Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.05.2023 10:20
  • A-
  • A
  • A+

Gəncə Bölməsində “Heydər Əliyev və Nizami Gəncəvi irsi” mövzusunda dəyirmi masa keçirilib

Gəncə Bölməsində “Heydər Əliyev və Nizami Gəncəvi irsi” mövzusunda dəyirmi masa keçirilib

Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Nizami Gəncəvi irsi” adlı dəyirmi masa keçiriblər.

Tədbirə Şirvan şəhəri 16 saylı orta məktəbin şagirdləri də dəvət olunublar.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar.

Dəyirmi masanı giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları, o cümlədən Şirvan şəhəri 16 nömrəli məktəbin müəllimi Şəhla Məcidova və onun şagirdlərini salamlayaraq, bu tədbirin özünəməxsus maarifçi missiya daşıdığını vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənc nəslə daha dolğun çatdırılması yönündə bu cür görüşlərin olduqca əhəmiyyətli olduğunu bildirib. Akademik F.Əliyev, həmçinin Ulu Öndərin Azərbaycanın inkişafı strategiyasında Gəncə şəhərinə xüsusi diqqət ayırdığını, eləcə də böyük mütəfəkkirimiz Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğinə millətimizin mənəvi qüdrətinin yüksəlişi üçün vacib ideoloji məsələ kimi baxdığına diqqət çəkib.

Dəyirmi masada çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinin müdir əvəzi Süleyman Əliyev, Şirvan şəhəri 16 nömrəli orta məktəbin dil-ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova, Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin nümayəndəsi İlknur İsgəndərova, Gəncə şəhəri 11 nömrəli məktəbin direktor müavini Həqiqət Hacıyeva, Gəncə şəhəri Nizami Muzeyinin direktoru Elşən Hacıyev və AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin millətimiz və dövlətçiliyimiz naminə əzmkar fəaliyyəti, eləcə də onun Nizami Gəncəvinin yaradıcılığı və fəlsəfəsinə həssas münasibətindən danışılıb.

Tədbirə qatılan Şirvan məktəbliləri üçün Gəncənin tarixi və görməyi yerlərinə maraqlı ekskursiya da təşkil edilib.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzində, Nizami Gəncəvi Məqbərəsində, Nizami Gəncəvi Muzeyində, “İmamzadə” dini-tarixi kompleksində, Cavad xan Türbəsində, Gəncə Dövlət Filarmoniyasında, Məhsəti Gəncəvi Mərkəzində, Şah Abbas cümə məscidi və Çökək hamam tarixi memarlıq kompleksində, eləcə də Gəncə şəhərinin raket hücumuna məruz qalan ərazisində olublar. AMEA-nın Gəncə Bölməsinin əməkdaşları tərəfindən məktəblilərə bu əlamətdar yerlər haqda ətraflı məlumatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: