Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.05.2023 12:10
  • A-
  • A
  • A+

Botanika İnstitutu ilə Özbəkistan EA-nın Botanika İnstitutu arasında memorandum imzalanıb

Botanika İnstitutu ilə Özbəkistan EA-nın Botanika İnstitutu arasında memorandum imzalanıb

Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutunun Molekulyar Filogeniya və Biocoğrafiya Laboratoriyasının və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ziyoviddin Yusupov və kiçik elmi işçi Elyor Ortikov Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda olublar.

Səfərin məqsədi Botanika İnstitutu ilə əməkdaşlıq memorandumunun imzalanması, həmçinin Orta Asiya, Qafqaz və Çin florasında yayılmış bitkilərin filogenetik və molekulyar-sistematik tədqiqi olub.

Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva görüş zamanı qonaqlara Botanika İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında məlumat verib və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub. Qonaqlar institutun elmi fəaliyyətini yüksək qiymətləndirərək qarşılıqlı kadr və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Alimlər institutun şöbə və laboratoriyaları ilə tanış olublar. Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin saxlanılma şəraiti və Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərə xüsusi maraq göstəriblər.

Səfər müddətində Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutu və Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu arasında elmi tədqiqat işlərinin aparılmasına dair memorandum imzalanıb. Memoranduma əsasən nadir və endem bitkilərin molekulyar-sistematik tədqiqi, meşə mikologiyası və filogeniya sahəsi üzrə müştərək layihələrin təşkili, birgə tədqiqatların aparılması, kadrların təcrübə mübadiləsi, görüşlər, mühazirələr, simpoziumlar və s. həyata keçirilməsi nəzərdə tutulub.

Botanika İnstitutunda təşkil olunan elmi seminarda Z.Yusupovun təqdimatında özbəkstanlı alimlərin apardıqları tədqiqat işlərinin nəticələrinə dair məruzəsi dinlənilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.

Özbək alimlərlə ölkəmizdə müştərək ekspedisiyalar həyata keçirilib və maraqlı nümunələr toplanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: