Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
01.06.2023 15:45
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra ŞAR-ın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Günay Hacıyeva “HD 207260 (Iae) ulduzunda qeyri-stasionarlıq və kimyəvi tərkib” mövzusunda məruzə ilə çıxış edib.

Seminara təqdim olunan işdə HD 207260 (ν Cep (A2 Iae)) ifratnəhəng ulduzunun 2018-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının 2 metr teleskopunda alınmış spektrləri əsasında Hα xəttinin profilinin dəyişməsi və spektral parametrləri tədqiq olunub. Məruzəçi bildirib ki, Hα xəttinin profillərinin öyrənilməsi nəticəsində aydın olub ki, bu xəttin profili PCyg tiplidir. Aşkar edilib ki, Hα xətti profilinin udulma və şüalanma komponentinin şüa sürəti, həmçinin udulma komponentinin ekvivalent eni sinxron dəyişir. Bu dəyişmə, təxminən 35-40 günlük kvazi-periodla baş verir. Ehtimal olunur ki, udulma və şüalanma komponentlərinin şüa sürətinin və ekvivalent eninin dəyişməsi ulduz atmosferinin döyünməsi nəticəsində ulduz atmosferi ilə ulduzətrafı örtüyün qarşılıqlı təsiri ilə baş verir.

Həmçinin Kuruçun atmosfer modelləri əsasında ν Cep (A2 Iae) ifratnəhəng ulduzunun 05.08.2019-cu ildə R=56000 spektral ayırdetmə ilə alınmış spektrləri əsasında atmosferin kimyəvi tərkibi tədqiq olunub. Aşkar edilib ki, ulduzda karbon elementinin miqdarı Günəşdə olan miqdardan az, azot elementinin miqdarı çox, digər elementlərin miqdarı isə Günəşdə olan miqdara yaxındır. ν Cep ulduzu və Günəş eyni kimyəvi tərkibli maddədən yaranıblar. Təkamül nəticəsində karbon və azot elementlərinin ilkin miqdarında dəyişkənlik olub, digər elementlərin miqdarı isə sabit qalıb. Müşahidədən alınmış bu nəticələr təkamül nəzəriyyəsinin müddəaları ilə üst-üstə düşür. Alınmış bu nəticədən ulduzun nəzəri modelinin qurulmasında istifadə edmək olar.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: