Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.05.2023 16:38
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda təhsil müddəti bitmiş doktorant və dissertantlarla görüş keçirilib

Aşqarlar Kimyası İnstitutunda təhsil müddəti bitmiş doktorant və dissertantlarla görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda təhsil müddəti bitmiş, lakin dissertasiya müdafiə etməmiş fəlsəfə və elmlər doktoru hazırlığı üzrə keçmiş doktorant və dissertantlar ilə görüş keçirib.

İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, elmi tədqiqat müəssisələrinin əsas vəzifələrindən biri yüksəkixtisaslı kadr hazırlığından ibarətdir: “Çox təəssüf ki, bir çox hallarda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olunanlar təhsil müddətini başa vurduqdan sonra uzun müddət keçsə də müdafiə etmirlər. Bu isə institutun özünün elmi dərəcə və elmi ada sahib yüksək ixtisaslı kadr təminatında problemlərin yaranmasına səbəb olur”.

Akademik vurğulayıb ki, elmi fəaliyyətini doktorantura və dissertanturada davam etdirən hər bir elmi mütəxəssis elmi işini yüksək səviyyədə yerinə yetirib müvafiq elmi dərəcə qazanmaqla bütövlükdə cəmiyyətə töhfə vermiş olur.

V.Fərzəliyev təhsil müddəti bitmiş doktorant və dissertantların dissertasiya işlərinin hazırlanması, elmi əsərlərin çapı və digər məslələrlə bağlı üzləşdiyi problemlərin həllinə institut tərəfindən müəyyən köməklik göstərilə biləcəyini diqqətə çatdırıb.

İnstitutun icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev bu görüşün zərurət olduğunu vurğulayıb. O qeyd edib ki, xalqımız üçün savadlı, bilikli gənclər yetişməlidir və bunun üçün də gənclər öz üzərilərində işləməlidirlər. O gənclərə hər zaman dəstək olacağını müxtəlif mövzularda doktorant və dissertantlar üçün ayrıca maarifləndirmə seminarın təşkil ediləcəyini bildirib.

Sonra institutun təhsil müddəti əvvəlki illərdə başa çatmış, lakin dissertasiya işlərini müdafiə etməmiş doktorant və dissertantlar yerinə yetirdikləri tədqiqat işlərinin icra vəziyyəti, dissertasiya mövzuları üzrə çap olunmuş əsərlərin sayı, dissertasiya işlərinin yerinə yetirilmə dərəcəsi, işi vaxtında müdafiə edə bilməmələrinin səbəbləri, üzləşdikləri problemlər haqqında geniş məlumat veriblər.

İclasın sonunda qərara alınıb ki, hər bir doktorant və dissertant dissertasiya mövzusu üzrə çap olunmuş elmi əsərlərinin sayı və tərkibi, dissertasiya işinin yerinə yetirilmə dərəcəsini əhatə edən yekun məlumatı hazırlayıb Təhsil şöbəsinə təqdim etsinlər. Eyni zamanda dissertasiya işləri müdafiə ərəfəsində olan doktorant və dissertantların ümuminstitut seminarlarında dissertasiya işi üzrə məruzələri dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: