AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, f.ü.f.d., dosent Əkrəm Bağırovun tərtibçisi olduğu Azərbaycan Cümhuriyyətinin Tehrandakı səfiri olmuş Adil xan Ziyadxanın “Qələmin uçuşu. Səyahətnamə. Azərbaycan” kitabının müzakirəsi keçirilib.
Kitabçılıq və Naşirliyin İnkişafına Dəstək İB və “Çapar Yayınları”nın birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutmuş və Azərbaycan Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə birliyin sədri Nigar Sultanlı açaraq kitabın əhəmiyyətindən danışıb. Daha sonra söz kitabın tərtibçilərinə verilib.
Tərtibçi müəlliflər f.ü.f.d., dosent Əkrəm Bağırov və f.e.d., professor Asif Rüstəmli çıxışlarında Adil xanın Azərbaycandakı və İrandakı fəaliyyətindən, çar dövründə Avropaya etdiyi səyahətdən, Cümhuriyyət zamanı yazdığı kitabdan və xatirələrindən bəhs edib, Adil xanın fəaliyyətinin tədqiq edilməsi, arxiv materiallarının toplanmasının zəruriliyindən danışıblar.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətinin qatıldığı müzakirədə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin daha geniş miqyasda tanıdılması baxımından onların qələminə məxsus əsərlərin ayrıca kitab halında nəşr olunmasının əhəmiyyəti vurğulanıb.
Sonra Adil xan Ziyadxanın kitaba daxil edilmiş “Qələmin uçuşu” adlı əsərini fars dilindən tərcümə edən f.ü.f.d., dosent Əkrəm Bağırov, “Azərbaycan” və “Səyahətnamə” əsərlərini ərəb qrafikasından transfoneliterasiya edən f.e.d., professor Asif Rüstəmli kitabla bağlı tələbələri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, yeni nəşrin elmi məsləhətçisi Dilqəm Əhməd, redaktoru Fərhad Kərimli, korrektoru Namiq Hüseynli, naşiri isə Yusif İlhamoğludur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.