Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2023 10:50
  • A-
  • A
  • A+

Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib

Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Seminarı açan institutun baş direktoru, akademik Akif Əlizadə bildirib ki, Azərbaycanda palçıq vulkanları alimlərin həmişə diqqət mərkəzində olub. Akademik vurğulayıb ki, sözügedən seminarda “Palçıq vulkanları tullantıları yaşının təyin edilməsində xemostratiqrafik yanaşma” mövzusunda institutun mühəndisi Fuad Əliyevin məruzəsi dinləniləcək. 

Məruzəçi Fuad Əliyev diqqətə çatdırıb ki, onun apardığı tədqiqatlar nəticəsində neytron-aktivləşmə və qamma-spektrometrik metodların köməyi ilə Şərqi Azərbaycanın çökmə süxurları kəsilişində radioaktiv və geokimyəvi parametrlərin variasiyasının korrelyasiyası və tsiklik xarakteri müəyyən edilib, həmçinin Azərbaycanın Orta Yura və Maykop çöküntüləri üçün radioaktivliyin yüksək göstəricilərinin təbiəti öyrənilib. Tədqiqatlar zamanı mikrofaunistik analizdən istifadə edərək tədqiq olunan vulkan brekçiyası və qumdaşı nümunələrinin stratiqrafik yaşı müəyyən olunub və həmin nümunələrdə süxurların geoloji yaşını göstərən fauna aşkar edilib.

Fuad Əliyev vurğulayıb ki, əldə olunan nəticələrə əsasən, Təbaşir yaşlı qumdaşı və vulkan brekçiyası nümunələrinin təbii radioaktivlik qiymətlərinin ən aşağı göstəricilərə malik olduğu təsdiqlənib.

Gənc alimin təqdimatı maraqla dinlənilib, çoxsaylı suallara aydınlıq gətirilib. Təcrübəli alimlərin çıxışlarında səsləndirilən mülahizələrə əsasən Fuad Əliyevə apardığı tədqiqat işində daha faydalı istiqamətlər tövsiyə olunub. 

Qeyd edək ki, dissertant Fuad Əliyev 2015-ci ildən etibarən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Dubna, Rusiya) Neytron fizikası laboratoriyasında TANGRA layihəsi çərçivəsində aparılan tədqiqatlarda fəal iştirak edib. O, hazırda geologiya və geofizika sahələrində neytron-aktivləşmə analizinin imkanlarından istifadə etməklə fəlsəfə doktorluğu dissertasiya işi üzrə tədqiqatlar aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: