Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.06.2023 17:10
  • A-
  • A
  • A+

Türkmənistan Elmlər Akademiyasının əməkdaşları Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar

Türkmənistan Elmlər Akademiyasının əməkdaşları Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar

Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Rəhmanverdi Qodarov və elmi işçi Məqsəd Mərədov AR Mədəniyyət Nazirliyinin Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar.

Muzeyin ekspozisiya zalları ilə tanış olan qonaqlara Türk dünyası ədəbiyyatının bənzərsiz simalarından olan, dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı, əsərlərinin bədii-fəlsəfi əhəmiyyəti və xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib. İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bakıda olan türkmən tədqiqatçılarına, həmçinin muzeyin tarixi, fəaliyyət istiqamətləri, burada həyata keçirilən elmi-tədqiqat işləri, son illərdəki nəşrləri barədə də ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qonaqlara Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının müəllifi olduğu “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası və muzey tərəfindən ayrıca kitab halında nəşrə hazırlanan dramaturqun “Knyaz” və “Uçurum” pyesləri hədiyyə edilib.

Daha sonra Türkmənistan alimləri muzeyin xatirə kitabına ürək sözlərini yazıb, Hüseyn Cavidin portreti fonunda şəkil çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: