər respublikalarda da keçirilirdi və qarşıdakı aylarda da keçiriləcəkdi. Çünki irəlidən gələn 1970-ci ildə sovet bütü Leninin doğumunun bir əsrlik yubileyi əsl Ümumittifaq təntənəsinə çevrilməli idi. Heydər Əliyevin Mərkəzi Komitənin Birinci katibi kimi aparacağı ilk plenumun məzmunu və gedişi nə təhər olmalıdır sualının cavabını elə müəyyənləşdirilmiş mövzu diktə edirdi. Ancaq Heydər Əliyevin məruzəsində, elə bil ki, Lenin qaldı bir tərəfdə və həmin plenum dönüb oldu onun öz proqramını elan etdiyi və həm də adətən yüksək kürsülərdən haqqında danışılması Sovet İttifaqında dəb olmayan ağrılı mətləblərin aləmə faş edildiyi bir siyasi məclis. Adətən o dövrdə belə iclaslar rusca aparılardı və məruzənin mətni də irəlicədən hazırlanardı. Bu bənzəri olmayan məruzənin necə yaranmasının öz hekayəti var.
Düz 44 il müddətində - 1942-ci ildən ta 1986-cı ilə qədər indiki AZƏRTAC-ın sələfi olan Azərinforma təcrübəli jurnalist Yefim Qurviç rəhbərlik etmişdi. Adətən Mərkəzi Komitənin Birinci katiblərinin müxtəlif məruzələrini də verilmiş tezislər əsasında siyasi məsələlərdə də yetərincə səriştəli olan Yefim Qurviç və onun komandası hazırlardı.
Və bu məruzənin necə ərsəyə gəlməsi ilə bağlı əhvalatı 1980-ci illərin əvvəllərində Mərkəzi Komitə katibi Həsən Həsənova o özü söyləyib. Həsən müəllim də bütün ayrıntıları ilə mənə danışdı. Mövzu aydın idi və plenum ərəfəsində məruzənin hazır mətni təqdim olunur Heydər Əliyevə.
Yefim Qurviç nağıl edirmiş ki, elə yanımdaca vərəqlədi və soruşdu ki, bu nədir yazmısınız? Belə xəbər almasından elə zənn etdim ki, Vladimir İliç Leninlə bağlı tərifli epitetləri az işlətmişik, ona görə belə deyir, cavab verdim ki, dahi rəhbərin yubileyi ilə bağlı ənənəvi mətndir, adətən belə məruzələr sırf pozitiv ruhda olur, Leninin yaşayan yolunun uğurlu davamından bəhs edilir. Yefim Qurviç üstündən illər keçəndən sonra da həmin andakı yaşadığı şaşqınlığı unutmurmuş, çünki o, sözünü deyincə Heydər Əliyev bir qədər kinayəli tərzdə dillənir ki, bəs həmin yol uğurla davam etmirsə? Yefim Qurviç düz Mircəfər Bağırovdan bu yana çox Birinci katiblərlə işləmişdi, bişkin adam idi, amma sualın bu şəkildə qoyuluşu o qədər gözlənilməz olur ki, özünü itirir. Bütün bunlar öz etirafıdır.
Heydər Əliyev "Əyləşin" deyir, başlayır məruzəni təfərrüatı ilə diktə eləməyə. Qalırdı sadəcə artıq söylənmiş və köhnə mətni büsbütün alt-üst edən təzə variantı yüngülvari redaktə edib makinadan çıxarmaq. Azərinform sədri bunu da yada salırmış ki, hətta plenum vaxtı həmin özünün diktə etdiyi və çap olunmuş mətndən də neçə dəfə kənara çıxdı, ayrı-ayrı tənqidi fikirlərini inkişaf etdirdi.
...Heydər Əliyevin avqustun 5-də plenumda 2 saata yaxın müddətdə etdiyi məruzənin mətni ayın 12-də "Kommunist" və "Bakinski raboçi" qəzetlərində dərc ediləcək, həm Azərbaycanda, həm də Azərbaycandan kənarlarda həmin sensasion sayılan çıxışla əlaqədar elə onun ilk dinləyicisi olmuş Qurviçinki kimi həm heyran, həm şaşqın baxışlar məhz bundan sonra ortaya çıxmağa başlayacaq.
Həmin hamının oxuya bildiyi mətnsə hələ Heydər Əliyevin plenumda dediklərinin hamısı deyildi. Qəzetdə mətnin altında xırdaca hərflərlə bir qeyd də verilmişdi: "İxtisarla". Əslində isə mətn sadəcə olaraq ixtisarla deyil, lap çox ixtisarla buraxılmışdı. Ona görə də həmin 5 avqust günü, plenumun davam etdiyi saatlarda Mərkəzi Siyasi Maarif Evində Heydər Əliyevi ilk dəfə dinləyənlərin hansı hissləri yaşadığını, Heydər Əliyevin Azərbaycan dövlət idarəçiliyinə hansı əzmlə başladığını aydın təsəvvür etməkçün gərək məruzənin əslinə baxasan.
O gün Heydər Əliyevin söylədikləri bir tərəfdən hamının bildiyi və danışdığı həqiqətlər idi. Ancaq bütün bunları auditoriyalarda, insanlar qarşısında söyləmək, belə məsələlər ətrafında açıq müzakirələr aparmaq vərdişi yox idi. İnsanlar belə sözləri ev-eşikdə, kənar qulaqlardan uzaqda danışar, yaxınlar, simsarlar bütün bunları gündəlik həyatın ağrıları kimi xısın söhbətlərində bölüşərdilər. O idarədən ki Heydər Əliyev Mərkəzi Komitə rəhbərliyinə gəlmişdi, orada çalışanların vəzifələrindən biri camaatın öz arasında etdiyi belə söhbətləri də nəzarətdə saxlamaq, xəlvəti edilən söhbətləri əsasında da həmin adamlar haqqında rəy müəyyənləşdirmək idi.
Heydər Əliyev həmin idarəni də, içərisində yaşadığı cəmiyyəti də yaxşı tanıyıb-bildiyindən o cür söhbətlərin edilməsinin deyil, məhz onların üzə çıxmadan adamların daxilində yığılıb qaldıqca asta-asta kinə, qəzəbə, narazılıqlara çevrildiyindən də agah idi. Eyni zamanda məhz Dövlət Təhlükəsizlik Komitəsinin yüksək peşəkarlarından biri kimi bunu da gözəlcə anlayırdı ki, nə belə danışıqlar, nə də belə danışanlar dövlətə təhlükədir. Söz yox, bu həqiqəti DTK-da xidmətdə olan bir çox başqa ağıllı əməkdaşlar da, elə Mərkəzi Komitədə işləyən bəsirətli adamlar da bilməmiş deyildilər. Ancaq lap yuxarılardan gələn bir "olmaz" yasağı da vardı. Kimsə günlərin birində bu düyünü, nəhayət ki, qırmalı idi.
Və Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərliyə elə təxirə salmadan düyünü qırmaqdan başlayırdı...
Bütün Sovet İttifaqı boyunca da, elə eyni orqanizmin bir parçası olan Azərbaycanda da korrupsiya baş alıb gedirdi. Hamı görürdü, bilirdi, lakin kimsə bu haqda ucadan danışmırdı. Uşağa da bəlli idi ki, ali məktəblərə qəbullarda rüşvət, tapşırıq az qala rəsmiləşmiş nəzarət-keçid məntəqəsi kimidir. Bunun ucbatından hər il qəbul imtahanlarında nə qədər qabiliyyətli yeniyetmə layiq olduğundan daha aşağı qiymətlər alaraq kənarda qalırdı. Yüksək vəzifə tutanların alim olmaq azarı da bəlli gerçək idi. Nazirlər, prokurorlar, raykom katibləri və digər bu qəbil əliuzun məmurlar "dar günün yarağıdır" düşüncəsiylə heç qatını açıb oxumağı özlərinə rəva bilmədikləri qalın dissertasiyaları "müvəffəqiyyətlə" müdafiə edir, elmi dərəcələr qazanırdılar. Bu və buna oxşar nə qədər mərəzlər ki haçandan bəri Azərbaycan cəmiyyətini daxildən incidirdi, Heydər Əliyev onlardan danışırdı.
Burada oturanların əksəri mötəbər bir yığıncaqda belə sözlər danışanı daha əvvəllərdə eşidib-görmüş olsaydı, bu barədə ləngimədən Dövlət Təhlükəsizlik Komitəsini xəbərdar etməyə çalışardılar ki, belə bir adam peyda olub, belə sözlər danışır, ölçü götürün! İndi matdım-matdım baxırdılar, karıxmış halda dinləyirdilər və baş verənlərin niyəsini dərk etməyə çalışırdılar. Ənənəvi sovet düşüncəsi ilə, oturuşmuş süst idarəçilik məntiqi ilə bu suallara cavab tapmaq çətin idi.
Bu sözləri deyən yalnız əlində yüksək səlahiyyətlər olan respublika rəhbəri yox, həm də ömrünün 25 ilini xüsusi xidmət orqanlarına həsr etmiş general idi.
Ona görə də heç cür ağıllarına sığışdıra bilmirdilər ki, necə ola bilər, belə adam belə sözlər danışsın. Bunu öz aləmlərində Moskvadan gələn tapşırıq, yeni başladılan dövlət siyasəti kimi yozmağa çalışırdılar. Ancaq bu mülahizəni də hansısa məntiqə bağlamaq qəliz idi. Onlar heç, üzü üzlər görmüş və sovetə qarşı daim ifşaçı mövqedə dayanan Qərb mətbuatı da bu hadisəyə - siyasi arenaya çıxan Heydər Əliyev fenomeninin belə davranışlarına məntiqli izah, sonacan qane edə bilən cavab tapmaqda aciz qalmışdılar. Sovet qəzeti nə idi, sovetəyaraşmaz belə sifətləri qəzet sütunlarına çıxarmaq nə idi? Tərifli sovet cəmiyyətində bir partiya liderinin açıqca bəyan etdiyi və indi qəzetdə oxuna bilən bu cür sözləri o vaxt insanlarımız yalnız gecə saatlarında "Amerikanın səsi"nin vurulduqca xışıltılara bürünən qısa dalğalarından eşidə bilərdilər. Gör iş nə yerə gəlib çatmışdı ki, 1969-cu il avqustun 12-də "Azadlıq" radiosunun rus redaksiyası Heydər Əliyevin "Bakinski raboçi"də dərc edilmiş məruzəsindən sitat gətirirdi: "Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev respublikanın məsul vəzifə tutan bir sıra dövlət və partiya xadimlərinin rüşvətxorluğunu, mənəviyyatsız əməllərini faş edən məruzə ilə çıxış edib. Əliyev hökm sürən intizamsızlıq və kommunist əxlaqı ilə uyğun gəlməyən hərəkətlərdən bəhs edib. O, təqsirkarların ifşa edilməsi və rüşvətə qurşananlarla mübarizə aparılmasının zəruriliyindən söz açıb. Eləcə də Əliyev bildirib ki, Azərbaycan Sovet Respublikasında məsul dövlət və partiya vəzifəsi daşıyanların bir çoxu buna qohumluq münasibətlərinə görə layiq görülüblər".
Düşmən radioların əlinə sovet siyasəti və idarəçiliyinin iç üzünü açan bir dissident düşsəydi, onun başına fırlanar, dərhal mikrofon qarşısına çəkərdilər.
Burada isə nə az-nə çox, Kremlin bir respublikaya rəhbər təyin etdiyi şəxs sovet ideologiyası baxımından hədyan hesab ediləsi belə açıq-saçıq ifşalara başlamışdı.
Necə mat qalmayaydılar?!
...1969-cu il avqustun 5-i idi. Mərkəzi Komitənin Plenumu gedirdi. Heydər Əliyev danışırdı və zaldakıların bir çoxu narahat-narahat yerində qurcalanırdı. Çünki o qüsurlar ki onlardan yeni rəhbər bəhs edirdi, buradakıların əksəriyyəti həmin qəbahətlərdən xali deyildi. O gün plenuma qatılan 340 nəfərin qarşısında Heydər Əliyevin söylədiklərinin hər kəsdə yaratdığı ilk və əsas qənaət o idi ki, bu gündən Azərbaycanın həyatında büsbütün yeni dövrün təməli qoyulur və respublikaya rəhbərliyində ilk qəti addımını atan bu şəxs özündən əvvəlkilərin heç birinə oxşamır, indi ortada olanların da hamısından çox seçiləndir. Plenumun mövzusu sovet dövlətinin banisi Vladimir Leninin 100 illik yubileyinə hazırlıq məsələlərinin müzakirəsi olsa da, "proletariatın dahi rəhbəri" qalmışdı böyürdə, ən yaxşı halda vasitəçiyə çevrilmişdi.
Heydər Əliyev sözünü Lenindən başlayaraq qısa danışır, dərhal keçirdi haqqında müfəssəl bəhs etdiyi vacib mətləblərə. Deyirdi ki, respublikanın məktəblərində Leninə həsr edilmiş yüzlərlə muzey, xüsusi otaq, guşə yaradılıb. Əlavə edirdi ki, bütün bunlar yaxşı. Ancaq bəs məktəbimiz özü mahiyyətcə necə olmalıdır?
Və istəyini, baxışını açıqlayırdı: "Mühümü budur ki, məktəb ümumilikdə nələrə nail olmalıdır. Bu, tədris-tərbiyə işini yaxşılaşdırmaq, müəllimlərin xalq, partiya qarşısında məsuliyyətini artırmaqdan ibarətdir. Təhsil alan gənc nəslin tərbiyəsi yalnız əqidəli, mənəvi cəhətdən saf insanlara etibar edilməlidir. Ancaq təəssüf, bunu da etiraf etmək lazım gəlir ki, məktəblərin, texnikumların və ali məktəblərin müəllimləri arasında natəmiz, bəzənsə cəmiyyətə zidd şəxslərə də rast gəlinir".
Və başlamışdı dərinə getməyə, hər il qəbul imtahanları ərəfəsində Bakıda və Moskvadakı müxtəlif ünvanlara bu sahədə rüşvətxorluğun olması barədə yığın-yığın ərizə və şikayətlər göndərilməsi haqqında danışmağa. Rüşvət almaq üstündə M.F.Axundov adına Pedaqoji İnstitutun elmi kommunizm fənnindən dərs deyən müəllimi, fəlsəfə elmləri namizədi, dosent R.Seyidovun, baş müəllim B.Əskərovun həbs edilməsindən acınacaqlı fakt kimi söz açan Heydər Əliyevin növbəti məlumatı plenum iştirakçılarına əyan edirdi ki, təzə rəhbər artıq bu sahədə də sahman yaratmaqçün hərəkətə keçib. Heydər Əliyevin Birinci katibliyə başladığı günlər texnikum və ali məktəblərə qəbul imtahanlarının lap astanası idi. Bu gedişatın anatomiyasına artıq DTK-dakı təcrübəsindən yerli-yataqlı bələd olan Heydər Əliyevin ilk göstərişlərindən biri Mərkəzi Komitənin Büro üzvlərinin onun təlimatlarına uyğun olaraq rektorlarla görüşməsi idi: "Vəziyyətin mürəkkəbliyindən narahat olaraq MK Büro üzvləri qəbul imtahanları ərəfəsində ali məktəblərin rektorları və partiya təşkilat katibləri ilə görüşmüş, onların qarşısına vəzifə qoyulmuşdur ki, abituriyentlərin nümunəvi seçiminə görə şəxsən məsuliyyət daşıyırlar və ümid edirik ki, bu iş uğurla başa çatdırılacaq, ali məktəb rektorları onlara həvalə edilən vəzifənin öhdəsindən gələcəklər".
(Bu mübarizə çox sürəcək, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi sonrakı illərdə də davam edəcək. Bu, kökünün kəsilməsi qətiyyən asan olmayan bir ağır xəstəliklə savaş idi. Anarın 1977-ci ildə yazdığı "Şəhərin yay günləri" pyesinin bir ifşaçı xətti də elə qəbul imtahanlarındakı əyintilərlə bağlı idi. Mühafizəkar qüvvələr həmin pyesin səhnəyə gəlişinin yoluna sədd çəkmişdilər, az qala antisovet əsər olduğu təəssüratını yaratmağa çalışmışdılar. Ancaq Heydər Əliyev "Şəhərin yay günləri"nə yol açdı, gəlib tamaşaya baxandan sonra axırda, həmin gündən etibarən ənənəyə çevirəcəyi bir hərəkət etdi: səhnəyə qalxdı, yaradıcı heyəti təbrik etdi və bir müddət sonra pyesi Dövlət mükafatına da layiq gördü.
Bütün bunlar baş verəndə 1970-ci illər bitirdi, hələ də ali məktəblərə qəbullarda rüşvət də tamam aradan getməmişdi, başqa oxşar sapmalar da gözə dəyməkdəydi. Elə bircə bunun özü sovet dönəmində ayrı-ayrı cəmiyyət bəlalarının rişələrinin nə qədər dərinlərə işləməsini, hətta Heydər Əliyev kimi qətiyyətli, iradəli, əzmkar bir şəxsiyyətin belə apardığı ardıcıl xəttin də o fəsadları sona qədər yox edə bilməməsini göstərir və bunun səbəbi də ilk növbədə sistemin özü ilə bağlı idi. Çünki sistemlə əlaqədar qüsurlar metastaz vermiş xərçəng kimidir, onun qarşısını müalicə ilə almaq olmur, gərək azarla bərabər sistem özü də gedə).
Plenumun stenoqramında ara-sıra Heydər Əliyevin nitqindəki müəyyən kəskin keçidlərdən sonra mötərizədə zalın o andakı durumunu dəqiqləşdirən bir kəlmə işlənir: "Zalda canlanma". Ənənəvi, qəlibləşmiş ifadədir. Bəlkə həmin anların daha dəqiq ifadəsi "Zalda səksənmə" olsa idi, daha yerinə düşərdi. Çünki zalda oturanların neçəsi elə Heydər Əliyevin hədəfə aldığı bəd keyfiyyətlərin daşıyıcıları idilər. Heydər Əliyev gündəlik həyatda adi normaya çevrilmişlərdən, amma dilə gətirilməyənlərdən danışırdı: "Mərkəzi Komitəyə və respublikanın digər orqanlarına (təbii ki, ilk növbədə daha çox etibar etdiyi DTK-nı nəzərdə tutur) çoxlu müraciətlər daxil olur ki, bəzi dövlət idarələrində, milisdə, məhkəmələrdə, prokurorluqda, ali məktəblərdə, hətta xəstəxanalarda bu və ya digər məsələnin həlli üçün müəyyən şirinlik tələb edilir. Başqa sözlə - rüşvət. Rüşvət bizim bütün siyasi və iqtisadi işimizə ciddi ziyan vuran böyük ictimai bəladır. Təəssüf ki, ayrı-ayrı rəhbər işçilər onlara tabe olan qurumlarda rüşvətxorluqla qəti mübarizə apara bilmir, bu mövzuda səmərəsiz söhbətlərlə məşğul olurlar. Bizim vəzifəmiz yalnız günahkarları cəzalandırmaq, inzibati tədbirlər görməkdən ibarət deyil".
Rüşvətxorluğa qarşı hamılıqla mübarizəyə çağıran Heydər Əliyev o gün əslində müharibə elan edirdi: "Azərbaycan KP Mərkəzi Komitəsi bu bəla, bu xəcalətverici təmayüllə amansız mübarizə aparacaq" (Mərkəzi Komitə, yəni Heydər Əliyev, onun müəyyən etdiyi xətt. Mərkəzi Komitə də, respublikada rüşvətxorluq da Heydər Əliyevin Birinci katib olmasından əvvəl də vardı).
...Plenum Vladimir Leninin 100 illiyi ilə əlaqədar görülən və görüləsi işlərə həsr edilmişdi və məruzəçi yenə qayıdır Leninə. Xatırladır ki, Lenin kadrların hazırlığı, onların səviyyəli olmasına diqqətin artırılmasını hər zaman vurğulayırdı.
Lenindən bu qədər yetər. Bu ipucundan istifadə edib yenə plenum iştirakçılarının xeylisini hövlləndirən mövzunu başlayır: "Respublikada elmi kadrların hazırlanması məsələsindən bəhs etmək istəyirəm. Bizdə son dövrdə elmin inkişafını və texniki tərəqqini təmin etməli olan, intellektual avanqard sayılan elmlər namizədləri və elmlər doktorlarının sayı artmaqdadır. Elmlər doktorlarının miqdarı son 4 ildə 286-dan 507-yə qalxıb. Bu, çox yaxşıdır. Elmlər namizədlərinin sayı 2678-dən 4515-ə çatıb. Heyrət doğuran rəqəmlərdir. Ancaq bu nisbətlərin nəticə etibarı ilə yaxşılığı-pisliyi haqqında o halda qəti yəqinlik hasil etmək olardı ki, bu namizədlik və doktorluq dissertasiyalarının tələb olunan səviyyədə yerinə yetirilib-yetirilmədiyini bilək və müəyyən edək ki, onlar elmə hər hansı töhfə veribmi".
Gəlir aspirantura məsələsinin üstünə və bu mövzuya da səbəbsiz toxunmur. Bir tərəfdən aspiranturada təhsilə diqqətin artırılmasının vacibliyini, əsl elmi araşdırmalara, alimliyə aparan yolun ilk növbədə aspiranturadan keçdiyini önə çəkir və bir sıra elmə dal qapıdan girənlərin də aspiranturadan yan keçərək müdafiələr etməsindən narahatlıq və narazılığını ifadə edir: "1968-ci ildə aspiranturanı 481 nəfər bitirməli idi. Onlardan vur-tut 26-sının müdafiəsi olub və yalnız 160-ı dissertasiyasını təqdim edib. Ancaq eyni zamanda ötən il aspiranturada oxumadan bundan iki dəfə yarımdan da çox adam müdafiə edib. Beləliklə, adamlar istehsalatda, sənayedə, inşaatda, kənd təsərrüfatında, nəqliyyatda çalışmaqla təcrübələrini elmlə zənginləşdirir, dissertasiya müdafiə edirlər. Ancaq son vaxtlar nazirliklərin və idarələrin, iri sənaye müəssisələrinin, kənd təsərrüfatı, nəqliyyat qurumlarının bir çox rəhbər işçiləri, eləcə də partiya və sovet təşkilatlarında rəhbər vəzifə tutanlardan bir çoxları aspirantura keçmədən dissertasiya müdafiə ediblər".
Heydər Əliyev sadəcə rəqəmləri, faktları sadalamır, müdafiə edilmiş dissertasiyaların necə müdafiə edilməsi, hansı səviyyədə olması məsələsinə də toxunur. Bunları həm də çekist olan, məlumatlarının qaynaqları yetərincə geniş Heydər Əliyev söyləyirdisə, demək, əlində sübutları, dəlilləri vardı: "Etiraf etmək lazımdır ki, dissertasiya müdafiələri bir çox hallarda heç də vicdanla gerçəkləşmir. Bir çox yoldaşlara, yəqin ki, SSRİ ali və orta ixtisas təhsili naziri Yelyutinin ötən il Azərbaycan KP MK-sına məktub göndərərək respublikada yerinə yetirilmiş bəzi dissertasiyaların lazımi nəzəri səviyyədə olmamasını yazması, məktuba da 182 səhifəlik mənfi rəylərin əlavə edilməsi məlumdur. Həmin işlərin səviyyəsi haqda o rəylərdən parçalara diqqət yetirməklə təsəvvür əldə etmək mümkündür. Məsələn, yazılır ki, işin heç bir elmi və praktik əhəmiyyəti yoxdur. Yaxud başqa bir ifadə: "Müəllifin bir sıra mülahizələri onun bisavadlığını göstərir. İş sıravi müəllim məruzələri səviyyəsində yazılıb".
Heydər Əliyev vətənpərvər bir insan kimi belə həqarətli qiymətverməni ən əvvəl Azərbaycana qarşı hörmətsizlik kimi qavradığını gizlətmir: "Görürəm ki, təəccüblənirsiniz. Həqiqətən də, elmi dərəcə almaq üçün təqdim edilmiş dissertasiyaya bu cür çox məhvedici qiymətin verilməsi təəccüblüdür. Elmi müəssisələrin rəhbərləri hara baxır? Niyə elmi-tədqiqat institutlarının, ali məktəblərin, akademiyanın və digər qurumların rəhbərləri prinsipsizlik nümayiş etdirirlər? Niyə onlar belə ciddi nöqsanlı işləri buraxırlar? Axı buna elmdə yol vermək olmaz, yoldaşlar!"
Və gəlir zaldakıların bir çoxunun, onların ardınca da sabah bu plenumda deyilmişlərin sorağını alanların canına vəlvələ salacaq mətləb üzərinə: "Bəzi rəhbər işçilər ki, ola bilsin, onların çoxu bəlkə də buradadırlar, rəhbər vəzifəyə yüksələn kimi daha çox dissertasiya haqqında düşünməyə başlayırlar. Elə adamlar var ki, tutduğu vəzifədə namizədlik dissertasiyasını müdafiə etməyə imkan tapır, ardınca da fəal şəkildə doktorluq dissertasiyasına doğru addımlamağa başlayır".
Və bu stenoqramın həmin cümlələrindəndir ki, mötərizədə "Zalda hərəkətlənmə" yazılıb. Növbəti cümlələrsə o narahat hərəkətlənməni, yəqin ki, soyuq tərlə əvəz edir: "Rəhbər işçilər arasından olan dissertantların hazırladıqları dissertasiyaları həqiqətən özləri hazırlamış olsalar, bu, ya dissertasiyaya zərər vuracaq, ya da onların əsas işinə. Adətənsə bu, daha çox onların əsas işinə ziyandır. Çünki onlar dissertasiyaya daha artıq diqqət ayırırlar. Ona görə də belə yoldaşlara açıq deyirəm: ikisindən birini seçin - ya dissertasiya, ya da sizə həvalə edilmiş əsas vəzifənizdəki işiniz. Açıq danışaq, belə yoldaşların çoxu dissertasiyanı heç özləri də yazmırlar, bu işə institutlardan alimləri cəlb edirlər. Həmin alimlər də bu qəbil dissertasiyaları hazırlayarkən adətən şəxsi maraq güdürlər. Bütün bunlarsa nəticə etibarı ilə kadrlarımızın çürüməsinə, dəyərsizləşməsinə gətirib çıxarır.
Qoy yoldaşlarda elə güman yaranmasın ki, biz elmin əleyhinəyik. Qətiyyən yox! Biz elmin inkişafının tərəfdarıyıq. Partiya, sovet, təsərrüfat işçilərinin də arasında istedadlı, vergili insanlara rast gəlinər ki, rəhbər vəzifə tuta-tuta elmlə də məşğul ola bilərlər. Ancaq bu, istisnalar təşkil edər".
Və iti sözlü, istənilən gərgin məqamda da yumor hissini qeyb etməyən Heydər Əliyev bu ağır söhbəti də incə zarafatla yekunlaşdırır: "Amma öz aramızdır, bu sahədə istisnanı da rəhbər vəzifə tutub dissertasiya yazmayanlar təşkil edir".
Yəni təxminən ucdantutma hamısı yazır (və yaxud yazdırır).
Heydər Əliyev sözünü zarafatla bitirir, amma hər kəs də gözəlcə dərk edir ki, bu gün söylənən mətləblərlə bundan sonra daha zarafat etmək olmaz!
...1979-cu ilin 18 noyabrında Sovet İttifaqının ən oxunan və ən sevilən qəzetlərindən olan "Literaturnaya qazeta"da dərc edilən, sərlövhəsinə dahi Nizami Gəncəvinin misrası çıxarılmış intervü Azərbaycanda sevinc, iftixar duyğusu doğurmaqla yanaşı, SSRİ-nin də ən müxtəlif guşələrində görünməmiş həssaslıqla qarşılandı. Bizdə o müsahibəyə belə münasibətin olması anlaşılan idi - qəzet əməkdaşının müsahibi Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyev idi. Bəs İttifaqın ən müxtəlif səmtlərindən Moskvaya, redaksiyaya məhz bu yazı ilə bağlı məktubların göndərilməsinin səbəbi nə idi? Hələ adamların bir-birinə və qəzet-jurnallara məktublar yollamaq vərdişi yerindəydi, sevimli "Litqazeta"ya da adətən az yazmırdılar. Ancaq budəfəki reaksiyanın "görünməmiş"liyi onda idi ki, məktublar tək-tək yox, axın-axın gəlirdi.
Və bu yaddaşını da mənimlə həmin məqalə dərc edilən çağda Mərkəzi Komitənin ideologiya üzrə katibi işləyən Həsən Həsənov bölüşüb. Deyir, "Literaturnaya qazeta"nın baş redaktoru Aleksandr Çakovski zəng vurdu ki, Həsən, o müsahibə bizi işə salıb. Nə aşağıdakılara dinclik verir, nə yuxarıdakılara. Məktublar dənə-dənə yox, kisələrlə gəlir. İstəyirsiniz göndərək sizə. Həsən müəllim soruşur ki, axı bir başa sal, nə məsələdir, nə yazırlar o məktublarda, nə istəyirlər?
"Nə istəyəcəklər?! Rusiyanın ən müxtəlif regionlarından yazırlar ki, ya Əliyevi göndərin buraları da düzəltsin, ya da bizə o cür bir rəhbər təyin edin".
Həsən müəllim bunu da söyləyir ki, həmin intervü əslində 1969-cu ildə Heydər Əliyevin Mərkəzi Komitənin Birinci katibi seçiləndən sonra keçirdiyi ilk plenumun 10 illiyinə həsr edilmişdi. Azərbaycana rəhbərliyinin 10 ili tamam olanda ona Sosialist Əməyi Qəhrəmanı adı verildi, üstündən bir qədər keçəndən sonra da "Literaturnaya qazeta"dan gəldilər ki, 10 il qabaqkı plenumun izi ilə bir söhbət edək. Heydər Əliyev də respublikanı idarə etməyə başladığı ilk dövrdə atdığı əvvəlinci əsas addımlar nə olmuşdu, hansı qəlibləri sındırmışdı və indiyədək də o xətti necə davam etdirir, hansı işləri görür kimi məsələlərdən danışmışdı. SSRİ böyük olsa da, dərdlər, ağrılar, sıxıntılar, həyatın ayağından dartan əngəllər eyni idi və bu üst-üstə qalaqlanan çətinliklər o yekəlikdə SSRİ-ni edirdi hamının müştərək qayğıları yaşadığı balaca ortaq məkan. Ömründə-günündə yenilik, işıq görməyi diləyənlərsə bu müsahibədə ümid işartıları sezmişdilər, ona görə başlamışdılar ürəklərini "Literaturnaya qazeta"ya yönəltdikləri məktublara boşaltmağa. Hələ insanların məktublar yazmaqla da hansısa canayatan dəyişikliklərə nail olacaqlarına inandıqları, əslində hərdən elə nail də olduqları əyyamlar idi...
Ancaq bu əhvalatda diqqətəlayiq olan əsas məqam budur ki, Azərbaycanda sağaldılmasına hələ 10 ildən də öncə başlanılmış nə qədər ictimai kəm-kəsir Sovet İttifaqının dörd bucağında həllinə heç cəhd edilməmiş müşküllər kimi hələ də qalırdı və zavallı insanlar da bu dərdlərə əncam çəkəcək Ağ Atlı Oğlan intizarındaydılar...
...O sözləri ki Heydər Əliyev o gün - 1969-cu ilin 5 avqustunda, Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərliyə başladığı yolun əvvəlində deyirdi, o danışan zamanın indiki ucalığından baxaraq gördüyümüz, nəhəngliyi onillər ötdükcə bütün misilsizliyi ilə aşkara çıxacaq Böyük Heydər Əliyev deyildi.
Hansı qüdrətin sahibi olduğu hələ insanlara görsənməmiş, cəmi-cümlətanı 22 gün əvvəl hakimiyyətə gəlmiş cavan bir insan idi.
Ancaq elə o vaxt da Böyük imiş!
Həmin yığıncağa dəvətlilərin hamısı iclasa gələndə özgə bir Heydər Əliyevi görmüşdü. Bir neçə saat keçincə, toplantı sona çatanda onların gördüyü tamam fərqli Heydər Əliyev idi. Dağılışırdılar, hər birinin içərisi suallarla dolu idi. Ancaq bir cavab hamısına aydın idi: məhz bu gün bu insanla Azərbaycanda ayrı bir tarix başlanır!..
Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik