Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Teymur Kərimlinin “Heydər Əliyev və klassik irs” kitabı işıq üzü görüb
01.05.2023 17:02
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimlinin “Heydər Əliyev və klassik irs” kitabı işıq üzü görüb

AMEA Rəyasət Heyəti və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının müvafiq qərarları ilə akademik Teymur Kərimlinin “Heydər Əliyev və klassik irs” adlı monoqrafiyası çapdan çıxıb.

Əlyazmalar İnstitutun baş direktoru, akademik Teymur Kərimli monoqrafiyada Ulu Öndər Heydər Əliyevin Azərbaycan klassik irsinə sevgi və qayğısından, bu irsin öyrənilməsi, tədqiqi və təbliği istiqamətindəki unudulmaz fəaliyyətindən bəhs edib. Kitabda Ümummilli Liderin müxtəlif səviyyəli dövlət tədbirlərindəki çıxışlarından, ziyalılarla görüşlərində səslənən nitqlərindən, imzaladığı mühüm fərman və sərəncamlarından nümunələr gətirilərək onun klassik mədəni irsimizin böyük hamisi olduğu diqqətə çatdırılıb. Həmçinin monoqrafiyada Ulu Öndərin Azərbaycan yazılı abidələrinə, ələlxüsus əlyazma irsimizə qayğısı, onun Respublika Əlyazmalar Fondunun xüsusi elmi tədqiqat institutu statusu almasında və müəssisənin maddi-texniki bazasının yüksəldilməsindəki rolu və başqa xidmətləri xüsusi vurğulanıb.

Yüksək paleoqrafik keyfiyyətdə nəşr olunan kitabda böyük tarixi şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönəmdə Əlyazmalar İnstitutuna ziyarətini və “Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsinin faksimilesini hədiyyə etməsini əks etdirən nadir fotolar, akademik Teymur Kərimlinin Ulu Öndərin anadan olmasının 98-ci ildönümünə həsr etdiyi “Heydər doğulub” başlıqlı qəzəli də yer alıb.

Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş sözügedən kitab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr olunub. Qeyd edək ki, yeni nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, redaktoru Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: