Heydər Əliyev və türk dünyası geniş bir mövzu olaraq, Azərbaycan xalqının ümummilli liderinin ayrı-ayrı türk dövlətləri və xalqları ilə çoxcəhətli əlaqələrini özündə cəmləşdirir. Heydər Əliyevin türk dünyası ilə siyasi, diplomatik, iqtisadi, sosial, hərbi sahələri əhatə edən çoxcəhətli fəaliyyətində elm, təhsil, ədəbiyyat və incəsənət istiqamətlərinin də özünəməxsus yeri və əhəmiyyəti vardır. Heydər Əliyevin türk dünyası ilə əlaqələrində ədəbiyyatla bağlı xüsusi məqamlar var.
Hadisələr göstərdi ki, Heydər Əliyev hələ sovet hakimiyyətinin Türkiyə Cümhuriyyəti ilə əlaqələrinin ən çətin və gərgin olduğu XX əsrin yetmişinci illərində qardaş ölkənin o zamankı tanınmış dövlət xadimi Süleyman Dəmirəllə ünsiyyət yaratmış və dostluq münasibətlərini çətin də olsa davam etdirmişdir. Çətin günlərin dostluğu Azərbaycanın dar günlərində yenidən üzə çıxmış, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının erməni işğalından xilas edilməsində və Qarabağ məsələsinin həlli proseslərində Azərbaycan üçün son dərəcə faydalı olmuşdur. Türkiyə Cümhuriyyətinin Cümhur başqanı Süleyman Dəmirəlin özünün xüsusi təyyarəsi ilə Naxçıvana gəlib, burada böyük və etibarlı dostu Heydər Əliyevlə birlikdə işğalçı Ermənistana sərt bəyanatlar səsləndirməsi XX əsrin doxsanıncı illərinin mürəkkəb dövründə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmişdir.
Süleyman Dəmirəlin Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində salınmış Ümid körpüsünün açılışı mərasimində Heydər Əliyevlə birlikdə iştirak etməsi və nitq söyləməsi təkcə Azərbaycan üçün yox, türk dünyasından ötrü son dərəcədə əhəmiyyətli hadisə idi. Türk dünyasının iki nəhəng liderinin 28 may 1992-ci il tarixdə Araz çayı üzərində açdıqları Sədərək-Dilucu Ümid körpüsü yalnız Azərbaycanla deyil, bütün türk dünyası ilə Türkiyəyə əhəmiyyətli bir qapının açılması deməkdir. Vaxtilə Mustafa Kamal Atatürkün qızıl pula aldığı Aralıq Dilucundakı 11 kilometrlik quru sərhəd ərazisi təxminən 70 ildən sonra həm Türkiyə və türk dünyası və həm də Azərbaycan-Naxçıvan üçün mühüm strateji əhəmiyyətə malik bir faktora çevrilmişdir. Ümumiyyətlə, Heydər Əliyev-Süleyman Dəmirəl münasibətləri Azərbaycan-Türkiyə əlaqələrində xüsusi bir mərhələ təşkil edir. Bu tarixi mərhələnin ayrıca tədqiq edilib araşdırılmasına ehtiyac vardır.
İkincisi, Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətləri və bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edən Böyük Millət Məclisində səsləndirdiyi "Bir millət, iki dövlət" düsturu üzərində dayanmağı zəruri hesab edirəm. Əlbəttə, "Bir millət, iki dövlət" gerçəkliyi, hər şeydən əvvəl, Azərbaycan-Türkiyə münasibətlərinin tarixini və müasir əhəmiyyətini çox dəqiq ifadə edən, atalar sözü kimi səslənən müdrik bir aforizmdir. Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı qısa vaxtda inkişaf edərək Azərbaycan-Türkiyə münasibətlərində strateji xarakterli müttəfiqliyə qədərki bütün istiqamətləri əhatə edən bir düstura çevrilmişdir. Biz İkinci Qarabağ müharibəsində "Bir millət, iki dövlət" prinsipinin nə qədər böyük əhəmiyyətə malik olduğunu əyani şəkildə görə bildik. "Bir millət, iki dövlət" düsturu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Tayyib Ərdoğanın 15 iyun 2021-ci ildə işğaldan azad olunmuş Şuşa şəhərində imzaladıqları məşhur "Şuşa Bəyannaməsi" ilə dövlətlərarası münasibətlərin inkişafını tənzimləyən və istiqamətləndirən beynəlxalq əhəmiyyətə malik olan diplomatik hadisə səviyyəsinə yüksəldilmişdir.
Müasir dövrdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğanın birliyi və həmrəyliyi türk dünyasının böyük gələcəyinin əsas təminatı deməkdir. Artıq Heydər Əliyevin böyük uzaqgörənliklə ifadə etdiyi "Bir millət, iki dövlət" gerçəkliyi türk dünyasında sürətlə genişlənməkdə olan inteqrasiyanın nəticəsində "Bir millət, iki dövlət"ə doğru inkişaf etməkdədir.
Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində Qazaxıstanda və Özbəkistanda baş verən gərgin hərbi-siyasi hadisələr zamanı Siyasi Büro səviyyəsində qazax və özbək xalqlarının mənafelərini müdafiə etməsi bütün tərəfləri ilə bir sırada həm də onun ortaq türk köklərinə bəslədiyi yüksək münasibətin ifadəsidir. Heydər Əliyevin türk xalqlarına münasibəti müasir dövrün hadisələrindən ortaq folklor abidələrinə qədərki geniş mənaları əhatə edir.
Türk dünyasının ortaq dəyərlərinə xüsusi ehtiram bəsləmiş dahi şəxsiyyətin "Kitabi-Dədə Qorqud", "Manas", "Koroğlu" kimi folklor abidələrinə böyük ehtiramla yanaşması nəticə etibarilə onun ortaq türk köklərinə inamının və etibarının ifadəsi idi. Qırğız xalqının qədim folklor abidəsi olan "Manas" dastanının 1000 illiyi münasibətilə 28 avqust 1995-ci ildə Qırğızıstanda keçirilən tədbirlərdə iştirak edərkən ifadə etdiyi aşağıdakı sözlər Heydər Əliyevin ortaq türk dəyərlərinə nə qədər dərindən bələd olduğunu və həmin dəyərlərə hansı mövqedən yanaşdığını əyani surətdə göstərir. "Manas" qırğız xalqının müdrikliyinin rəmzidir. "Manas"… bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, İslam dünyasının böyük mənəvi sərvətidir.
"Manas" eyni zamanda Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının da mənəvi-mədəni sərvətidir. "Manas" bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır".
Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında Fərman imzalaması və bu möhtəşəm ədəbi abidənin dünyada tanıdılması üçün UNESCO səviyyəsində və Türk Dövlətləri Başçılarının Zirvə toplantısı miqyasında tədbirlər keçirməsi təkcə ölkəmizdə yox, bütövlükdə türk dünyasında milli-mənəvi özünüdərk, soykökə qayıdış baxımından son dərəcə əhəmiyyətli hadisədir. Heydər Əliyev "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi vasitəsilə türk dövlətləri arasında ədəbi-mədəni və elmi əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etməyin böyük nümunəsidir.
Heydər Əliyev qazax xalqının böyük oğlu, qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin 9 avqust 1995-ci ildə Almatı şəhərində keçirilən 150 illik yubileyində iştirak etmiş və çıxış edərək bu böyük mütəfəkkir haqqında ürək sözlərini bildirmişdir. Ulu öndər "Manas" kimi, qazax xalqının fəxri olan Abayı da bütün bəşəriyyətə, o cümlədən də Azərbaycan xalqına məxsus olan qüdrətli sənətkar, böyük maarifçi-mütəfəkkir olaraq səciyyələndirmişdir. O, eyni zamanda, türk xalqları arasında başlanan inteqrasiyanın genişlənməkdə olduğunu nəzərdə tutaraq, "belə hesab edirəm ki, Abayın bayramı məhz onun bu gün həyata keçən ideyalarının bayramıdır" - sözləri ilə yeni tarixi şəraitdə "suveren dövlətlər kimi geniş inkişaf yoluna çıxmış" türk respublikalarının birlikdə irəliləyib inkişaf edəcəyinə dərin inamını ifadə etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin qazax xalqının böyük klassiki Abay Kunanbayevin yubileyi mərasimində türk xalqlarının inteqrasiyasına "Abayın, xalqlarımızın böyük övladlarının qoyub getdikləri irs zəminində" qiymət verməsi onun diqqəti qarşılıqlı əlaqələrdə ortaq tarixi keçmişlə müasir dövrdə birgə fəaliyyətin üzvi surətdə əlaqələndirilməsinin əhəmiyyətinə bəslədiyi inamın göstəricisidir: "Keçmişdən bizə irs qalan hər şeyin, böyük Abayın, xalqlarımızın böyük övladlarının qoyub getdikləri irs zəminində mədəniyyətimizi, elmimizi, iqtisadiyyatımızı inkişaf etdirmək və xalqımızı xoşbəxtliyə və firavanlığa çıxarmaq üçün irəliləyəcəyik".
Bu mənada Heydər Əliyev və Çingiz Aytmatov türk dünyasının qoşa qanadlarıdır. Türk dünyası XX əsrdə dünya siyasətində Heydər Əliyevlə, dünya ədəbiyyatında isə Çingiz Aytmatovla təmsil olunmuşdur. Dünya miqyaslı bu böyük şəxsiyyətlərin bir-biriləri haqqındakı fikirləri obyektiv qiymətin ifadəsi olmaqla bərabər, onların fəaliyyətləri və xidmətlərinin dərin mənasını və mahiyyətini bütün reallıqları ilə əks etdirir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Çingiz Aytmatovun ədəbiyyat sahəsindəki xidmətləri və böyük qırğız yazıçısının ədəbi şöhrəti haqqındakı sözləri onun dünya ədəbiyyatı və ictimai fikrinin inkişafındakı rolunu ümumiləşdirilmiş şəkildə canlandırır. Heydər Əliyevin dərin mənalı sərrast fikirlərində Çingiz Aytmatov sənətinin yeri və mahiyyəti dahiyanə şəkildə ifadə olunmuşdur: "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də türk dünyasının fəxridir".
Eyni zamanda, Çingiz Aytmatovun da ulu öndər Heydər Əliyev haqqındakı fikirləri özünün dərin mənası və əhatə dairəsi etibarilə sanki böyük bir romanın tezisləri təəssüratı yaradır. Çingiz Aytmatovun uzun illər ərzində apardığı müşahidələr əsasında formalaşdırdığı fikirlər Heydər Əliyevin siyasi tərcümeyi-halının ana xətlərini və xidmətlərini romanlarda olduğu kimi, canlı və əyani şəkildə mənalandırır. Heydər Əliyevin həyatı həqiqətən də XX əsrin 30-cu illərindən XXI əsrin başlanğıcına qədərki epoxanın bütün keşməkeşlərinin və mübarizələrinin epopeyasıdır. Bu baxımdan müqayisə üçün deyək ki, dünyanın görkəmli dövlət və elm xadimlərindən heç kəs Heydər Əliyevin keçdiyi məsuliyyətli və şərəfli yolun qiymətini və ulu öndərin yeni epoxadakı funksiyalarını Çingiz Aytmatov qədər bütün təfərrüatları ilə birlikdə əks etdirə bilməmişdir. Çingiz Aytmatovun Heydər Əliyev haqqındakı fikirlərində dərin yazıçı müşahidələri ilə həm də siyasətçi olan mütəfəkkir şəxsiyyətin siyasi baxışları vəhdətdə ifadə olunmuşdur. Bu mənada Çingiz Aytmatovun aşağıdakı fikirləri görkəmli dövlət xadimi Heydər Əliyevin çətin, keşməkeşli və şərəfli taleyini bütün təfərrüatları və genişliyi ilə birlikdə əks etdirir: "Heydər Əliyev həqiqətən də tarixi və əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında, xeyli çətinləşmiş dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.
Heydər Əliyev və onun yoldaşlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir".
Göründüyü kimi, Heydər Əliyev və Çingiz Aytmatovun fikirlərində bu böyük şəxsiyyətlərin həm dünya, həm də mənsub olduqları xalqlar miqyasında rolu və xidmətləri ümumiləşdirilmiş şəkildə əks etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXI əsrin lideri kimi Çingiz Aytmatovla dialoqu davam etdirmişdir. Prezident İlham Əliyevin 25 fevral 2008-ci il tarixdə Çingiz Aytmatovu "Dostluq" ordeni ilə təltif etməsi bu böyük söz ustadına müstəqil Azərbaycan dövlətinin yüksək münasibətini nəzərə çarpdırmışdır. Dövlət başçımız, eyni zamanda Çingiz Aytmatovun xidmətlərini dəyərləndirərkən onun Azərbaycanla, ulu öndər Heydər Əliyevlə olan münasibətlərinin də mühüm faktor olduğunu nəzərə çatdırmışdır: "Siz həmişə, bütün dövrlərdə Azərbaycanın dostu olmuşsunuz. Bu, sovet dövründə də belə olub, müstəqillik dövründə də… Çətin anlarda Siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünüzü demişsiniz".
Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatov isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik fəaliyyətini yüksək dəyərləndirərək Azərbaycan rəhbərliyini "qloballaşan dünyanın lider etalonu" adlandırmışdır.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti sayəsində 2008-ci ilin fevral ayında Bakı şəhərində "Çingiz Aytmatov həftəsi" keçirilmişdir. Bundan başqa, Azərbaycanda Çingiz Aytmatovun həyatı və yaradıcılığı haqqında qiymətli elmi əsərlər yazılıb nəşr edilmişdir. Mübaliğəsiz demək olar ki, Azərbaycan dünya aytmatovşünaslığının əsas mərkəzlərindən biridir.
Beləliklə, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovla Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin səmimi və etibarlı dialoqu türk dünyasında dövlət başçısı və yazıçı münasibətlərinə ən parlaq nümunə ola bilər. Müstəqil Azərbaycan dövlətinin rəhbərlərinin Çingiz Aytmatovun şəxsiyyətinə və yaradıcılığına bəslədikləri yüksək münasibət ümumiyyətlə, geniş mənada dövlət və ədəbiyyat münasibətlərinə, yaxud dövlətin ədəbiyyat siyasətinə əhəmiyyətli bir örnək sayılmağa layiqdir.
Heydər Əliyev və türk dünyası mövzusu ətrafında düşünərkən ulu öndərin görkəmli qazax yazıçısı və mütəfəkkiri Oljas Süleymenovla münasibətlərindən söz açmamaq olmaz. Hələ sovet hakimiyyəti illərindən Azərbaycan Sovet Respublikasının rəhbəri ilə şəxsən tanış olan Oljas Süleymenov o dövr üçün səciyyəvi olmayan problemləri əks etdirən "Az i Ya" əsəri ətrafında Sovetlər İttifaqının rəsmi siyasi-ideoloji dairələrində müzakirələr aparılarkən Siyasi Büronun üzvü Heydər Əliyevin dəstəyi ilə onu gözləyən real təhdidlərdən xilas ola bilmişdir. Oljas Süleymenov görkəmli dövlət xadimi Heydər Əliyevi özünün ən böyük müəllimi və ustadı hesab edir. Azərbaycanın böyük dostu Oljas Süleymenovun 20 yanvar 1990-cı il hadisələrində Azərbaycana gələrək, ölkəmizdə baş verən hadisələr haqqındakı informasiyaları dünya ictimaiyyətinə çatdırması türk dünyası ziyalıları üçün əsl nümunə sayılmalıdır.
Oljas Süleymenovun aşağıdakı sözləri onun Heydər Əliyev fenomeninə bəslədiyi xüsusi münasibəti aydın surətdə mənalandırır: "Böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevi ata qədər sevmiş, fəaliyyətini həmişə dəyərləndirmişəm. Heydər Əliyev dahi şəxsiyyətdir. XX əsrdə Avrasiyada dövlət ideyalarını inkişaf etdirən bu nadir şəxsiyyət əlaqələrimizi nəinki Azərbaycanla, həm də türk dünyası ilə bağlayan görkəmli siyasətçilərdən idi. Onun həyatı və dünyagörüşü xalqlarımızın mənəvi dünyasını zənginləşdirdi".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tanınmış qazax yazıçısı və mütəfəkkiri Oljas Süleymenovun ədəbi-ictimai fəaliyyətinə, ölkəmizlə əlaqələrinə yüksək qiymət verir və bu münasibətlərin daha da inkişaf etdirilməsinə qayğı göstərir. Oljas Süleymenovun ölkəmizə hər səfəri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin inkişaf etdirərək möhkəmləndirdiyi Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixi salnaməsinə qiymətli səhifələr əlavə edir.
Göründüyü kimi, ulu öndər Heydər Əliyevin türk dünyası ilə əlaqələri ortaq köklərə malik olan xalqlar arasında siyasi etimad, qarşılıqlı əməkdaşlıq, ədəbiyyatlar və mədəniyyətlər arasında dialoq və sair kimi istiqamətlərdə artıq tarixə çevrilmiş hadisələrdən geniş şəkildə bəhs etməyə imkan yaradır. Hazırda türk dünyasının ortaq problemlərini istiqamətləndirmək, qarşılıqlı əməkdaşlıq, birlik və həmrəylik missiyasını nüfuzlu beynəlxalq təşkilatlar kimi fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və sair kimi qurumlar uğurla həyata keçirirlər. Bütün bunlar isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən arzularının həyata keçirilməsi deməkdir.
İsa HƏBİBBƏYLİ, AMEA-nın prezidenti, akademik
“Respublika” qəzeti