AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Elmi şuranın xüsusi iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov, Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Elmi şuranın üzvləri və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin 100 illik yubileyi münasibətilə nümayiş etdirilən kitab və foto sərgisi ilə tanış olublar.
İclası giriş sözü ilə Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə açaraq Ulu Öndərin hakimiyyəti dövrünü xarakterizə edən mühüm siyasi məqamları diqqətə çatdırıb. Natiq bildirib ki, iqtisadiyyatı inkişaf etdirib güclü dövlət quruculuğuna nail olmaq pinsipinə əsaslanan siyasət Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən idi. Akademik bildirib ki, uzaqgörən rəhbər gəncləri respublikadan kənarda nüfuzlu ali təhsil müəssisələrində təhsilə cəlb etməklə ölkənin hərtərəfli gələcək inkişafına töhfə verməyi nəzərdə tuturdu və bu, indi ölkə həyatımızda qürurla xatırlanır.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlər, ordu quruculuğu, elm və təhsil, yaradıcı insanlara qayğı, vətəndaş təəssübkeşliyi və digər istiqamətlərdə gördüyü əvəzolunmaz işlərdən söz açıb. Akademik vurğulayıb ki, Ulu Öndər Azərbaycanda yeni tarix yaratdı, qurduğu təməl pinsiplərlə aparılan fəaliyyətin yüksək nəticələri öz bəhrəsini daim göstərir. Onlardan yalnız biri - 44 günlük müharibədə qazanılan qələbə deyilənlərə bariz nümunədir.
AMEA rəhbəri çıxışında Elmlər Akademiyasının hazırda yeni təşkilatlanma prosesi yaşadığını da diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli daha sonra akademik Akif Əlizadəyə ölkəmizdə elmin və təhsilin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanını təqdim edib.
Sonra çıxış edən akademik Ziyad Səmədzadə Heydər Əliyevin nəinki Azərbaycanın, eləcə də keçmiş SSRİ-ni iqtisadi həyatına və problemlərinə yaxından bələd olduğunu faktlarla təsvir edib, eyni zamanda onun strateji tədbirlərindən nümunələr gətirib. Z.Səmədzadə bildirib ki, 90-cı illərdə borcunu qaytarmağa imkanı olmayan Azərbaycan bu gün strateji valyuta ehtiyatına malikdir, həm də artıq borc verə bilən ölkə kimi tanınır.
Akademik Yaqub Mahmudov isə Heydər Əliyevin ölkəsinin, onun vətəndaşlarının daim təəssübkeşi olduğunu, millətlərin içində öz millətini tanıtmağa çalışdığını və bunu uğurla bacardığını deyib: “Ulu Öndərin ümumxalq etibarından başqa heç bir dayağı olmayıb. Ona görə də dahi şəxsiyyətin 100 illik yubileyi ümumxalq bayramı kimi qeyd olunur”.
İclasın sonunda Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zöhrab Əliyevin çıxışı dinlənilib və Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında video nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.