Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.06.2023 15:14
  • A-
  • A
  • A+

Professor İlham Tahirovun 60 illik yubileyi qeyd edilib

Professor İlham Tahirovun 60 illik yubileyi qeyd edilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Hind - Avropa dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İlham Tahirovun 60 illik yubileyi qeyd edilib.

Tədbirdə müəssisənin baş direktoru, professor Nadir Məmmədli çıxış edərək İlham Tahirovun mənalı ömür yolundan, geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan danışıb.  Bildirib ki, professor İlham Tahirov 1963-cü il iyun ayının 8-də Masallı rayonununda anadan olub. 1991 - 1993-cü illərdə Dilçilik İnstitutunun əyani aspirantı olmuş və Azərbaycan dili ixtisası üzrə “Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrində İran mənşəli alınma sözlər” adlı dissertasiyasını uğurla müdafiə edərək 1994-cü ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 2008-ci ildə isə Dil nəzəriyyəsi ixtisası üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1996-2013-cü illərdə Dilçilik İnstitutunun elmi katibi vəzifəsində işləyib. 2019-cu ildən bu günə qədər Hind-Avropa dilləri şöbəsinin müdiridir.

Nadir Məmmədli qeyd edib ki, İlham Tahirov çoxcəhətli elmi-təşkilati fəaliyyətə malik olan müasirimizdir. Alimin “Dialekt leksikasında alınma sözlər” (2004), “Azərbaycan və ingilis dillərində zaman kateqoriyası (2007), “Temporal leksika” (2008), “Azərbaycan dilçiliyi müntəxəbatı, II cild. (2013, həmmüəllif), “Qədim dillər üzrə biblioqrafiya” (2018, kollektiv), “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” (2022) adlı monoqrafiya və kitabları elmi ictimaiyyətə yaxşı məlumdur.

Professorlar Məsud Mahmudov, İsmayıl Məmmədli, Sayalı Sadıqova, Mayıl Əsgərov, icraçı direktor dosent Baba Məhərrəmli, elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva, dosentlər Təranə Şükürlü, Qətibə Mahmudova, Rasim Heydərov və başqaları tədbirdə çıxış edərək İlham Tahirovun yüksək intellektə, geniş dünyagörüşə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğunu vurğulayıb, onun dilçilik elminin inkişafına dəyərli töhfələr verdiyini bildiriblər.

Bildirilib ki, ölkədə elmi kadrların yetişdirilməsində də alimin xidmətləri böyükdür. Dil nəzəriyyəsi, german dilləri, müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisasları üzrə 12 fəlsəfə doktoru və elmlər doktoru dissertasiya işi professor İlham Tahirovun elmi rəhbərliyi və məsləhətçiliyi ilə müdafiə edilmişdir.

Tədbirdə  professor İlham Tahirov 60 illik yubileyi və elm sahəsindəki xidmətlərinə görə Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli tərəfindən fFxri fərmanla təltif olunub.

Sonda şöbə müdiri  İlham Tahirov tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: